Dünya düzəlmir ki, düzəlmir, baba!

post-img

İttifaq MİRZƏBƏYLİ
[email protected]

 

Sülhə, dostluğa, tərəfdaşlığa və tərəqqiyə qənim kəsilmiş qüvvələrin dövriy­yəyə buraxdığı siyasi maraqlar, iqtisadi iştahalar, diplomatik hoqqalar anamız Yer kürəsini daha bir dünya müharibəsinin beş-on addımlığına gətirib. Bey­nəlxalq aləmdəki sülhsevər xalqların və siyasətçilərin mütərəqqi addımları bizi asayiş və əmin-amanlığın astanasına çatdıranda üfüqdə görünən sülh göyərçininə də badalaq gələn tapılır. Adətən, badalaq idmançının və ya dö­yüşçünün ayaqlarına vurulur. İndi isə göyərçinin qanadları həmin qərəzli fən­din hədəfinə çevrilir. 

Çünki, 

Gedir yal davası, sümük davası,

Gedir vurhavurla çəpik davası,

Gedir milyonçunun qəpik davası,

Çürük fikirlərin çürük davası...

Dünya düzəlmir ki, düzəlmir, baba!

Anti-Azərbaycan və antitürk siyasi dairələrin iki əsrdən bəri davamlı olaraq körüklədiyi Qarabağ münaqişəsinin dip­lomatiyamızın və ordumuzun gücü ilə birdəfəlik həll olunmasına baxmayaraq, planetin müxtəlif yerlərindən bayquş səsləri eşidilir ki, Qarabağ münaqişəsi­nin həlli üçün filan addımlar atılmalıdır. 

Bəzi faktları yada salaq. İşğalçı ölkə­nin baş naziri Nikol Paşinyan hələ sent­yabrdakı lokal antiteror əməliyyatlardan xeyli əvvəl – bu il mayın 17-də bəyanat vermişdi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır: “Üç gün əvvəl Aİ Şurasının prezidenti Şarl Mişelin va­sitəçiliyi ilə biz irəliyə doğru addım atdıq və vurğuladıq ki, Ermənistan Azərbay­canın 86,6 min kvadratkilometr, Azər­baycan isə Ermənistanın 29,8 min kvad­rat kilometr ərazisini tanıyır”. Bu açıq bəyanatdan bir həftə keçməmiş Fran­sadan bir bayquş uladı ki, münaqişənin ədalətli həllinə nail olmaq üçün biz daim Ermənistanın yanındayıq. Yəni Makron Fransası Afrikadakı nüfuzunu itirdikcə daha da quduzlaşır və Cənubi Qafqaz­dakı sönməkdə olan münaqişəni var gücü ilə körükləməyə çalışır. 

Yaxud, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 17-də “Füzuli Şəhə­ri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nü­mayəndələri ilə görüşdə, Fransa başda olmaqla, bütün bədxahlarımıza konkret mesaj göndərdi: “Bir çoxları təkrarlayır­dılar ki, münaqişənin hərbi həlli yoxdur. Biz göstərdik ki, var və bu yaxınlarda bir daha göstərdik, bu mövzu bağlandı. Qarabağ münaqişəsi mövzusu bağlandı birdəfəlik! Separatçıların kitabı bağlandı birdəfəlik! Bu, böyük xoşbəxtlikdir”.

Ekspertlərin fikrincə, dövlət başçı­mız bu mesajı Avropa Şurası Parlament Assambleyasının 12 oktyabr 2023-cü il tarixli 2517 (2023) saylı qətnaməsinə və 2260 (2023) saylı tövsiyəsinə cavab olaraq səsləndirmişdi. Yeri gəlmişkən, Azərbaycan Xarici İşlər Nazirliyinin hə­min bədnam sənədi qınayan bəyana­tında deyilirdi ki, AŞPA Azərbaycan və Ermənistan arasında sülh səylərinin perspektivlərinə xələl gətirən və Azər­baycana qarşı əsassız və qərəzli ad­dımları dayandırmalıdır. Eyni zamanda, Avropa Şurasının mexanizmlərindən Azərbaycana qarşı istifadəyə yönəlmiş uzaqgörən olmayan cəhdlər tamamilə əks nəticə verir. Bu kimi cəhdlər Azər­baycanın regionda davamlı sülhün tə­min edilməsi və Azərbaycanın Qarabağ bölgəsində yerli erməni sakinlərlə bağlı reinteqrasiya planları istiqamətində fəa­liyyətini davam etdirmək əzmini sarsıda bilməz. 

Başqa bir fakt. Rusiya Prezidenti Vladimir Putin oktyabrın 13-də MDB Dövlət Başçıları Şurasının iclasının ye­kunları ilə bağlı keçirdiyi mətbuat kon­fransında demişdi ki, Qarabağ nəticə etibarı ilə indi deyil, ötən ilin oktyabrında Praqada görüşdə Ermənistan baş naziri Paşinyanın Qarabağla bağlı bəyanatın­dan sonra yekun olaraq Azərbaycanın tərkib hissəsi oldu: “ Hansı ki, həmin bə­yanatla Qarabağın statusu köklü şəkildə dəyişdi. Yəni ki, Ermənistan Qarabağın statusunu müəyyən etdi. Ermənistan etiraf etdi ki, Qarabağ Azərbaycan Res­publikasının tərkib hissəsidir”.

Başqa bir faktı yada salaq. Maca­rıstan rəhbərliyi ötən ay Avropa İttifaqı­nın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri ilə bağlı hazırladığı anti-Azərbaycan bəyana­tına veto qoyaraq, ədalətli mövqe irəli sürmək nümunəsi göstərmişdi. Belə ki, Avropa İttifaqının xarici işlər və təh­lükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi antiterror tədbirləri ilə bağlı hazırladığı bəyanatı Macarıstan tərəfindən rədd edilmişdi. Borrelin tərtib etdiyi bəyanatda Azər­baycan Qarabağ erməniləri ilə “şəffaf dialoq”a çağırılırdı. 

Halbuki, İrəvan rəhbərliyi Qara­bağda yaşayan ermənilərin (onların sayı erməni ordusunun əsgərləri də daxil olmaqla 30-40 mindən çox deyil­di) “sürətlə artaraq” 100 mini ötdüyünü və hamısının da Laçın sərhəd-keçid məntəqəsi vasitəsiylə Ermənistana get­diyini dəfələrlə bəyan etmişdi. Onda biz kiminlə şəffaf dialoq aparmalıydıq? 

Bir sözlə, dünya düzəlmir. Azərbay­can ərazilərinin 20 faizi otuz il işğal altın­da qaldı, qarət edildi, viranəyə çevrildi, dünya qətiyyən narahat olmadı. Biz öz hüquqlarımızı qoruyanda, ərazi bütöv­lüyümüzü bərpa edəndə isə dünyanın müxtəlif yerlərində qulaqlar şəkləndi, gözlər bərəldi, əsəblər tarıma çəkildi və... Azərbaycan karvanı ötüb keçdi. 

Otuz il bizə deyirdilər ki, mövcud reallıqlarla barışın. İndi özləri mövcud reallıqlarla barışsınlar. Barışmasalar... özləri bilərlər.

Siyasət