XİN: danışıqlar, görüşlər, şərhlər...

post-img

Xarici işlər naziri Ceyhun Bayramov ilə Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Ceyms Kleverli arasında telefon danışığı olub.

Telefon danışığı zamanı iki ölkə ara­sında əməkdaşlıq gündəliyinin perspek­tivləri, habelə mövcud regional vəziyyət, Azərbaycan və Ermənistan arasında nor­mallaşma və sülh prosesinin hazırkı duru­mu müzakirə olunub.

Nazir Ceyhun Bayramov bölgədəki mövcud vəziyyət barədə ətraflı məlumat verərək Qarabağ bölgəsində tərəfimizdən aparılan lokal antiterror tədbirləri nəticə­sində regionda sülh quruculuğu və sa­bitliyə davamlı təhdid törədən qanunsuz erməni silahlı qüvvələrinin mövcudluğuna son qoyulduğunu bildirib.

Ərazilərimizdəki qeyri-qanuni silahlı qüvvələrin tərk-silah edilməsi nəticəsində erməni sakinlərin cəmiyyətimizə reinteq­rasiyası prosesinin qarşısında duran ma­neələrin aradan qaldırıldığı, bu xüsusda Azərbaycan Hökumətinin erməni sakinlə­rin sosial, humanitar, infrastruktur ilə bağlı ehtiyaclarının qarşılanması istiqamətində yerli erməni sakinlərin nümayəndələri ilə təmasda olduğu, bu istiqamətdə baxış və planlarımızın açıqlandığı və sözügedən planların həyata keçirilməsi istiqamətin­də müvafiq tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb. 

Dövlət katibi Ceyms Kleverli bölgə­də sülh və etimad quruculuğu səylərinin davam etdirilməsinin, bu xüsusda Azər­baycan və Ermənistan arasında sülh və normallaşma gündəliyi üzrə danışıqların davam etdirilməsinin vacibliyini vurğula­yıb.

***

Dünən xarici işlər naziri Ceyhun Bay­ramov İsveçrə Konfederasiyasının Azər­baycan Respublikasında yeni təyin olun­muş səfiri Tomas Ştehlini qəbul edib.

Görüş zamanı səfir Tomas Ştehli eti­madnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. 

Görüş zamanı Azərbaycan və İsveç­rə arasında siyasi, iqtisadi, ticarət və bir sıra digər sahələri özündə ehtiva edən ikitərəfli münasibətlər gündəliyi, bey­nəlxalq təşkilatlar çərçivəsində əmək­daşlıq məsələləri, həmçinin cari regional vəziyyət müzakirə olunub. 

İki ölkə arasında qarşılıqlı yüksək sə­viyyəli səfərlərin həyata keçirilməsinin, siyasi dialoqun və siyasi məsləhətləş­mələrin mütəmadi əsasda aparılmasının vacibliyi vurğulanıb.

Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni sakinlərinin reinteqrasiyası istiqamətində müvafiq işlər aparıldığı və bu məqsədlə elektron portal yaradıldığı diqqətə çatdırılıb. 

Səfir Tomas Ştehli ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı in­kişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

* * *

Oktyabrın 17-də Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa Parlamen­tinin sessiyası zamanı səsləndirdiyi bəya­nat, növbəti dəfə bu ölkənin Azərbaycana qarşı təcavüzkar ritorika və ittihamları davam etdirərək sülh sazişi ilə bağlı pers­pektivləri daha da sarsıtmaqda qərarlı ol­duğunu nümayiş etdirdi.

Bu barədə Azərbaycan XİN-in şərhin­də bildirilib.

Şərhdə deyilir: “Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiala­rından əl çəkmədiyi bir vaxtda özünü sül­hsevər, demokratik, beynəlxalq hüquqa hörmət edən ölkə kimi təqdim edən Er­mənistandan bu cür iddiaları eşitmək təhqiramizdir. 

30 ilə yaxın müddət ərzində bir mil­yona qədər azərbaycanlının fundamental hüquqlarını pozan, azərbaycanlılara qarşı soyqırımı və kütləvi qırğınlar törətmiş bir ölkə olan Ermənistanın Azərbaycanı kö­nüllü olaraq Ermənistana getmiş yerli er­mənilərin “etnik təmizləməsi”ndə ittiham etməsi əsassız olmaqla yanaşı, regiona səfər edən, eləcə də Ermənistanda aktiv fəaliyyət göstərən BMT-nin ixtisaslaşmış qurumlarının nümayəndələrinin hesabat və bəyanatları ilə açıq şəkildə ziddiyyət təşkil edir. 

Qranada görüşünün yekun sənədin­dəki müstəqillik, suverenlik, ərazi bütöv­lüyü və sərhədlərin toxunulmazlığı, güc tətbiq edilməməsi və güc təhdidindən imtina prinsiplərinə istinad edən baş nazir Nikol Paşinyan, Ermənistanın bu prinsip­ləri baş nazirin hakimiyyətdə olduğu 5 il də daxil olmaqla 30 ildən artıq müddətdə pozmasına baxmayaraq, 44 günlük mü­haribədən dərhal sonra məhz Azərbayca­nın Ermənistana 5 baza prinsipi təqdim etdiyini unudur.

Laçın yolunun guya “eksterritoriallığ”ı ilə bağlı baş nazirin iddialarına gəldikdə isə Ermənistanın məkrli addımlarının qar­şısını almaq üçün sərhəd nəzarət-buraxı­lış məntəqəsini təsis etməklə hərəkətin təhlükəsizliyini təmin etmək öhdəliyini ye­rinə yetirən Azərbaycandan fərqli olaraq, Ermənistanın hər vəchlə baş nazirin də birgə imzaladığı üçtərəfli Bəyanata zidd olaraq, bu yoldan sui-istifadə etdiyini xa­tırlatmaq lazımdır. 

Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycana qarşı təcavüz törətdiyini və ərazilərimizi işğal etdiyini diqqətə alın­dıqda, Ermənistan baş nazirinin ərazi bütövlüyünə və delimitasiyaya hörməti kvadratkilometrlə ölçməyə çağırış etməsi ciddi deyil. 

Ermənistanın Azərbaycan və Türkiyə­ni blokadada ittiham etməsinin reallıqla heç bir əlaqəsi yoxdur. Ermənistanın hər­bi təcavüz və ərazi iddiaları səbəbindən regional layihələrdən təcrid olunması hər kəsə yaxşı məlumdur. Ermənistan tərə­fi vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək, eyni zamanda, bu istiqamətdə təhlükəsizliyi təmin etmək öhdəliyinin mövcud olduğunu yaxşı bilir. 

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, Azərbay­canın Qarabağ regionunda qondarma erməni rejiminin və qanunsuz silahlı qüv­vələrin yaratdığı təhlükəni aradan qaldır­dıqdan sonra Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi imkanların yarandığı bir dövr­də, Ermənistan baş nazirinin davam edən aqressiv ritorikası sülh perspektivlərinə xələl gətirir”.

***

Azərbaycan Respublikasının hökumə­ti tərəfindən görülmüş mərhələli və koor­dinasiyalı tədbirlər nəticəsində oktyabrın 17-də Suriya Ərəb Respublikasının ərazi­sində yerləşən düşərgələrdə saxlanılan 9 nəfəri uşaq və 1 nəfəri qadın olmaqla, 10 nəfər Azərbaycan vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyinin Mət­buat xidməti idarəsindən məlumat verilib.

XQ



Siyasət