Berbok bölgəyə Brüsselin elçisi kimi gəlib, yoxsa...

post-img

Avropa İttifaqında Fransadan sonra söz sahibi olan Almaniyanın xarici işlər naziri Annalena Berbokun cari ilin martında Gürcüstana səfəri nəzərə alınmasa, bu, 42 yaşlı diplomatın bölgəyə ilk gəlişidir. Daha doğrusu, Almaniyanın xanım baş diplomatı İrəvanı və Bakını birinci dəfə ziyarət edir.    

Noyabrın 3-də İrəvanda erməni həmkarı Ararat Mirzoyanla görüşdən sonra düzənlənən birgə mətbuat konfransında Annalena Berbok Ermənistanla Azərbaycan arasında sülhün bərpa olunması, münaqişəyə birdəfəlik son qoyacaq sülh sazişinin imzalanması zərurətindən danışıb. Onun sözlərinə görə, inkişafa təkan verən istehsal şəbəkəsi demokratiya və təhlükəsizliyin olduğu yerdə yaradılır: “Təminatlı təhlükəsizlik üçün Ermənistan və Azərbaycan arasında sülhə ciddi ehtiyac duyulur. Bundan sonra investisiyaların cəlb olunmasına böyük imkanlar yaranacaq. Bizim məqsədimiz bölgədə, misal üçün, Qara Dəniz Elektrokabeli kimi iqtisadi proqramların start götürməsindən ötrü sülh prosesinə öz töhfəmizi verməkdir”. 

Sülh müqaviləsi bağlandıqdan sonra Ermənistanın Almaniyanın böyük investorları üçün cəlbedici olacağını bildirən xarici işlər naziri bunun üçün danışıqlar prosesinin davam etməsini vacib sayıb. Öz növbəsində Ermənistan XİN rəhbəri İrəvanın bölgədə sülhü bərqərar etmək üçün siyasi iradəyə malik olduğunu, Azərbaycan və Türkiyə ilə münasibətlərin nizamlanması prosesinin getdiyini söyləyib. Mirzoyan etiraf edib ki, danışıqlarda bəzən sıçrayışa yaxın olduğumuz görünür, amma yeni maneələr ortaya çıxır: “Onu da deyirəm ki, biz həm siyasi, həm də təhlükəsizlik baxımından zəifik. Planlaşdırdığımız təhlükəsizlik mexanizmlərinin effektivliyini görmədik”

Brüsselə dəvət qüvvədədir 

Aydın məsələdir ki, Berbok ölkəsinin də üzvü olduğu “Avropa İttifaqının uzun illər ərzində Ermənistan və Azərbaycan arasında ədalətli vasitəçi kimi çıxış etdiyini” nəzərə çatdırmalı idi. Üstəlik, o, qurumun rəhbərinin xidmətlərini də dəyərləndirməyi unutmadı: “Mən əminəm ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin davamlı səyləri iki ölkə arasında sülhün əldə olunmasında körpü rolunu oynayacaq. Məhz buna görə sülh danışıqlarının növbəti raundunu  formalaşdırmaq çox vacibdir”. Mətbuat konfransında Annalena Berbok, həmçinin Aİ mülki missiyasının  Ermənistanda fəaliyyətini gücləndirmək istədiklərini, amma bu “missiyanın Azərbaycan üçün də sərfəli olmasının” vacibliyini önə çəkməsi, əlbəttə ki, hay mediasını “qıcıqlandırmaya” bilməzdi.      

Almaniya XİN-in başçısı mətbuat konfransında erməni jurnalistin “Ermənistana hücum edəcəyi təqdirdə Almaniya Azərbaycana qarşı sanksiyaların tətbiqinə hazırdırmı?” – sualına birbaşa cavab verməkdən yayınması isə erməni ekspertlərin müzakirə predmetinə çevrilib. O, bunun əvəzinə İrəvan və Bakı arasında sülh dialoqundan danışmağa üstünlük verib: “Mən münasibətlərin gərginləşməməsi üçün bütün imkanlardan yararlanmağın tərəfdarıyam. Bu barədə hər yerdə danışıram. Almaniya həm Ermənistanın, həm də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Biz hər iki ölkənin yanında durmuşuq”.  

Hayastanın yazılı və elektron mediası bölgədəki mövcud duruma və reallığa məhz bu cür loyal və bitərəf münasibətinə görə, Annalena Berboku əməlli-başlı “yıxıb–sürüyür”. Axı rəsmi İrəvan sülh danışıqlarının Brüssel formatında “böyük bacısı” Parislə həmfikir, yəni, haylara rəğbəti olan tərəf kimi görünən Almaniyanın baş diplomatından birmənalı açıqlamalar gözləyirdi. Cənubi Qafqaza, ilk növbədə, Avropa İttifaqının elçisi qismində gələn almaniyalı nazirin çıxışında daha çox iqtisadi məsələlərə köklənməsi, ölkəsinin Rusiyanın enerji asılılığından azad olmasından fəxrlə danışması, erməni həmkarı ilə bərpaolunan enerji sahəsində əməkdaşlığın perspektivi ilə bağlı mövzuları müzakirə etməsi ekspertlərin diqqətindən yayınmayıb. 

Berbokun İrəvana səfəri çərçivəsində Ermənistan XİN başçısının müavini Paruyr Ovannisyanın müşayiəti ilə “soyqırımı qurbanları”nı anım memorialını ziyarət etməsi, “günahsız qurbanların xatirəsini anması”, Ararat vilayətində “Dağlıq Qarabağdan (?) zorla köçürülmüş şəxslərlə görüşüb, onların məişət şəraiti ilə tanış olması”, Almaniyanın bu adamlara “humanitar yardım qismində 9,3 milyon ABŞ dolları vəsait ayırmasını” bildirməsi (news.am) bəlkə də yerli ictimaiyyətin gözündə “özünüreabilitasiya” jestləri idi. Onun həmin Ararat vilayətində Yerasx (Arazdəyən –red.) icması ilə görüşü, Aİ-nin oradakı müşahidəçiləri ilə birgə Ermənistan–Azərbaycan sərhədindəki vəziyyətlə tanış olması da əvvəlcədən düşünülmüş “ssenari”yə bənzəyirdi.     

Hayların “siyasi strateqləri”nin şərhləri 

“Azərbaycan “Dağlıq Qarabağı” (?) etnik təmizləməyə (?) məruz qoyduqdan sonra Avropa İttifaqının vasitəçiliyi ilə Ermənistanla sülh danışıqlarından imtina edir. İlham Əliyev açıq şəkildə Moskva formatına üstünlük verdiyini bildirib”. Erməni bloqerlər sosial şəbəkədə yerləşdirdikləri çoxsaylı şərhlərdə reallıqdan uzaq, sağlam məntiqə sığmayan mülahizə və proqnozlar, bir çox hallarda isə siyasi şantaj “qoxusu gələn” iddialar irəli sürürlər. Misal üçün, onlardan biri Rusiyanın iki ölkə arasında vasitəçilik roluna bu cür “aydınlıq” gətirir: “Söhbət münaqişənin həll edilməməsindən, qanlı müharibələrin uzadılmasından gedir. Almaniya Xarici işlər naziri buna eyham vuraraq deyir ki, münaqişənin dinc yolla həlli yolundan çəkilmək güclərin marağına uyğun hərəkət etmək deməkdir. Sözdə “boz zona”dan danışan vasitəçilər öz mənafelərinə uyğun hərəkət edirlər”. 

Robert  Ananyan adlı bloger Azərbaycanı Moskva formatına üstünlük verməkdə ittiham etməyə girişir: “Azərbaycan Ermənistanla “soyuq müharibə”yə üstünlük verir. İlham Əliyev Qərbin görüş təkliflərini rədd edərək Rusiyanı seçir. Əgər Azərbaycan Almaniya Xarici işlər nazirini qəbul etməsə, Aİ Ermənistana təhlükəsizlik və müdafiə dəstəyini daha da artırmalıdır. Bu dəstək o qədər olmalıdır ki, Rusiya–Azərbaycan alyansının hərbi-siyasi şantajı öz effektini itirsin”. Hayların “siyasi texnoloqları”  Ermənistan hakimiyyətini təhlükəsizlik sistemini gücləndirməyə səsləyirlər: “Bu, İrəvana müqavimət göstərmək,  Moskvanın görüş dəvətini qəbul etməmək üçün yardımçı olacaq. İndi biz Berbokun Bakıda aparacağı danışıqların nəticəsini gözləyəcəyik. O, İrəvanda ümid etdiyini bildirib ki, Avropa Şurası prezidentinin səyləri boşa çıxmayacaq, danışıqlar prosesi bərpa olunacaq”.    

Arzuladıqlarını reallıq kimi qələmə vermək hayların çoxəsrlik xislətinin fəsadıdır. Almaniyanın baş diplomatı İrəvana ilk səfərində separatçı-daşnakların ümidlərini puça çıxarmaqla onların təbliğat maşınına üfürmək üçün “bol material” vermiş oldu. Onsuz da son nəticədə tirajladıqları ultimatum tonlu “feyk-xəbərlərə” özlərindən qeyri heç kim reaksiya verməyəcək.     

Berlin nüfuzunu  bərpa etməyə çalışır 

Ümumiyyətlə, AFR XİN başçısının bölgəyə səfərinin əsas məqsədi nədir? Berlinin Ermənistan və Azərbaycan arasında sülhə yardımçı olmaq ehtiyacı nədən qaynaqlanır? Doğrudanmı, Almaniya Cənubi Qafqazın iki qonşu ölkəsi arasında yeni müharibə ehtimalından belə narahatdır, yoxsa burada hansısa görünməyən səbəblər var?      

Düşünürük ki, bu suallar ətrafında isveçli filosof, siyasi icmalçı Qreq Saymonsun fikirləri oxucularımız üçün də maraqlı olacaq: 

– Hazırda Almaniya Birləşmiş Ştatların Avropada müştəri-dövləti qismində çıxış edir. Çünki hələ Ukraynada hərbi əməliyyatlar başlanana qədər Berlin həm qitədə, həm də dünyada “keyfiyyət əmsalının” və nüfuzunun əhəmiyyətli hissəsini itirmişdi. İndi isə bu ölkə acınacaqlı iqtisadi vəziyyətdədir. Almaniya iqtisadiyyatı sistemli şəkildə sənayesizləşməyə doğru gedir. Əslində, bütövlükdə “köhnə qitə” bunun ağrısını yaşamaqdadır. Ayrıca Almaniyanı götürdükdə, bu ölkə ideoloji baxımdan kor-koranə “yaşıl siyasəti” təqib etməsi səbəbindən çox ciddi enerji böhranı ilə üzləşib. Yaranmış vəziyyət sosial sahədə “əks-səda” verdiyindən Almaniya ictimaiyyəti arasında narazılığın səviyyəsi getdikcə artmaqdadır. Bütün bunları nəzərə alaraq onu deyə bilərəm ki, Berlinin Ermənistan və Azərbaycan arasında sülh danışıqlarında hansısa formada iştirakı bir növ bəhanə, pərdələnmək üsuludur. Belə götürəndə Amaniya bu xarakterli platformalarda aparılan fəaliyyət sarıdan o qədər də geniş təcrübəyə malik deyil. Çox güman ki, Berbokun Bakıya səfərinin əsl səbəbi Azərbaycanın Almaniyanı enerji daşıyıcıları ilə təchiz etmək istəyini və qabiliyyətini yoxlamaqdan ibarətdir. 

İsveçli politoloqun fikrincə, Almaniya Xarici işlər nazirinin İrəvanda sərgilədiyi diplomatik davranış Berlinin Bakıdan umacağının olduğunun təzahürü idi: “Bunu nazirin İrəvanda istifadə etdiyi siyasi ritorikadan da aydın görmək mümkün idi. Əlbəttə ki, Avropanın aparıcı dövləti özünə rəva görməz ki, onu çarəsiz, köməyə möhtac hesab etsinlər. Elə Ermənistan və Azərbaycan arasında özünəməxsus vasitəçilik missiyasının görüntüsünü yaratmaq da rəsmi Berlinin bu istəyindən qaynaqlanır. Həmin “siyasi taktikanın” xanım Berbokun şəxsən özü tərəfindən düşünüldüyünü güman etmək sadəlövhlük olardı. O, Bakıya Brüsselin təlimatı ilə deyil, birbaşa Almaniyanın iqtisadi maraqlarının rəsmi təmsilçisi kimi təşrif buyurub. Hər halda, onun İrəvandakı açıqlamalarından yaranan fərziyə və gümanlar bu qənaətə gəlməyə əsas verir... 

Deməli, skandinaviyalı filosof Saymonsun şərhindən belə nəticə hasil olur ki, daxildə iqtisadi çətinliklərlə üzləşən Berlin Bakının neftinə, qazına ehtiyac duyur və bu ehtiyacını reallaşdırmaq, eyni zamanda nüfuzunu qoruyub saxlamaq üçün Aİ-nin sülhyaratma missiyası “çətirindən” ustalıqla yararlanır. Olsun. Azərbaycandan ötrü Almaniya XİN rəhbərinin bu cür “diplomatik taktikadan” istifadə etməsinin heç bir ziyanı yoxdur. Bu müstəvidə əlaqələr, əməkdaşlıq, təbii olaraq, qarşılıqlı maraqlar əsasında qurulur. 

Məqsəd bölgədə Rusiyanı əvəzləməkdir 

Avropa İttifaqının iki ölkə arasında sülh danışıqlarında vasitəçilyinin, bütövlükdə Cənubi Qafqazda cərəyan edən hadisələrə yaxından müdaxilə cəhdərinin arxasında geosiyasi maraqların dayandığı hamıya bəllidir. Münaqişəyə son qoyulması, bölgəyə sülhün, əmin-amanlığın qədəm qoyması region ölkələri kimi, Qərbin də işinə yarıyacaq. Bu istiqamətdə avropalı aktorların səylərinin intensivləşməsinə elə bu prizmadan yanaşmaq doğru sayılar.      

Bölgəyə sülhün gəlməsini Almaniyanın hamıdan çox arzuladığını söyləyən Qara Dəniz Beynəlxalq Universitetinin professoru, politoloq Nika Çitadze vurğunu böyük güclərin qarşıdurması üzərinə yönəltdi: “Almaniya Ermənistan və Azərbaycan arasında münaqişənin tam və qəti şəkildə nizamlanması, iki ölkənin sülh müqaviləsini imzalamaları məqsədilə danışıqlarda vasitəçilk prosesinə cəlb olunmasında çox maraqlıdır. İlk növbədə isə Almaniya Avropa İttifaqı ilə birlikdə Rusiyanı bu missiyadan məhrum etmək uğrunda çalışır”. Professor hesab edir ki, bu prosesin gedişində Berlinin öz korporativ maraqlarını da təmin etməyə çalışmasına normal yanaşmaq lazımdır.  

Qərbli və okeanın o tayındakı sülh vasitəçilərinin əsas niyyətlərinin Moskvanı bölgədə “oyundənkənar” vəziyyətə salmaq olduğu məlumdur. Bu koalisiyanın ayrı–ayrı üzvlərinin Cənubi Qafqazda öz maraqlarını güdməsi də başadüşüləndir. Məsələyə bu kontekstdən yanaşanda, Almaniyanın Azərbaycanla enerji daşıyıcılarının nəqli ilə bağlı anlaşmaya gəlmək təşəbbüsü tamamilə normal qarşılanmalıdır. Axı, Avropanın enerji təhlükəsizliyinin təminatında önəmli rol oynayan Bakı ilə bu xarakterli əməkdaşlığa çoxları maraq göstərir. Berlin də onlardan biri. Əhalisini qazdan və elektrik enerjisindən qənaətlə istifadə etməyə çağıran Almaniya hökuməti Azərbaycanla səmərəli və qarşılıqlı etimada söykənən əməkdaşlıqdan yalnız xeyir görə bilər.                                                

Beləliklə, Almaniyanın Xarici işlər naziri Annalena Berbokun regiona ilk səfərinin maraqlı məqamlarla yadda qalacağını indidən söyləyə bilərik. 

İmran BƏDİRXANLI 

XQ







Siyasət