“Xankəndiyə status” bölgəni Ermənistana birləşdirmək imiş

post-img

Sergey Lavrovun açıqlamasına aydınlıq gətirməli məqamlar

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov G20 sammitinin nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında mübahisəli fikir səsləndirib. Həmin fikirlə bağlı ən böyük ziddiyyəti yazımızın sonunda diqqətə çatdıracağıq. Hələlik isə bildirək ki, Lavrov Ermənistan parlamentinin spikeri Alen Simonyana müraciətində vurğulayıb ki, İrəvan Qarabağı Bakıya Praqada verdi. Kremlin baş diplomatı Praqa dedikdə 2022-ci il oktyabrın 6-da Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilmiş görüşü nəzərdə tutub. 

Bəli, həm o görüşdən, həm də 2023-cü ilin mayında Brüsseldəki eyni formatlı təmasdan sonra Paşinyan Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirmişdi. O, Praqada ümumi ifadə ilə kifayətlənmişdisə, Belçikanın paytaxtındakı görüşdən sonra mövqeyini tam aydınlığı ilə açıqlamışdı: “Ermənistan, Qarabağ da daxil olmaqla, 86,6 min kvadratkilometr ərazidə Azərbaycanın suveren hüquqlarını tanıyır.” Bir qədər də konkretləşdirək: Lavrov məhz bu deyimə istinadən bildirir ki, Qarabağı Bakıya Rusiya 10 noyabr üçtərəfli Bəyanatı ilə yox, İrəvan Brüssel formatının nəticələrinə əsasən güzəştə (?) gedib. 

Maraqlıdır ki, Ermənistan parlamentinin mətbuat xidməti Lavrovun sözlərinə münasibət bildirərkən, A.Simonyanın Rusiyanın XİN rəhbərinin iddia etdiyi fikri işlətmədiyini vurğulayıb. Hələ atmaca da atıb: “Ermənistan Respublikası Milli Assambleyasının rəhbəri Rusiya Federasiyasının 10 noyabr bəyanatına sadiq qalaraq, 273 gündür bağlanmış Laçın dəhlizinin fasiləsiz fəaliyyətini bərpa edə biləcəyinə, üç ildir Azərbaycanda olan erməni hərbi əsirlərinin və digər məhbusların geri qaytarılmasını təmin edəcəyinə, həmçinin 10 noyabr bəyanatının bütün bəndlərinin tam şəkildə həyata keçirilməsinə çalışacağına ümid bəsləyir”.

Belə çıxdı ki, Lavrov özü mövzu yaradır və ona münasibət bildirir. Əslində, belə bir şey ola bilər. Çünki davamlı şəkildə Ermənistandan özünə qarşı ittihamlar eşidən Kremldə deyilməyənləri də deyilmiş kimi göstərmək müqavimətinin formalaşması mümkündür. Digər tərəfdən, lap tutalım, Simonyan elə sözü dilinə gətirməyib, amma erməni siyasi dairələrində Rusiyanın Qarabağı Azərbaycana verdiyinə dair formalaşmış baxış var. Çünki, ümumən, erməni cəmiyyəti və siyasi istableşmenti özündə “Qarabağa görə günahkar Rusiya” obrazını formalaşdırıb və bu baxış qətidir.

Əlbəttə, Simonyan “Rusiya üçtərəfli bəyanatla Qarabağı Azərbaycana verdi” deyib, ya deməyib, bizim üçün bunun bir o qədər əhəmiyyəti yoxdur. Vacib olan Rusiya XİN rəhbərinin məsələ barədə danışarkən, dilə gətirdiyi digər məqamlardır. Beləliklə, Praqa görüşü zamanı Ermənistanın Qarabağa güzəştə getdiyini vurğulayan Lavrov əlavə edib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda Qarabağın statusu ilə bağlı heç nə yox idi. Bu yerdə Lavrov haqlıdır. Çünki Azərbaycan Prezidenti İlham Əliyev də həmin gün xalqa müraciətində sənəddə status məsələsi barədə bircə kəlmənin də yer almadığını böyük qürur hissi ilə bildirmişdi. Deməli, status, dövlətimizin başçısının təbirincə desək, cəhənnəmə gedib. 

Ancaq Lavrov mətbuat konfransında dedi ki, guya, üçtərəfli bəyanat imzalanan gün tərəflər Qarabağın statusu məsələsinin sonra müzakirəyə çıxarılacağı haqqında razılıqlarını bildiriblər. Əlbəttə, hazırda Ermənistana qarşı, belə demək mümkünsə, diplomatik müdafiə mövqeyində olan rəsmi Moskvanın hərdən lavrovsayağı əks-hücuma keçmək niyyəti başadüşüləndir. O da başadüşüləndir ki, Rusiya Ermənistan daxilində və xaricində Qarabağ müstəvisində Paşinyan iqtidarına münasibətdə özünü göstərən qəzəb və hiddət ritorikasını, bir növ, körükləməklə məşğuldur. Ancaq bu, heç bir halda Lavrova əsas vermir ki, yumşaq desək, reallıqları təhrif yolu tutsun. 

Bəli, o da bir həqiqətdir ki, rəsmi Moskva Qarabağın statuslu bölgə varlığının davamına çalışıb. Lavrov mətbuat konfransında əbəs yerə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən söz açmadı. 44 günlük müharibədən sonra statusa dair fikirlər elə diplomatın özü tərəfindən dövriyyəyə buraxılıb. Hər dəfə də Azərbaycan tərəfi məsələnin yolverilməzliyini vurğulayıb. Ancaq necə deyərlər, erməni tutduğunu buraxır, Lavrov, daha doğrusu Rusiya buraxmır. İndi XİN başçısı elə görüntü yaradır ki, sanki Moskva Qarabağa status alıb verəcəkmiş, ancaq Paşinyanın Praqa və Brüsseldə söylədikləri mövcud istiqamətdəki səylərə nöqtə qoyub. 

Bu yerdə onu da deyək ki, əslində, Ermənistan parlamentinin mətbuat xidmətinin vurğuladıqları Rusiya XİN rəhbərinə tərs şapalaq kimi şeydir. Yəni Simonyan faktiki olaraq, Lavrova deyir ki, boş-boş danışmaqdansa, get Rusiyanın sülhməramlı kimi üzərinə götürdüyü öhdəliklərin icrası ilə məşğul ol. Əslində, eyni fikri Azərbaycan tərəfi də dilə gətirə bilər və zaman-zaman gətirib də. Nəzərə alaq ki, Qarabağda sayı on minə çatan qeyri-qanuni erməni hərbi birləşmələri mövcuddur və həmin birləşmələr məhz 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq, ərazidən çıxmalı idilər. Hələ sənədin digər şərtləri də var ki, İrəvan ona əməl etmir, Moskva isə susur... 

Digər yandan, onu da nəzərə alaq ki, Rusiya Qarabağla bağlı bütün məsələlərdə üçtərəfli bəyanatı, necə deyərlər, gözə soxmaqla, ehkamlaşdırmaqla məşğuldur. Həmin sənəddə isə Qarabağa status verilməsinə dair heç nə olmadığından, deməli, Rusiyanın Azərbaycan–Ermənistan danışıqlarının predmeti kimi görmək istədiyi məsələ tam cəfəngiyyatdır. Hazırda Moskva Lavrovun şəxsində həmin cəfəngiyyatı İrəvanın aramsız hücumlarından müdafiə arqumenti kimi istifadəyə çalışırsa, bunun adı siyasi riyakarlıqdır. Yaxşı olar ki, Rusiya XİN rəhbəri ümumən status terminini özünün leksikonundan tamamilə çıxarsın. 

Bəli, Lavrov Qarabağa status məsələsi ilə əlaqədar düşüncələrdən həm də ona görə uzaq durmalıdır ki, bu baxışlar Ermənistan cəmiyyətində illüziya yaradır, Paşinyana qarşı müxalif, revanşist-şovinist kəsimi azğınlaşdırır. Onsuz da bütün bəlalara görə baş naziri günahlandıran bu kəsim hesab edə bilər ki, Nikol hakimiyyətdən salınacağı təqdirdə, Qarabağa status məsələsi Moskvanın köməyi ilə həllini tapa bilər. Ancaq bu, heç vaxt olmayacaq və mövcud istiqamətdə hansısa tələb və iddia növbəti müharibə riski yaradacaq. 

Lavrov yaxşı bilir ki, Azərbaycan ­vaxtilə Qarabağa öz tərkibində ən yüksək səviyyəli statusun verilməsinə razı idi. Ancaq o zamankı erməni iqtidarı, daha doğrusu, Koçaryan-Sarkisyan tandemi bunu istəmədi. Paşinyan hakimiyyətə gəldi və “Qarabağ Ermənistandır və nöqtə” deməklə problemin birfədəlik həllinə çalışdı. Sonra baş verənlər isə hamıya yaxşı məlumdur – 44 günlük müharibə və darmadağın olunmuş Ermənistan ordusu, rüsvay duruma düşmüş erməni dövlətçiliyi. Ancaq müharibədə ölkəmiz də şəhid verdi. Üç mindən çox Vətən övladı həyatını itirdi. Ölkəmiz o canları ona görə verdi ki, Lavrov vaxtilə erməni iqtidarının qəbul etmədiyini təzədən danışıqlar masasına gətirməyə çalışsın?! 

Başqa bir yandan, fərz edək ki, Ermənistanda hakimiyyət dəyişikliyi yaşandı. Kim gələcək iqtidara? O kəslər ki, Koçaryan-Sarkisyan xuntasına yaxındırlar. Ermənistanda başqa heç bir qüvvə yoxdur. Yalnız “taxtdan salınmışlar” var. Biz otuz ilə yaxın müddətdə həmin xuntanın danışıqlar prosesini necə uzatdığına şahidik. İndi kim təminat verə bilər ki, nəzəri cəhətdən götürsək, Nikolun yerinə gəlməli olanlar eyni yolu təzədən tutmayacaqlar? Nəinki tutacaqlar, üstəlik itirilmişlərin bərpasına çalışacaqlar. 

Bu gün Paşinyan da eyni addımı atır, danışıqlar prosesini uzadır, status məsələsindən danışmasa da, çalışır ki, Qarabağla bağlı hansısa tutacaq yeri tapsın. Bölgə ermənilərinə müstəsna hüquq və azadlıqlar iddiası, bununla bağlı beynəlxalq mexanizmlərin yaradılması məsələsi məhz bu “çalışmanın” nəticəsidir. Lavrov bilməlidir ki, Nikolun və İrəvan rəsmilərinin irəli sürdüklərinin onun vaxtaşırı dilinə gətirdiyi status məsələsindən, prinsipcə, heç bir fərqi yoxdur. 

Ona görə də Rusiya Ermənistanı günahlandırmaq istəyirsə, başqa məsələlərdən söz açsın. Məsələn, açıq şəkildə desin ki, erməni xalqı nankordur. Nankordur ki, illərdir onu bəsləyən Rusiyaya zidd mövqeyi ilə seçilən Paşinyanın hakimiyyətə gəlməsinə göz yumdu. Rusiya XİN rəhbəri, eyni zamanda, deyə bilər ki, Qarabağı rus ordu birləşmələrinin hərbi dəstəyi ilə ələ keçirən Ermənistan Kremlin kölgəsində yatırdı, elə sanırdı ki, öz kölgəsidir. O kölgə yoxa çıxandan sonra Azərbaycan onu əzdi və bu əzilmənin yekunlaşmasına Moskva imkan vermədi, İrəvanı Bakının əlindən qurtardı. Sözümüz budur ki, Lavrov ritorikasını dəyişib belə şeylərə keçsin. Guya, statusdan danışmaqla nə isə dəyişəcəkmi? Qətiyyən yox! 

Bəli, heç nə dəyişməyəcək. Əksinə status məntiqi Azərbaycanla münasibətlərə xələl gətirəcək, Bakı-Moskva münasibətlərdəki onsuz da çox kövrək olan səmimiyyət bağlarını aradan qaldıracaq, Rusiya və Azərbaycan cəmiyyətlərində soyuqluq formalaşdıracaq və sair. Bunları nəzərə almayıb erməni avantürasına ton verməyə, yeni “çalarlar” gətirməyə, vaxtaşırı belə yanaşmanı təkrarlamağa dəyərmi? Bizcə, heç dəyməz. Çünki nağıllarda deyildiyi kimi, gözəl qız əjdahanı sevmir, nəinki sevmir heç onu əjdahaya ərə getməyə məcbur edən qüvvə də yoxdur. Hər nə qədər Rusiya özünü əjdaha saysa da, Ermənistan adlı qız “bakirəliyini” ona təslim etmək niyyətindən uzaqdır. O qızın öz sevdikləri, ağ atlı oğlanlar var. Onlar Qərbdədirlər. Bu gün də həmin aşnalar qızı öyrədib əjdahaya olanı-olmazı dedirdirlər. Qızın da ki, Kim Kardaşyan kimi, üzü- üzlər görüb. 

Nəhayət, sonda haqqında söz açacağımızı bildirdiyimiz ən böyük mübahisəli məqama nəzər salaraq yazımızı başa çatdıraq. Diqqət yetirək və görək Lavrov nəyə münasibət bildirərkən, nə deyir. Bu, son dərəcə vacibdir. Kremlin baş diplomatı “Rusiya üçtərəfli bəyanatla Qarabağı Azərbaycana verdi” iddiasına cavab olaraq, status məsələsini qabardır. Görəsən niyə? Nə üçün bu iddiaya cavab status məsələsindən danışmaq olmalıdır? Axı belə çıxa bilər ki, Moskva həmin məsələni yekunda Qarabağın Ermənistana verilməsi kimi nəzərdən keçirib. Bir halda ki, Praqada və Brüsseldəki görüşlərdə Qarabağ Azərbaycana verilib, demək Rusiyanın status məntiqi ilə bölgəni Ermənistana peşkəş etmək istəyi alınmayıb? Hə, indi cənab Lavrov, zəhmət çəkib dediyinə aydınlıq gətirsin. Suallara cavab versin. Təbii ki, əgər bacaracaqsa...

Əvəz CAHANGİROĞLU
 XQ 

 



Siyasət