“Qələbə” körpüsündə erməni məğlubiyyəti səhnəciyi

post-img

Ermənilər azərbaycanlılara böhtan atmaqda, yalandan şivən salmaqda pərgardırlar. Onlar bədxah niyyətlərinə çatmaq üçün min bir oyundan çıxmağa çoxdan adət ediblər. 

Bu zaman yalan, şər söyləməkdə lap ağını çıxarır, özlərini gülünc vəziyyətə salırlar. Düşünürsən ki, bu qədər də həyasızlıq, mənəviyyatsızlıq olarmı? 

Ermənistanda populyar olan “news.az”saytının dünən yaydığı bir xəbər ilə tanış olanda, bir daha əmin oldum ki, həqiqətən, erməni həyasızlığı heç bir sərhəd tanımır. Onlar ölkəmizə, xalqımızla böhtan yağdırmaq üçün ən iyrənc vasitələrdən istifadə etməyi özlərinə rəva bilirlər. 

Hörmətli oxucu, sizi çox yormayıb mətləbə keçmək istəyirəm. Dünən “news.am” xəbər yayıb ki, guya, sentyabrın ­10-da, saat 16.10 radələrində bir nəfər sakin İrəvandakı “Qələbə” (hansı qələbədən söhbət gedir – M.H.) körpüsünün düz kənarına gəlib birdən-birə qışqırmağa başlayıb. 

Ondan soruşublar ki, hay, sənə nə olub, nə üçün hay-küy salırsan? Hay əvvəlcə bilməyib, nə desin. Sonra “hadisə yerinə”  xilasedicilər və psixoloqlar “təşrif buyurublar”. Onlar da əvvəlcə güman ediblər ki, yəqin körpüdə qışqır-bağır salan bu hayın ya arvadı ona xəyanət edib. Ya da digər bir əsaslı problemi var ki, intihar etmək niyyətinə düşüb. 

Psixoloq soruşub: 

– Sənin dərdin, azarın nədir? Ermənistan xoşbəxtlər ölkəsidir, burada bütün problemləri həll etmək mümkündür...

İntihara cəhd edən şəxs isə deyib ki, əgər, həqiqətən, Ermənistan xoşbəxtlər ölkəsidirsə, niyə Laçın dəhlizi açılmır? 

Ağlı başında olan sakinlər həmin dialoqu eşidib vaxt itirmədən oradan uzaqlaşıblar.

Adətən, müharibə aparan ölkələr bir-birinə qarşı informasiya savaşı da aparırlar. Amma, erməni təbliğatı isə o qədər ucuzlaşıb və əxlaqsızlaşıb ki, normal məntiqlə bunları heç cür başa düşmək olmur. Onlar heç bir əxlaq normaları tanımadan Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparırlar. 

Bir müddət əvvəl erməni təbliğatı hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Xankəndi və ətraf ərazilərdə Laçın dəhlizinin bağlanması səbəbindən, guya, mühasirədə qalan erməni ailələrinin acından huşlarını itirdikləri, uşaq və qocaların taqətdən düşərək yeriyə bilmədikləri barədə nağıllar uydururdu.  Hətta hamilə qadınlarda erkən doğuşların baş verdiyini iddia edirdilər. Bunlar tamamilə gülünc və əsassız informasiyalardır. Adamda abır-həya olar da... 

Reallıq budur ki, bu günlərdə Azərbaycan Qırmızı Aypara Cəmiyyətinın Qarabağdakı ermənilər üçün göndərdiyi 40 ton unu qəbul etməyən separatçı rejim və onun havadarları indi dünyanı İrəvanın “Qələbə” körpüsündə sərsəm bir erməninin belə cəfəng oyunbazlıqları ilə aldatmağa çalışırlar.

Ola bilər ki, bu saxta informasiyanı xəstə təxəyüllü hansısa bir erməni jurnalisti uydurub. Körpüdəki “intihar səhnəsi”nin Ermənistanın dövlət təhlükəsizlik xidmətinin “fəaliyyətinin məhsulu” olduğu da istisna edilmir. Çünki belə bir məşum hadisə, həqiqətən, olsaydı, ermənilər onu mütləq lentə alar, sosial şəbəkələr vasitəsilə yayardılar. 

Bu, ucuz şounun məqsədi hər kəsə bəllidir. Erməni təbliğatının oyunbazlığı dünyanın böyük  sirk arenalarındakı mahir klounları belə heyrətə salır. Yuri Nikulinin çağdaş həmkarları “ayıbdır!” deyirlər.  

Bəli, xəstə erməni təxəyyülü budur! Görün, bizim bədnam qonşularımız hansı səviyyəyə düşüblər! 

M.HACIXANLI 
 XQ 

 

Siyasət