Erməniləri Qarabağı tərk etməyə erməni diasporu məcbur edib – RƏY

post-img

Qarabağın erməni əhalisinin Azərbaycan vətəndaşlığını qəbul etməsi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması istiqamətində mühüm addımdır.

Bunu “Caliber”in jurnalisti Orxan Amaşov Polşanın "TVP World" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, rəsmi Bakı heç vaxt etnik erməniləri Qarabağı tərk etməyə təşviq etməyib, halbuki dünyanın hər yerindən erməni diasporu bu prosesdə mühüm “rol” oynayıb.

“Azərbaycan hesab edir ki, Qarabağda erməni əhalisinin saxlanılması vacibdir, çünki Bakı onları öz vətəndaşı hesab edir. Biz başa düşürük ki, antiterror tədbirlərinin həyata keçirilməsindən sonra bəzi insanlar dezinformasiya səbəbindən özlərini təhlükədə hiss edib və getmək qərarına gəliblər. Bununla belə, indi fürsət açılıb: Azərbaycan Qarabağdakı infrastrukturu ölkənin qalan hissəsi ilə birləşdirəcək, humanitar yardım Laçın və Ağdam-Xankəndi yolları və digər alternativ yollar vasitəsilə təmin ediləcək”.

O.Amaşov BMT missiyasının Xankəndinə səfər etdiyini və heç kimin insanları Qarabağ bölgəsini tərk etməyə məcbur etmədiyini təsdiqlədiyini xatırladıb. Ona görə də insanlar geri qayıda və onlara təklif olunan reinteqrasiya proqramından yararlana bilərlər.

“Azərbaycan vətəndaşlığı üçün müraciət etməklə Qarabağın erməni sakinləri ölkənin digər vətəndaşları ilə eyni imtiyaz və hüquqlardan istifadə edə biləcəklər. Qarabağın suverenliyinin bərpası fonunda bizim çoxdan gözlənilən sülh sazişini imzalamaq imkanımız var, çünki buna əsas maneə olan boz zona artıq mövcud deyil”, - jurnalist qeyd edib.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət