Yaxud ötən ilin fiasko ehtimalı?
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti görüş oktyabrın sonlarına doğru keçirilə bilər. Bununla bağlı indidən dəqiq fikir bildirmək çətin olsa da, təmasın gerçəkləşəcəyinə dair ümidlər var. Amma şübhələr də yox deyil...
Birincisi, Azərbaycan sülhə sadiqdir. Oktyabrın 5-nə təyin edilmiş Qranada sammitində iştirakdan imtina heç bir halda danışıqlardan yayınma kimi dəyərləndirilə bilməz. İkincisi, Cənubi Qafqazda sülh ən çox Azərbaycana lazımdır. Hərçənd, Ermənistan da sülh və əminamanlıq mühitinin özü üçün faydalarını görməli və düşünməlidir. Düşünürmü, bunu demək çətindir. Elə İrəvanın anti-Azərbaycan ritorikasına görədir ki, liderlərin oktyabrın sonlarına doğru planlaşdırılmış təmasının təşkilinə şüb-hələr var. Yazımızda bu barədə söz açacaq və belə bir nəticəyə gələcəyik ki, yaxın keçmişin təkrarlanma ehtimalı böyükdür...
Bəli, Azərbaycan Qranada görüşündən imtina etsə də, əslində, durumun hansı səbəbdən formalaşdığına diqqət yetirmək lazımdır. Əlbəttə, gözlər önünə Fransa Prezidenti Emmanuel Makron gəlir. O Makron ki, hazırda dünya ermənipərəstliyinin mərkəzində dayanmış başlıca fiqurdur. Necə deyərlər, Fransa lideri Roma papasından daha artıq katolik olmaq istəyinə girişib. Onun “canfəşanlığı” sərhəd tanımır və belə bir adamla eyni masa arxasında əyləşmək, əlbəttə ki, olmaz. Nəinki olmaz, bu, həm də səmərəsizdir. Deməli, Makronun, ümumən, Azərbaycan–Ermənistan danışıqları müstəvisindən tamamilə uzaqlaşdırılması şərtdir. Hazırda Bakının etdiyi elə budur.
***
Bakı Brüssel prosesinə sadiqdir. Niyə də sadiq olmasın? Nəhayət, bu platforma ölkəmizə diplomatik qələbə qazandırıb. Nəzərə alaq ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü Brüssel raundu çərçivəsində tanıyıb. Yəni, Makronun ermənipərəstliyinə görə bu platformadan imtinaya dəyməz. Deməli, formatı Fransanın “zəhərindən” təmizləmək zəruridir. Dediyimiz kimi, Bakının çalışdığı da elə budur. Bu, həm də ümumi işin xeyrinədir və mövcud məqamı Azərbaycan Prezidentinin köməkçisi – Prezident Adminstrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev kifayət qədər dolğun izah edib. Əlbəttə, Hikmət müəllimin izahı, eyni zamanda, Türkiyənin Cənubi Qafqazdakı rolunun qiymətləndirilməsi, bu rolun Parisin bölgədəki hegemonluq niyyətinə alternativ olaraq qoyulması idi: “Fransanın regionda qərəzli və militarizasiya siyasətinə, Cənubi Qafqazda regional sülh və sabitliyə zərər gətirən və Avropa İttifaqının Cənubi Qafqaz siyasətini risk altına qoyan addımlarına və rəsmi Bakının israrına baxmayaraq, region ölkəsi olaraq qardaş Türkiyənin beşli formatda (Azərbaycan, Ermənistan, Avropa İttifaqı, Fransa və Almaniya) olan görüşdə iştirakına imkan verilməməsinə görə Azərbaycan Qranadada iştirak etməməyə qərar vermişdir. Biz, həmçinin ev sahibi olaraq İspaniyanın da bu formatda olan görüşdə iştirakının tərəfdarı idik.
Bəzi beynəlxalq media resurslarında bunun Azərbaycanın Ermənistanla təmaslardan və ya danışıqlardan imtina etməsi kimi təqdim edilməsi düzgün deyildir. Azərbaycan Avropa İttifaqı, Azərbaycan və Ermənistan formatında Brüsseldə tezliklə üçtərəfli görüşlərə hazırdır. Azərbaycan tərəfi, eyni zamanda, Azərbaycan – Ermənistan münasibətlərinin normallaşdırılması prosesi və sülh müqaviləsi üzrə birbaşa və ikitərəfli dialoqu və danışıqları dəstəkləyir. Fürsətdən istifadə edərək İspaniyadan olan həmkarlarımızı və dostlarımızı Avropa Siyasi İcmasının Qranada görüşünü uğurla təşkil etmələri münasibətilə təbrik edirik və Ermənistan – Azərbaycan dialoquna töhfə vermək niyyətlərinə görə təşəkkür edirik”.
Azərbaycanın Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelinin iştirakı ilə aparılan Avropa İttifaqı, Azərbaycan və Ermənistan formatında olan üçtərəfli Brüssel prosesini və regional sülh gündəliyini dəstəklədiyini vurğulayan H.Hacıyev onu da bildirib ki, sülh müqaviləsi daxil olmaqla, bir çox müsbət təşəbbüslərin müəllifi məhz ölkəmizdir. Nəzərə alaq ki, 44 günlük müharibədəki qələbədən sonra məğlub İrəvana sülh əlini uzadan Bakı olub.
Fransanın Brüssel formatında iştirakının yolverilməzliyi məntiqində bir məqsəd İrəvana aşkar dəstək verən Parisə qarşılıq Azərbaycanın öz tərəfini – Ankaranı önə çəkmək istəyidirsə, digər yandan, ümumən, Cənubi Qafqazda sülhün fransız egidaçılığına qarşı demarş xəttini ortaya qoymaq əsas götürülür. Məlum olduğu kimi, Avropa Siyasi Birliyi ideyası Fransaya, daha doğrusu, ölkə Prezidenti Emmanuel Makrona məxsusdur. Makron çalışırdı ki, bu platformasının üçüncü zirvə toplantısında Bakı – İrəvan münasibətləri müstəvisində hansısa sənəd imzalansın. Əlbəttə, buna qismən nail oldu. O anlamda ki, Ermənistan baş naziri vaxtilə Brüssel formatı çərçivəsində bildirdiklərini təkrarladı. Yəni, Azərbaycanın suverenliyini tanıdığını imzası ilə təsdiqlədi. Makron isə mətbuat konfransında bunu reklam etdi. Əlbəttə, Yelisey sarayının rəhbəri həmin konfransda yolverilməz ritorikaya baş vurmaqla da diqqət mərkəzinə gəldi. Bununla nəinki anti-Azərbaycan mövqeyini bir daha təsdiqlədi, həmçinin Avropa Siyasi Birliyinin sənədlərində əksini tapmış mütərəqqi ideyalarına xəyanət yolunu tutdu. Bu, öz yerində.
Ancaq vurğulanmalı bir neçə məqam var. Birincisi, əgər Azərbaycan Prezidenti toplantıda iştirak etsəydi, onun orada olmadığı müddətdə imzalanmış sənəd ərsəyə gələcəkdimi? Demək mümkündümü ki, Makron danışıqların gündəliyinə ermənipərəst niyyətdən irəli gələn başqa nələrinsə daxilinə baş vurmayacaqdı? Axı bir dəfə bunu edib. 2022-ci ilin oktyabrında. Azərbaycan – Ermənistan sərhədinə sayı əvvəl qırx, sonra əlli, daha sonra isə iki yüzə çatan mülki missiya göndərmək məsələsi məhz Fransa liderinin düşüncəsidir.
Bəli, Makron Qranada masasına, son bir neçə ayda özünü daha böyük həyasızlıq elementləri ilə göstərən, ermənipərəst ritorikasına uyğun nələrisə çıxarmağa cəhd göstərə bilərdi. Alınmadı və indiki durumda Paşinyanın imzaladığı sənəd heç nədir. Bunu yaxşı bilir. Öz-özünə o qədər imzalasın ki? Gülünc deyilmi? Əvvəla, bu sənəd bildirdiyimiz kimi, əvvəlkilərin təkrarıdır. Yəni, yenilik deyil və yenilik olmadığından, Nikol tezbazar onu imzaladı. Bununla da Makron Avropa Siyasi Birliyi platformasının, guya, məhsuldarlığını göstərmək istədi. Halbuki, təkcə Azərbaycan–Ermənistan məsələsi ilə bağlı yox, digər məqamlarda da sözügedən platformanın nüfuzsuzluğu göz önündədir. Makron beynəlxalq ictimaiyyəti yanıltmaq fikrinə düşməsə, daha faydalı və səmimi təsir bağışlayar. Ancaq, o, səmimi deyil və bunun əlavə sübuta ehtiyacı yoxdur.
***
Fransa Prezidentinin Qranada sammiti çərçivəsində keçirdiyi mətbuat konfransında Azərbaycan əleyhinə hədyanlar yağdırması da fikrimizin təsdiqidir. Elə ona görə də ölkəmizin Xarici İşlər Nazirliyinin Makronun dedikləri ilə bağlı yaydığı şərhdə bildirilib: “Azərbaycana təzyiq edilməsinə çağıran Fransa tərəfinə xatırlatmaq istərdik ki, Azərbaycanla təzyiq dilində danışmaq mənasız və qəbuledilməzdir. Belə məsuliyyətsiz bəyanatlar vermək əvəzinə, Fransanın bölgəmizdə təcavüzkar Ermənistanın dəstəklənməsi və silahlanmasına yönəlmiş, bölgədə sülh və sabitliyə mane olan məkrli siyasətinə son qoyması daha faydalı olardı”.
Göründüyü kimi, Makronun Avropa Siyasi Birliyi platformasını da Azərbaycana qarşı antipatiya alətinə çevirmək niyyəti göz qabağındadır. Yəqin, elə buna görədir ki, Aİ Şurasının prezidenti Qranadadan ayrılar-ayrılmaz üçtərəfli görüş formatını yenidən gündəmə gətirdi. Çünki cənab Mişel yaxşı anlayır ki, onun missiyasını pozan Makrondur. Bu səbəbdən təmsil etdiyi təşkilatı Azərbaycan – Ermənistan münasibətlərinin tənzimlənməsi məsələsində Fransanın təsirindən uzaq tutmağa çalışır. Əslində, onun başqa yolu yoxdur. Ortada Azərbaycan özü ayrıca faktordur. Bu faktoru Makron Fransası ermənipərəstlik mərəzi səbəbindən görməsə də, Mişel yaxşı görür və dəyərləndirir.
Nəhayət, haqqında söz açdığımız yaxın keçmişin təkrarlanması ehtimalı üzərinə gələrək şübhəmizi bəyan edək. İndiyədək söylədiklərimiz fonunda belə bir sual meydana çıxır: Növbəti Brüssel raundu alınmaya bilərmi? Axı, ötən ilin son ayına təsadüf etmiş mənfi təcrübə var. Dekabrın 7-də Azərbaycan və Ermənistan liderləri Ş.Mişelin vasitəçiliyi ilə Brüsseldə görüşməli idilər. Görüşə az qalmış N.Paşinyan bildirdi ki, Belçikanın paytaxtına bir şərtlə gedir ki, Makron da orada olsun. Azərbaycan isə Fransa liderinin toplantıda iştirakına razı olmadığından, planlaşdırılmış təmas gerçəkləşmədi. İndi Fransa – Ermənistan “bacılığı” daha da dərinləşib. Paşinyan yenə deyə bilər ki, “böyük bacımsız” İrəvandan çıxmıram. Deməli, yaxın keçmişin hadisələrinin təkrarlanma ehtimalı böyükdür. Həm də ona görə böyükdür ki, Fransa – Ermənistan tandeminin niyyəti sülh deyil və bunu hər vasitə ilə ortaya qoyur.
Əvəz CAHANGİROĞLU
XQ