Qaribaşvili: Biz Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik

post-img

"Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına böyük ümidlərimiz var. Mən bir daha cənab Prezidentə bildirdim ki, biz Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik". 

“Caliber” xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Tbilisidə Azərbaycan prezidenti İlham Əliyevlə birgə mətbuata açıqlamasında deyib.

“Biz Azərbaycana Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyinə görə minnətdarlığımızı bildiririk. Biz onu da qeyd etdik ki, Azərbaycan və Ermənistan tərəfindən sülh sazişinin imzalanmasına böyük ümidlərimiz var. Bu baxımdan Cənubi Qafqazda sülh gündəliyi ilə bağlı fikirlərimiz tamamilə üst-üstə düşür. Ümid edirik ki, bu regionda sülh uzunmüddətli olacaq və ölkələrimizin, eləcə də Azərbaycan, Ermənistan və Gürcüstan xalqlarının rifahına xidmət edəcəkdir”.

Qaribaşvilinin sözlərinə görə, Gürcüstan həmişə qərəzsiz mövqe nümayiş etdirib. “Bu gün biz bu məsələyə töhfə verməyə hazırıq. Biz bu məsələdə vasitəçilik etmək istəyirik və istənilən dostluq formatını təqdim etməyə hazırıq. Bizim gələcəyimiz dinc, sabit olmalıdır və Cənubi Qafqazın hər üç ölkəsi regional məsələləri özləri həll etməlidir”, - deyə baş nazir bildirib.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət