(əvvəli XQ-nin ötən saylarında)
Qərbi Azərbaycanda soydaşlarımızın qədimdən-qədim məskunluğu, bu əzəli türk yurdunun düşmən dairələrin qəsdləri ilə zaman-zaman erməniləşdirilməsi və XX əsrin əvvəllərində burada Ermənistan adlı oyuncaq dövlət yaradılması barədə silsilə tədqiqatların müəllifi, AMEA Tarix İnstitutunun baş direktotu, professor Kərim Şükürov bu başıbəlalı torpağı Rusiyanın işğal etməsi ilə başlayan faciələrinin ayrıca xronologiyasını da tərtib etmişdir. Həmin materialın sonuncu hissəsini oxucularımıza təqdim edirik.
1881, noyabr. İrəvan Müəllimlər seminariyasının açılması. Azərbaycan Respublikası Prezidenti tərəfindən Seminariyanın 140 illiyinin qeyd edilməsi haqqında 29 dekabr 2021-ci il tarixində sərəncam imzalanmışdır.
1882. İrəvan teatrının yaranması.
1884–1914. İrəvan qubernatorunun hesabatları. Quberniya üzrə əsas rəsmi sənədlərdən biri idi.
1887. Cenevrədə Sosial-demokrat Qnçak (Zəng) partiyasının təşkili. “Zəng” adı A.İ.Gertsenin “Kolokol”undan mənimsənmişdir. Azərbaycanın qəddar düşmənlərindən olan Andranik də vaxtilə bu partiyanın üzvü olmuşdur.
1890. Tiflisdə Daşnaksütun partiyasının təşkili. XIX əsrin sonları–XX əsrin əvvəllərində erməni və daşnak ifadələri, əsasən, eyni məna daşıyırdı. Azərbaycan xalqına qarşı hər bir soyqırımın fəal təşkilatçısı olmuşdur. Qərbi Azərbaycan torpaqlarında yaradılan ilk erməni dövlətində, Birinci Respublikada (1918–1920) hökumət qurmuşdur.
1897, yanvar. Rusiya imperiyasında ilk ümumi əhali siyahıyaalması. İrəvan quberniyası üzrə nəticələrə görə, İrəvan şəhərində 29 min nəfər əhali var idi. Əhali tərkibində ana dili türk (Azərbaycan– K.Ş.) olanlar 12 min 359 (42,69 faiz), ermənilər isə 12 min 153 (41,89 faiz) nəfər idi. Müsəlman və xristianların (erməni-qriqorian və erməni-katoliklər) nisbəti isə 12 min 537 (43,22 faiz) və 12 min 516 (43,15 faiz) olmuşdur. 1829–1832-ci il kameral təsviri ilə müqayisədə əhalinin 17 min 543 nəfər (60,49 faiz) artdığı görünür. Əhalinin etnik və dini tərkibində isə daha ciddi dəyişiklik olub. Ermənilərin sayı, təxminən, türk-müsəlmanların sayı ilə bərabərləşib.
1902, 5 dekabr. Aleksandropol–İrəvan dəmir yol xəttinin açılışı. Bu və sonrakı dəmir yol xətlərinin çəkilməsi İrəvanın strateji əhəmiyyətini daha da artırırdı.
1903, 12 iyun. Çar II Nikolayın Erməni-qriqorian kilsəsinin mülklərinin müsadirəsi haqqında fərmanı. Erməni terrorunun təzyiqi altında 1 avqust 1905-ci il fərmanı ilə müsadirə olunan mülkiyyət geri qaytarıldı.
1905–1906. Erməni-müsəlman davası dövründə ermənilərin İrəvan quberniyası, o cümlədən İrəvan şəhərində yüzlərlə azərbaycanlını öldürməsi və tarixi torpaqlarından qovması.
1906. İrəvan–Culfa dəmir yol xəttinin istifadəyə verilməsi.
1914–1916. I Dünya müharibəsi ərəfəsində İrəvan əhalisi 29 min 366 nəfər idi ki, onun da 11 min 500 nəfəri (39,2 faiz) azərbaycanlı, 15 min 531 nəfəri (52,8 faiz) erməni idi. 1916-cı ildə İrəvanın əhalisi 1914-cü ildəki 29 min 366 nəfərdən 51 min 286 nəfərə (+21 min 920 nəfər) çatır. 1897-ci illə müqayisədə aydın olur ki, İrəvanda azərbaycanlıların demoqrafik vəziyyəti XX əsrin əvvəllərində kəskinləşməyə başlayır. Müharibə dövründə isə erməni qaçqınların məqsədyönlü şəkildə İrəvan şəhərinə yönəldilməsi ilə azərbaycanlıların sıxışdırılması genişlənir.
1914, avqust. Rusiyanın I Dünya müharibəsinə daxil olması. Ermənilərin Rusiya vasitəsi ilə Osmanlı imperiyası ərazisində dövlət yaratmaq uğrunda mübarizəsinin genişlənməsi.
1914, sentyabr–noyabr. Rusiya imperiyası tərəfindən erməni könüllü dəstələrinin yaradılması. Şərqi Anadoluda türklərə, sonra isə İrəvan bölgəsində azərbaycanlılara qarşı soyqırımı törədilməsində fəal iştirak etmişdir. 1917-ci ilin dekabrında Erməni könüllü korpusuna çevrilmişdir. Bu korpusun rəhbəri Foma Nazarbekov general-leytenant rütbəsilə 191–1920-ci illərdə Ermənistan Respublikası ordusunun baş komandanı olmuşdur.
1917, fevral–oktyabr. Qərbi Azərbaycan Müvəqqəti hökumət dövründə.
1917, 9–22 mart–15/28 noyabr. Müvəqqəti hökumətin Zaqafqaziyada yerli orqanı Xüsusi Zaqafqaziya Komitəsi (Ozakom). Sədri V.A.Xarlamov (kadet) idi. Tərkibinə M.Y.Cəfərov, M.İ.Papacanov, K.Q.Abaşidze və P.N.Pereverzyev daxil idi. Az sonra P.N.Pereverzyevi A.İ.Çxenkeli əvəz etmişdir.
1917, 26 aprel–9 may. Müvəqqəti hökumətin “Türkiyə Ermənistan”ı haqqında qərarının qəbulu. 4 maddədən ibarət olan bu qərara görə, sülh müqaviləsi ilə Türkiyə Ermənistanının vəziyyəti müəyyən edilənədək onun rus ordusu tərəfindən tutulan ərazisi mülki idarə baxımından Qafqaz hakimiyyəti, eyni zamanda Qafqaz cəbhəsi hakimiyyətinin idarəsindən çıxarılaraq, birbaşa Müvəqqəti hökumətə tabe edilir, Türkiyə Ermənistanı Baş komissarı vəzifəsi təsis edilirdi və s.
Beləliklə, Müvəqqəti hökumət erməniləri öz tərəfinə daha da yaxınlaşdırmaq məqsədilə “Türkiyə Ermənistan”ı anlayışını tətbiq edir, əsas diqqəti Türkiyə ərazisinə keçirirdi. Sovet Rusiyası da bu xətti davam etdirirdi. Sonra aydın olacağı kimi Osmanlı imperiyası həmin əraziləri azad etdiyi üçün erməni dövlətinin yaradılması Zaqafqaziyaya, Qərbi Azərbaycan torpaqlarına keçiriləcəkdir.
1917, sentyabrın sonu–oktyabrın əvvəli. Erməni Milli Şurasının yaranması. Rəhbəri A.V.Aharonyan (daşnak) idi. Azərbaycan Milli Şurası İrəvan haqqında danışıqları bu təşkilat ilə aparmışdır.
1917, 25 oktyabr–7 noyabr. Rusiyada Oktyabr çevrilişi, bolşeviklərin hakimiyyəti ələ alması. Rusiya imperiyasının dağılması. İrəvan quberniyasının digər Azərbaycan torpaqları ilə birgə, Rusiya imperiyası tərkibindən çıxması. Beləliklə, Rusiya imperiyası tərəfindən Qərbi Azərbaycanın işğalı və 90 il sistemli şəkildə davam edən müstəmləkə siyasəti ilə onun tarixən formalaşmış inzibati ərazi quruluşunun, etno-konfessional tərkibinin, siyasi strukturunun və idarə sisteminin məqsədyönlü şəkildə erməniləşdirilməsinə baxmayaraq, bu torpaqların, orada mövcud olan aparıcı əhali fundamentinin və mədəniyyətinin azərbaycanlılara məxsus olduğunu dəyişmək mümkün olmadı.
Qərbi Azərbaycan bütöv Azərbaycanın bir hissəsi kimi Rusiya imperiyasının tərkibindən türk-müsəlman torpağı kimi çıxmış və Zaqafqaziya hökumətinin ərazisinə daxil olmuşdur.
XQ