Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biri də türkdilli dövlətlərlə əlaqələrin daim genişləndirilməsi və inkişaf etdirilməsidir

post-img

Noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının (TDT) “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilib.

Yubiley görüşündə TDT-nin üzv dövlətləri, - Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və müşahidəçi ölkələr olan Macarıstan və Türkmənistanın liderləri iştirak ediblər. Zəfər savaşından sonra türk dövlətlərinin inteqrasiya prosesində Azərbaycan Türkiyə ilə birgə aparıcı rolu öz üzərinə götürüb. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra edib. Bunun nəticəsində Azərbaycan önəmli tranzit ölkəsinə çevrilib.

Dövlətimizin başçısı xüsusi olaraq vurğuladı ki, hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq. Bu dəhlizin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. 2024-cü ildə tamamlanması bu nəqliyyat dəhlizinin əhəmiyyətli dərəcədə imkanlar yaradacağını bildirib. Ermənistan hələ də Zəngəzur dəhlizinin açılmasına əngəl olmağa çalışır. Amma gec-tez reallıqlarla barışmalı olacaq.

Ölkəmiz həm Türkiyə, həm də Türkmənistanla yüksək səviyyədə siyasi əlaqələr qurub. Zirvə Görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü zamanı müxtəlif məsələlərin, o cümlədən siyasi, hərbi, iqtisadi, nəqliyyat, energetika, müdafiə, müdafiə sənayesi sahələrində əməkdaşlığımızın müzakirə edilməsi iki qardaş ölkə arasında əlaqələrin daha da güclənməsindən xəbər verir. Türkiyə ilə keçən il imzalanan Şuşa Bəyannaməsi iki dövlət arasında münasibətləri strateji müttəfiqlikdən də yüksək səviyyəyə çatdırıb. Eyni zamanda, 2017-ci ildə Azərbaycanla Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdı. 

Ümumiyyətlə, tarixi bağlar üzərində qurulmuş Türk Dövlətləri Birliyi çərçivəsində ölkələr arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük imkanlar yaranıb və Azərbaycan bu zəncirdə böyük əhəmiyyətə malikdir. Azərbaycan Prezidentinin düzgün siyasi və istiqamətverici liderlik mövqeyi xüsusi diqqət çəkir. Prezident İlham Əliyevin yürütdüyü mükəmməl siyasətin nəticəsində Azərbaycanın iqtisadi imkanları və siyasi qüdrətindən irəli gələn mövqe üstünlüyü bütün beynəlxalq tədbirlərdə açıq-aydın sezilir.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

 



Siyasət