Avropa Parlamentinin anti-Azərbaycan bəyanatı ksenofob və şovinist yanaşma əsasında qəbul edilib

post-img

Oktyabrın 7-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. 

Telefon söhbəti əsnasında regio­nal məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Dövlətimizin başçısı qeyd edib ki, Qranadada Azərbaycanın iştirakı olma­dan Azərbaycan adının dördtərəfli bə­yanata daxil edilməsi düzgün yanaşma deyil. Prezident İlham Əliyev, həmçi­nin Fransanın məlum mövqeyinə görə Azərbaycanın Qranadadakı görüşdə iştirak etmədiyini bildirib. Dövlətimizin başçısı xüsusilə vurğulayıb ki, Fransa­nın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır və əgər regionda hər han­sı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq. 

Eyni zamanda, dövlətimizin başçısı Avropa Parlamenti tərəfindən ksenofob və şovinist yanaşma əsasında qəbul edilmiş anti-Azərbaycan xarakterli bə­yanatın, orada səsləndirilən fikirlərin qəbuledilməz olduğunu diqqətə çatdı­rıb, bunun regionda sülhün və sabitliyin təmin olunmasına xidmət etmədiyini deyib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan beynəlxalq hüquqa və BMT-nin Nizamnaməsinə uyğun ola­raq özünümüdafiə hüququndan istifadə edərək suverenliyini tam şəkildə təs­bit edib və öz ərazisində mövcud olan qanunsuz hərbi birləşmələrin zərərsiz­ləşdirilməsini təmin edib. Bu baxım­dan Azərbaycanın atdığı addımlar beynəlxalq hüquqa tam şəkildə uyğun olub. Dövlətimizin başçısı əlavə edib ki, əksinə, bu məsələni başa düşməyən dövlətlərin özlərinin dünyanın müxtə­lif bölgələrində həyata keçirdikləri si­yasətlərinə görə beynəlxalq hüquqla ciddi problemləri var. 

Prezident İlham Əliyev mərkəzi hökumət tərəfindən Qarabağdan olan erməni sakinlərə humanitar yardımla­rın göstərildiyini və onların qeydiyyatı prosesinin başlandığını bildirib. Azər­baycan Prezidenti vurğulayıb ki, məhz qondarma rejim erməniləri ərazini tərk etməyə və oradan köçməyə məcbur edib. 

Prezident İlham Əliyev Azərbayca­nın 8 kəndinin hələ də Ermənistanın işğalı altında olduğunu deyərək, bu kəndlərin işğaldan azad olunmasının vacibliyini vurğulayıb. 

Dövlətimizin başçısı Azərbaycanla İran arasında regional nəqliyyat dəh­lizinin yaradılması istiqamətində işlə­rin aparıldığını qeyd edib, bu xüsusda Zəngilan rayonunun Ağbənd qəsəbə­si yaxınlığında avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun in­şası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasiminin keçirildiyini deyib. 

Şarl Mişel öz növbəsində Avropa İttifaqının Ermənistan-Azərbaycan mü­nasibətlərinin normallaşması istiqamə­tində səylərini davam etdirməyə hazır olduğunu bildirib.

Prezidentin Mətbuat Xidməti

Son xəbərlər