“Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımışdısa, niyə antiterror tədbirləri oldu?”

post-img

Rusiyalı politoloq Sergey Markedonovun bu sualı siyasi ittihamdır 

Yaşadığımız Cənubi Qafqaz coğrafiyası ilə bağlı mühüm məsələlərdən biri də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır. Ölkəmizin Prezidenti İlham Əliyev də çıxışlarında məsələyə toxunub və 2023-cü ilin sonunadək belə bir müqavilənin ərsəyə gələcəyinə inandığını vurğulayıb.

Ümumən, hazırda mövcud olan bütün ziddiyyətlər və Ermənistanın, demək olar, bütün beynəlxalq platformalarda anti-Azərbaycan siyasət yürütməsinə baxmayaraq, Bakı-İrəvan anlaşmasının meydana çıxacağını gözləyənlər qalmaqdadır.

Yeri gəlmişkən, Rusiya Prezidenti Vladimir Putin də Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalana bilməsindən söz açıb. Əlbəttə, o, bu fikri dilə gətirərkən, Qarabağın Ermənistan tərəfindən Azərbaycana güzəştə gedilməsi, İrəvanın bölgənin ölkəmizin tərkib hissəsi kimi tanıması məntiqinə söykənib və bildirib ki, demarkasiya və delimitasiya məsələləri texniki xarakter daşımaqdadır. 

Əlbəttə, Putin “Valday” Diskussiya Klubunda çıxış edərkən, Ermənistanın vaxtilə Azərbaycana qarşı barışmaz mövqeyinin ayrı-ayrı detallarına varıb vəziyyəti izah etsə də, sərhədlərin delimitasiya və demarkasiya müstəvisində sülh sazişinin ayrı-ayrı hissələrinə toxunmamışdı. Ancaq həmin hissələr var və yekun razılaşmanın əldə edilməməsi, yaxud əldə olunması istiqamətində işlərin ləngliyi təəssüratı onu deməyə əsas verir ki, Azərbaycan-Ermənistan münasibətlərinin yeni rəvan müstəviyə çıxması üçün hər məqam vacibdir. Bu baxımdan rusiyalı politoloq Sergey Markedonovun bildirdikləri də həmçinin. 

Politoloq Markedonov sual verir: Bir halda ki, Ermənistan Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanımışdısa, bəs nəyə görə 2023-cü il sentyabrında lokal xarakterli antiterror tədbirləri gerçəkləşdi? Doğrudan da Markedonov belə bir sual səsləndirməkdə haqlıdır. 

Qeyd edək ki, rusiyalı politoloq özünün sosial şəbəkə hesabındakı paylaşımında Ermənistan baş naziri Nikol Paşinyanın oktyabrın sonunda səsləndirdiyi fikirlərin üzərində dayanıb. Məlum olduğu kimi, erməni hökumət rəhbəri Azərbaycanla sülhün bərqərar olması üçün üç əsas prinsipin razılaşdırıldığını bəyan etmişdi. O bildirmişdi ki, tərəflər razılaşdırılmış bu prinsiplərə sadiq qalarlarsa, o zaman sülh və münasibətlərin nizamlanması haqqında sazişin imzalanması reallaşacaq.

Paşinyanın üç prinsipin razılaşdırılması ilə bağlı çıxışından üç gün əvvəl isə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 5-dəki Qranada bəyanatına istinad etmişdi. Məlum olduğu kimi, Qranadadakı sənədləri Nikolla yanaşı, Almaniyanın Federal Kansleri Olaf Şolts, Fransa prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel imzalamışdı. 

O da məlumdur ki, Prezident İlham Əliyev həmin sənədlərə imza atmayıb. Nəinki imza atmayıb, habelə İspaniyada danışıqlara getməkdən imtina edib. Belədə Markedonov çox haqlı olaraq sual verir ki, hansı razılaşmadan söhbət gedə bilər? O, yeni suallar da verir: yəni, nəqliyyat kommunikasiyalarına dair tam anlaşma var? “Dəhliz mövzusu” keçmişdəmi qaldı, yoxsa yenə özünü xatırladacaq? “Bu arada demarkasiyanın da bir sıra nüansları var. Eksklavlar məsələsi təkcə çərçivə sazişi deyil, praktik həll tələb edir”, - deyə rusiyalı politoloq əlavə edib.

S.Markedonov onu da bildirib ki, bu və ya digər formada bu üç məqam daha əvvəl, o cümlədən, Ermənistan baş nazirinin çıxışlarında ortaya çıxmışdı. Söhbət ondan gedir ki, Ermənistan və Azərbaycan Ermənistan SSR və Azərbaycan SSR sərhədləri daxilində bir-birinin ərazi bütövlüyünü tanımalıdırlar. İki ölkənin ərazisi 29,8 min kvadratkilometr (Ermənistan) və 86,6 min kvadratkilometr (Azərbaycan) olmaqla artıq dövlətlərarası demarkasiya və qarşılıqlı tanınmanın əsası adlandırılmalıdır. İkinci prinsip 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında demarkasiyanın aparılmasıdır: “Belovejsk razılaşmasından sonra bu sənəd Sovet İttifaqının dağılmasından sonrakı yeni geosiyasi reallığı möhkəmləndirdi. Və nəhayət, tərəflər nəqliyyat kommunikasiyalarını blokdan çıxarmalıdırlar”.

Rusiyalı politoloq yekunda belə qərara gəlir ki, Avrasiyada uzun müddətdir davam edən münaqişələrdən birinin sona çatması ilə bağlı nəticə çıxarmağa tələsmək, zənnimcə, hələ tezdir. Amma, o, tezliklə sülh müqaviləsi adlanacaq müəyyən sənədin meydana çıxmasının mümkünlüyünü də yazıb. “Ancaq bunun təlatümlü bölgəyə həqiqi sülh gətirəcəyi sual olaraq qalır”, – deyə rusiyalı politoloq fikrini yekunlaşdırıb.

Ə.RÜSTƏMOV

XQ

Siyasət