Azərbaycanlı deputat İtaliya Senatında Qarabağ həqiqətlərindən danışıb

post-img

İtaliya Senatında Avropa İttifaqı siyasəti komissiyasının sədri, senator Ciuliomaria Terzi Di Sant’Aqata və komissiyanın digər üzvləri ilə Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və komitənin üzvü, həmçinin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli arasında görüş keçirilib.

Ciuliomaria Terzi İtaliya-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edib, ölkəmizin Avropa İttifaqı, o cümlədən İtaliya üçün əhəmiyyətindən, hazırkı enerji böhranı dövründə Azərbaycanın Avropanın enerji təminatında oynadığı roldan danışıb. Senator Azərbaycanı Qafqazda yerləşməklə, Avropa və Asiya arasında marşrutlar üçün mühüm coğrafi mövqeyə malik olduğunu və Mərkəzi Asiyanın sürətlə inkişaf edən iqtisadiyyatları ilə Avropa arasında birləşdirici rol oynadığını bildirib.

Ermənistan-Azərbaycan münasibətlərinə toxunan C.Terzi deyib ki, bölgədə davamlı və sabit sülhə nail olmaq üçün fikir ayrılıqlarını aradan qaldırmağa imkan verən münasibətləri inkişaf etdirmək vacibdir.

Daha sonra çıxış edən S.Seyidov otuz il əvvəl bir milyon azərbaycanlının ermənilər tərəfindən etnik təmizləməyə məruz qaldığını və ərazimizin 20 faizinin işğal olunduğunu, buna baxmayaraq Azərbaycanın məsələni hər zaman sülh yolu ilə həll etməyə çalışdığını, lakin Ermənistanın hər zaman Azərbaycanın torpaqlarını qaytarmayacağını bəyan etdiyini vurğulayıb. Komitə sədri xatırladıb ki, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızı Ermənistanın işğalından azad etməklə BMT-nin 4 qətnaməsinin icrasını məhz özü təmin edib və ölkəmiz regionda sülhün bərqərar olması üçün əlindən gələni əsirgəmir.

S.Seyidov Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağdakı qondarma rejimin yaradılmasının ildönümü münasibətilə təbrik məktubu ünvanlamasının, həmin qondarma rejimin “prezident seçkiləri” adı altında apardığı qanunsuz fəaliyyətinin, erməni terroristlər tərəfindən qoyulmuş minalar nəticəsində mülki əhalinin həlak olmasının və digər təxribat xarakterli addımların Azərbaycan Ordusunu Qarabağda lokal xarakterli antiterror tədbirləri keçirməyə məcbur etdiyini bildirib.

“Yüzlərlə uşaq, qadın və qocanın öldürülməsi ilə bağlı erməni tərəfinin təəssüf hissi keçirdiyini eşitmisiniz? Biz ermənilərin Qarabağı tərk etməsinə təəssüflənirik, lakin onların beyni 30 il müddətində azərbaycanlılarla “birgə yaşaya bilmərik” təbliğatı ilə zəhərlənib. Ancaq biz birlikdə yaşaya bilərik, buna qadirik. Biz əlimizdən gələni etdik, qapılarımızı açdıq, qeydiyyat portalı yaratdıq”, - deyə komitə sədri qeyd edib.

O, həmçinin Azərbaycana qarşı “etnik təmizləmə” iddiasının əsassız olduğunu, əslində işğal dövründə ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmənin həyata keçirildiyini vurğulayıb. Deyib ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşması və bölgədə əmin-amanlıq yaradılması üçün sülh müqaviləsini bağlamaq istədiyini bəyan edib. Cənubi Qafqaz ölkələr arasında sülh və əməkdaşlıq olarsa, region daha güclü olacaq.

Sonda S.Seyidov İtaliya Senatının komissiya üzvlərinin suallarını cavablandırıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma



Siyasət