Qarabağ erməniləri alətə çevriliblər

post-img

Paşinyan onlardan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etmək istəyir

Azərbaycan cəmiyyətinə yenidən inteqrasiya olunmaq, ölkəmizin vətəndaşlığını qəbul etmək istəməyib sentyabrın sonlarında Qarabağ iqtisadi rayonundan Ermənistana köçən ermənilər bu ölkədə müxtəlif siyasi qüvvələrin əlində alətə çevrilməkdədirlər. Son günlər istər Ermənistan hökumətinin atdığı addımlar, istərsə də müxtəlif siyasi qüvvələrin təmsilçiləri tərəfindən Qarabağ erməniləri ilə bağlı verilən açıqlamalar belə deməyə əsas verir. Eyni zamanda, Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyən Qarabağ erməniləri hazırda Ermənistanda qeyri-müəyyən statusda, acınacaqlı və miskin durumdadırlar.

Rəsmi İrəvan və Qarabağdakı keçmiş separatçı xunta rejimi hər zaman bölgədə 120 min erməninin yaşadığını iddia edirdi. “120 min” rəqəmi onların dillərindən düşmürdü. Amma ermənilərin köçündən sonra Ermənistanın özünün açıqladığı rəsmi rəqəm bundan xeyli az – 100 min 417 nəfər olub. Bu, hələ Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryanın açıqladığı rəsmi rəqəmdir. İrəvanın “pripiskası”nın sərhəd tanımadığını nəzərə alsaq, köçən ermənilərin sayının dəfələrlə az olduğunu qeyd edə bilərik. Yada salaq ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan sonra Rusiya sülhməramlıları Qarabağa 52,7 min sakinin qaytarıldığını rəsmən elan etmişdilər. Əslində isə bölgədə yaşayanların sayı 20-25 min arasında idi.

Qarabağdan köçənlərin xeyli hissəsi Ermənistanda da qalmayıb. Buradan üçüncü ölkələrə, əsasən Rusiyaya gediblər. İndi Nikol Paşinyan iqtidarı “qalanlara bərəkət” deyərək onlara vətəndaşlıq vermək niyyətindədir. Hökumətin noyabrın 2-də keçirilən iclasında N.Paşinyan Qarabağdan köçənlərə ölkə vətəndaşlığının verilməsi prosesinin sürətləndirilməsi barədə göstəriş verib. Paşinyan bunun mümkün qədər tez təşkil edilməsinin vacibliyini diqqətə çatdırıb: “Qarabağdan olan soydaşlarımız Ermənistan Respublikası vətəndaşlığını almaq üçün müraciət edirlər. Bizim vəzifəmiz bu prosesi mümkün qədər tez təşkil etməkdir”. 

Güman etmək olar ki, Nikolun bu canfəşanlığında məqsəd onları daimi elektorata çevirməkdir. Son üç ildə üzləşdiyi silsilə məğlubiyyətlər N.Paşinyanın ölkə daxilində nüfuzunun kəskin şəkildə aşağı düşməsinə gətirib çıxarıb. Düzdür, o, 2021-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində qalib gələrək öz kürsüsünü növbəti beş il üçün qoruyub saxlamağı bacarıb. Amma Paşinyanın həmin qələbəsi parlaq qələbə deyildi. O mənada ki, Ermənistan vətəndaşları yaxşı ilə pis arasından deyil, pislə ən pis arasından seçim etmək məcburiyyətində qalmışdılar. Sentyabrın 17-də İrəvan şəhər meriyasına keçirilən seçkilərdə hakim “Mülki müqavilə” partiyasının namizədi Tiqran Avinyan çox çətinliklə – cəmi 30 faiz səs toplamaqla qalib gəlib. Bu baxımdan Nikolun Qarabağ haylarına vətəndaşlıq, birdəfəlik ödənişlər, aylıq pul vəsaiti və gələcək perspektivlə bağlı müxtəlif şirnikləndirici vədlər verməklə, onların timsalında elektorat bazası yaratmaq niyyətində olduğunu güman etmək olar. Beləliklə, aydın olur ki, Qarabağ erməniləri Paşinyana soydaş kimi yox, vasitə kimi lazımdır. 

Ancaq Paşinyanın Qarabağ ermənilərinə vətəndaşlıq vermək istəyinə qarşı çıxanlar da az deyil. İctimai fəaliyyətlə məşğul olan bir sıra şəxslər və siyasi qüvvələr bununla onların geri qayıtması məsələsinin üzərindən birdəfəlik xətt çəkiləcəyini bəyan edirlər. Məsələn, İkinci Qarabağ müharibəsindən sonra Hadrutu tərk edərək İrəvanda məskunlaşan ictimai təşkilat rəhbəri Levon Hayriyan həmyerlilərini Ermənistan vətəndaşlığını almaqdan imtina etməyə çağırıb. O, qarabağlıların “pənah apardıqları” Hayastanda üzləşdikləri acınacaqlı durumu jurnalistlərə belə təsvir edib: “2020-ci ildə 44 günlük müharibədən sonra Ermənistanda məskunlaşan 21 minə yaxın Qarabağ sakini sentyabr ayından bəri heç bir dəstək və ya hökumət ödənişi almayıb. Biz may ayından bəri hər ay verilən 40 min dram dövlət dəstəyini almamışıq, sentyabrdan isə müavinət və pensiyalar ödənilmir. İnsanlar hətta uşaqlar üçün verilən müavinəti də almayıblar. Yəni, bizə 4 ay idi borclu idilər, indi isə 6 aydır ki, borcludurlar. Onların bu pulu vermək niyyəti yoxdur, müzakirə də etmirlər”. 

Hayriyan qeyd edib ki, tələb etdikdə verilən cavab eyni olur: biz hələ heç nə bilmirik. “Onlar deyirlər ki, bu proqramı bizim üçün “Artsax hökuməti” həyata keçirib və “Artsax hökuməti” artıq mövcud olmadığına görə nə edəcəklərini bilmirlər. Bu, öz işini tamamilə bilməməkdən xəbər verir. Qeyri-peşəkarlıq bu hakimiyyətin vizit kartına çevrilib”, – deyə ictimai təşkilat rəhbəri vurğulayıb. 

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti bu yolla Qarabağdan köçkün düşənlərin çətin vəziyyətindən istifadə etməyə çalışır. Hayriyan Ermənistan vətəndaşlarının, ikili vətəndaşlığı olan şəxslərin və hətta vətəndaşlığı olmayan şəxslərin də pensiya almaq hüququna malik olduğunu vurğulayıb. 

Qarabağdan köçən ermənilərə vətəndaşlıq verilməsini, onlarla bağlı məsələnin birdəfəlik bağlanmasını Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyanın “Nyus.am”a müsahibəsində səsləndirdiyi fikirlər də təsdiqləyir. O qeyd edib ki, Ermənistanla Azərbaycan arasında qaçqın düşən şəxslərin qarşılıqlı olaraq geri qaytarılmaları, o cümlədən Qarabağ ermənilərinin mümkün qayıdışı məsələsi 2020-ci il 10 noyabr tarixli Bəyanatın yeddinci bəndində təsbit olunub, lakin sülh müqaviləsində bu barədə söhbət olmayıb və yoxdur. 

Qarabağ ermənilərinin mümkün qayıdışının iki ölkə arasında müzakirə edilib-edilməməsinə dair suala cavab verən Marukyan deyib: “Mən düşünmürəm ki, bu məsələ Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi kontekstində müzakirə mövzusu olsun. Bu insanların hüquqları məsələsi qalır, lakin Ermənistan–Azərbaycan sülh müqaviləsi kontekstində müzakirə olunmur. Bu məsələ ayrıca müzakirə oluna bilər. İndi biz yeni reallıqlar dövründə yaşayırıq”. 

Qarabağın keçmiş qondarma rejiminin “dövlət institutlarının” saxlanması məsələsinə gəlincə, Marukyan bildirib ki, Ermənistanda bunu etmək mümkün deyil: “Ermənistan Respublikası öz ərazisində digər ölkələrin dövlət qurumlarını saxlaya bilməz. Yeganə istisna yalnız xarici ölkələrin akkreditasiyadan keçmiş diplomatik nümayəndəliklərinə aiddir. Ermənistanın milli təhlükəsizliyi kontekstində respublikamızın ərazisində belə institutların formalaşdırılması və saxlanılması düzgün deyil. Mühacirətdə olan hökumətlər var və qoy olsunlar. Amma Ermənistanın bununla heç bir əlaqəsi yoxdur”. 

Siyasi şərhçi Rizvan Hüseynov da bu fikirdədir ki, Nikol Paşinyan Qarabağ ermənilərindən öz məqsədləri naminə istifadə etmək niyyətindədir. Onun sözlərinə görə, burada həm onların gələcəkdə hakim siyasi qüvvənin elektorat bazasına çevrilmələri, həm də mümkün olarsa, Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edilmələri nəzərdə tutulur. Bununla belə, R.Hüseynov qeyd edib ki, rəsmi İrəvanın bu kimi addımlarla Bakıya təzyiq göstərməyə çalışması əbəsdir: “Ermənistan tərəfi Qərb strukturlarının Qarabağ ermənilərinin qayıdışı məsələsinin üzərində Azərbaycana təzyiq göstərmələrinə çalışır. Ancaq bütün bunlar əbəsdir. Əvvəla, ona görə ki, onları heç kim zorla deportasiya etməyib. Qanunlarımız çərçivəsində, bayrağımız altında yaşamaq istəməyiblər və çıxıb gediblər. Hamı yaxşı bilir ki, onlara qarşı heç bir etnik təmizləmə və sair hallar olmayıb. Bunu Xankəndiyə səfər edən BMT-nin iki missiyası da təsdiqləyib. Bundan başqa, orada Beynəlxalq Qırmızı Xaç Komitəsinin ofisi, əməkdaşları var. Həmçinin, Rusiya sülhməramlıları oradadırlar. Necə oldu ki, bu qədər qurumların gözünün qabağında etnik təmizləmə aparılır. Bunu heç kim görmür, amma Ermənistan hakimiyyəti görür?!” 

Bununla belə, siyasi şərhçi Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyanın qondarma rejimin respublika ərazisində fəaliyyətinin qeyri-mümkünlüyü ilə bağlı açıqlamasını müsbət məqam hesab etdiyini bildirib. Əlavə edib ki, rəsmi İrəvan bundan sonra da oxşar davranış nümayiş etdirərsə, sülh müqaviləsi üzərində iş sürətlənə bilər. 

Səxavət HƏMİD  

XQ

 



Siyasət