Dövlət büdcəsi zərfinə daxil olan sənədlər müzakirə edilib

post-img

Dünən Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında dövlət büdcəsi zərfinə daxil olan 6 qanun layihəsi müzakirə olunub. 

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, “Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında”  qanun layihəsi  “Büdcə sistemi haqqında” Qanunun tələblərinə və digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanıb. Fondun 2024-cü il üçün gəlirləri və xərcləri bərabər olmaqla 6 milyard 919,9 milyon  manat proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsinə nisbətən 651,9 milyon manat və ya 10,4 faiz çoxdur.

"İşsizlikdən Sığorta Fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsi ilə bağlı bildirliib ki, 2024-cü ildə Fondun gəlirləri və xərcləri bərabər olmaqla 238 milyon manat nəzərdə tutulur ki, bu da cari ildəkindən  20,3 milyon manat, yaxud 9,3 faiz çoxdur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsinə uyğun olaraq, 2024cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilir.

“Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən, sığortaolunanın seçim hüququ il ərzində yarandıqda hüququn yarandığı gündən 15 gün ərzində öz seçimi barədə yazılı məlumatı sığortaedənə təqdim edir və məcburi dövlət sosial sığorta haqqının minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından hesablanması seçim hüququnun yarandığı gündən etibarən tətbiq edilir.

“İşsizlikdən sığorta haqqında” Qanunda dəyişikliklə bağlı təklif olunan düzəlişlər işsizlikdən sığorta haqqı ala biləcək vətəndaşların kateqoriyasının genişləndirilməsinə, sığorta stajının azaldılmasına və uşaqlara görə əlavə ödənişlərə qoyulan məhdudiyyətin aradan qaldırılmasına xidmət edir.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov, parlamentin komitə sədrlərinin müavinləri Məlahət İbrahimqızı, Əli Məsimli, komitə üzvləri Vüqar Bayramov, Rüfət Quliyev, Arzu Nağıyev, İlham Məmmədov, Soltan Məmmədov, Aydın Hüseynov, Jalə Əliyeva, Ziyad Səmədzadə, Sevinc Hüseynova gələn ilin büdcəsi və büdcə zərfinə daxil olan sənədlər barədə rəy və təkliflərini söyləyiblər.

Müzakirələrin sonunda gündəliyə daxil edilən qanun layihələri birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

XQ

Sosial həyat