Ermənilərin türk torpaqlarında dövlət yaratmaq tarixçəsi

post-img

Qərbi Azərbaycan ərazisində ermənilərin orta əsrlərdən başlayaraq, məskunlaşması, Qərb dövlətlərinin, eləcə də Çar Rusiyasının köməyi ilə burada özlərinə dövlət yaratmaq səyləri barədə tarixi həqiqət bu toplumun Qafqazda, guya, aborigen xalq olması barədə cəfəng və uydurmaları birmənalı olaraq təkzib və ifşa edir.

Ermənişünas tarixçi, fəlsəfə doktoru, Dövlət mükafatçısı Nazim Mustafanın həmkarları ilə birgə və ayrılıqda apardığı araşdırmalar bu baxımdan tutarlı faktların zənginliyi və elmiliyi ilə seçilir. Ermənilərin Azərbaycan torpaqlarında dövlət yarat­maq səyləri ilə bağlı tədqiqatından çıxış edən alim XQ-yə bildirdi:

– İndiki Ermənistan və ona bitişik əra­zilərdə pərakəndə halda yaşayan ermə­nilərin öz müstəqil dövlətlərini yaratmaq arzusuna ilkin təkan verən amillərdən ən başlıcası XVI–XVII əsrlərdə Səfəvilərlə Osmanlı Türkiyəsi arasında uzun sürən müharibələr olmuşdur. Səfəvi hökmdarla­rı Türkiyə ilə mübarizədə bir sıra Avropa ölkələrinin köməyinə arxalanmaq üçün xristian agentlərdən–erməni tacirləri və din xadimlərindən istifadə etmişdilər. 

Erməni tacirləri Səfəvilər dövlətinin xarici ticarət əlaqələrinin genişlənmə­sində xüsusi rol oynayırdılar. Şahlığın ərazisində olan erməni kilsələrinə xüsusi güzəştlər verilmişdi. Onlar vergiləri yerli hakimlərə deyil, birbaşa şah xəzinəsinə verirdilər. Erməni tarixçiləri I Şah Abbas haqqında nə qədər hədyanlar yağdırsalar da, fakt budur ki, 1605-ci ildə onun fərma­nı ilə şahlığın ərazisində pərakəndə yaşa­yan ermənilərin yığcam halda yaşamaları üçün xüsusi ərazilər ayrılmışdı. 

Bu məqsədlə İsfahan şəhərinə yaxın ərazidə Yeni Culfa şəhəri salınmış, bura­da yaşayan ermənilər üçün kilsə və mo­nastır inşa edilmiş, onların xarici ticarətlə məşğul olmaları üçün geniş imtiyazlar ve­rilmişdi. Hətta I Şah Abbas bu tikililər üçün xəzinədən pul ayırmış və bu işi mükafat­landırmışdı. 

Tezliklə ermənilər bir sıra Avropa ölkələri ilə, ilk növbədə, İtaliya, Fransa, Prussiya ilə ticarət əlaqələri yaratmışdı­lar. Yeni Culfa tacirləri Hindistanın əksər böyük şəhərlərində kontorlar təşkil etmiş­dilər. Erməni tacirləri varlandıqca Qriqo­rian kilsələrinin var-dövləti aşıb-daşır, nəticədə onların dövlət yaratmaq üçün iş­tahaları daha da güclənirdi. Bu işi həyata keçirmək üçün erməni kilsəsi gizli olaraq Avropa ölkələrində özünə himayəçi axta­rırdı. 

Eyni zamanda, ermənilər şah sarayı­na yollar arayır, şahın etimadını qazan­maq üçün dəridən-qabıqdan çıxırdılar. Erməni tacirləri və din xadimlərinin arzu­ları tədricən həyata keçirdi. I Şah Abbas hətta Səfəvilər dövlətinin xarici siyasət məsələləri ilə məşğul olmaq və Avropa ölkələri ilə diplomatik danışıqlar aparmaq səlahiyyətini özünün müşaviri Xoca Səfər adlı bir erməniyə etibar etmişdi. 1608-ci ildə I Şah Abbas Xoca Səfərin başçılığı ilə Avropaya gedən nümayəndə heyəti va­sitəsilə Roma papasına, İspaniya kralına, Toskano hersoquna və Venesiya dojuna məktublar göndərmişdi. 

Toskano hersoqunun qəbulunda olarkən Xoca Səfər şahın məktubundan əlavə, ermənilərin Roma papası və digər Avropa ölkələrinin başçılarına məktubları olduğunu bildirmişdi. Təbii ki, bu məktub­larda xristian Avropa ölkələrindən Şərqdə – müsəlman ölkələrində yaşayan xristian erməniləri öz himayələrinə götürmələri haqqında xahişlər edilmişdi. Daha əvvəl­lər isə erməni kilsə xadimləri katolikos Stepanos Salmastesi (Salmastlı) və Abqar Toxatesinin (Tokatlı) başçılığı ilə müstəqil erməni dövləti yaratmaq naminə köməklik göstərmələri üçün Avropaya nümayəndə heyəti səyahət etmişdi. Lakin nə papadan, nə də Qərbi Avropa dindaşlarından ermə­nilərin çağırışına məhəl qoyan olmamışdı. 

Nazim Mustafa daha sonra bildir­di ki, XVII əsrin ortalarında Rusiyanın öz mövqeyini möhkəmləndirməsi ən yaxın xristian ölkəsi kimi erməni kilsə­sinin diqqətini daha çox cəlb etməyə başlamışdı:

– Yaxın Şərqə maraq dairəsi baxımın­dan ermənilərə ən əlverişli himayəçi Ru­siya ola bilərdi. Rusiya çarlarının xarak­terini öyrənən ermənilər yəqin etmişdilər ki, hədiyyə adı altında rüşvət verməklə, onları öz tərəflərinə çəkə və nəticədə öz istəklərinə nail ola bilərlər. Bu zaman İranla Rusiya arasında ticarət əlaqələri əsasən erməni tacirləri vasitəsilə həyata keçirilirdi. Rusiyada İran ipəyi alveri ilə məşğul olan Yeni Culfalı Xoca Zakar Sar­hadov 1660-cı il avqustun 28-də “ermə­nilərə qarşı xüsusi lütfkarlığına görə” çar Aleksey Mixayloviçə qiymətli hədiyyələr gətirmişdi. Bu hədiyyələrdən biri hazırda Moskva Kremlinin “Silahlar palatasında” saxlanılan “Almaz taxt”dır. Fil sümüyün­dən, qızıl və gümüşdən düzəldilən bu taxt incə Şərq üslubunda işlənmişdir. Onu bəzəmək üçün 987 almaz, 1298 yaqut, 18030 Şərq firuzəsindən istifadə edilmişdir. Bu hədiyyənin qiyməti o vaxtkı hesabla 22598 rubl 60 qəpik idi. 

Bundan əlavə, Xoca Zakar rəssam Baqdan Saltanovun mis lövhə üzərində surətini çəkdiyi Leonardo da Vinçinin “Sirli gecə” rəsmini da çara hədiyyə gətirmişdi. Bundan sonra Rusiya ilə ticarət əlaqələ­ri saxlayan erməni tacirləri üçün şərikli kompaniyalar yaratmağa hər cür şərait yaradılmış və gömrük məntəqələrindən onların gedib-gəlməsi üçün qadağalar gö­türülmüşdü. 1669-cu il dekabrın 3-də İsfa­handakı erməni ticarət kompaniyasından Stelan Mişsekov və Baqdan Saltanov da hökmdarın adına hədiyyələrlə Moskvaya getmişdilər. 1673-cü il yanvarın 7-də Xoca Zakar İsfahandan özünün ticarət xidmətçi­si Stepan Romadamskinin vasitəsilə çara 9 min 62 rubl dəyərində bəzəkli İran mal­ları göndərmişdi. 

Tarixçi alim Səfəvi dövlətinin hi­mayə etdiyi ermənilərin Qərb ölkələrin­də də özlərinə dayaq axtarışına başla­malarından söz açaraq dedi:

– 677-ci ildə katolikos Hakop Cuqa­esi Culfalının rəhbərliyi ilə Eçmiədzində din xadimlərinin yığıncağı keçirilmiş və Qərbi Avropaya nümayəndə heyəti gön­dərmək qərara alınmışdır. Nümayəndə heyəti İstanbula çatanda Hakop ölmüş və nümayəndə heyəti geri qayıtmışdır. Bu tərkibdən yalnız atasını müşayiət edən İs­rael Ori Avropaya səyahətini davam etdir­mişdir. 20 il Avropanı gəzib dolaşan İsrael Ori İtaliyada, Fransada və Almaniyada yaşamışdır. Fransanın yüksək dairələri ilə əlaqəyə girən İsrael Ori ermənilərin hi­mayə edilməsi məsələsini qaldırmış, lakin soyuq münasibətlə qarşılaşmışdır. 

Avropanın real köməklik göstərməyə­cəyinə əmin olan İsrael Ori bu işdə yalnız Rusiyaya arxalanmaq qənaətinə gəlmiş­dir. O, 1701-ci il oktyabrın 28-də arxi­mandrit Minas Vartapedlə birlikdə Bava­riya kürfüstünün (knyazının) elçisi kimi I Pyotrun qəbuluna gəlmişdir. Onlar erməni məlikləri adından çara və oğluna çox qiy­mətli hədiyyələri gətirmişlər.

İsrael Orinin və Minas Vartapedin çara gözqamaşdıran əntiq türk mallarını hədiy­yə gətirmələri xalis erməni bicliyi idi. Onlar Pyotrun strateji əhəmiyyətli isti boğazlara çıxmaq və İstanbulu ələ keçirmək üçün nə dərəcədə alışıb-yandığını bilirdilər. Bu səfərlə və gətirdikləri zəngin hədiyyələrlə onlar bu yanğını daha da qızışdırıb alov­landırmaq istəyirdilər. 

(ardı var)

Hazırladı:
T.AYDINOĞLU
XQ

Siyasət