Separatçılara qarşı Bakının “Şah!” gedişi

post-img

Humanitar yardımdan imtina etmək separatçılar üçün məğlubiyyət deməkdir

Əvvəlcə dünən Ağdam-Xankəndi yolunda və oradan kənarda baş verən ha­disələrin xronikasına nəzər yetirək. Bakının humanitar yardımı barədə in­formasiya yayılandan sonra bir qrup erməni təxribatçı yük maşınlarının qarşı­sını kəsmək məqsədilə Ağdam-Xankəndi yolundakı Rusiya sülhməramlılarının postunun qarşısına gəlib. Az sonra separatçıların “silahlı dəstələri” də ərazidə görünüb. Separatçılar sülhməramlılara qarşı fiziki təzyiqə əl atıblar. Yayılan video-görüntülərdə təxribatçıların sülhməramlıların avtomobilinə hücum çək­diyi, rusiyalı hərbçiləri təhqir etdiyi aydın görünür. Sülhməramlılar yalnız av­tomobili ərazidən uzaqlaşdırmaqla təxribatçılardan canlarını qurtara biliblər.

Cavabını gözləyən suallar

“Ağdam-Xankəndi yolu açılandan sonra Laçın yolu da 24 saat ərzində açıla­caq”. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev BBC-yə müsa­hibəsində açıqlayıb. “Yollar nə qədər çox olsa, hamı üçün bir o qədər yaxşıdır”, – deyən Prezidentin köməkçisinin sözlərinə görə, Qarabağdan olan ermənilərə Azər­baycanın digər vətəndaşları kimi dil, mə­dəni, dini, o cümlədən bələdiyyə hüquqla­rı təklif olunur.

İndi sual olunur: Ağdam-Xankəndi yo­luna toplaşıb Bakının göndərdiyi humani­tar yardıma etirazlarını bildirənlər Qara­bağın erməni əhalisinin rəyini, mövqeyini ifadə edirlərmi? Həmin hay dəstəsinin se­paratçılardan ibarət olduğunu erməni mənbələrinin özləri təsdiqlədi. Onlar Ruben Vardanyanın yaratdığı qondarma “Qarabağ təhlükəsizlik və inkişaf cəbhə­si”nin üzvləri imiş. Təxribatçılara təşkilatın “rəhbəri” Arşak Abramyan başçılıq edir. Əslində, separatçı hayların bu “yolkəsənli­yi” bir daha onu sübut edir ki, “Qarabağda humanitar fəlakət yaşanır” iddiaları siyasi avantüradan başqa bir şey deyil. Əgər, doğrudan da, “humanitar fəlakət” yaşanır­sa, Bakının göndərdiyi yardımı niyə qə­bul etməsinlər. Yoxsa, öyrədilmiş erməni qadının dili ilə “mən Türkün göndərdiyi undan bişirilən çörəyi yeyə bilmərəm” tər­zində komik və istehza doğuran reaksiya quraşdırmazdılar. Deməli, bunların “aclıq” kartı ilə manipulyasiya etdikləri şübhəsiz­dir. Bu, Ağdam-Xankəndi yolundan istifa­dəyə məqsədyönlü şəkildə Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəklədiyi qondarma rejim tərəfindən süni əngəllər yaradıldığını bir daha sübuta yetirir. Məsələyə bu prizma­dan yanaşanda əminliklə deyə bilərik ki, rəsmi Bakı Ağdam-Xankəndi yoluna hu­manitar yardım karvanını çıxarmaqla həm İrəvan iqtidarını, həm də Qarabağdakı separatçıları ciddi dilemma qarşısında qoydu. Yəni “aclıqdan əziyyət çəkən” er­mənilərin bu yükü qəbul etməmələri mən­tiqsizlikdir. Onların vəziyyətində undan imtina özünəqəsdə bərabərdir. Amma hu­manitar yükün qəbul edilməsi də Qarabağ erməniləri ilə revanşistlər arasında daxili münaqişənin alovlanması demək olar. Bəli, Bakı diplomatik müstəvidə özünün “Şah!” gedişi ilə separatçı yığnağını qaçıl­maz məğlubiyyətlə üz-üzə qoyub. 

...Keyfiyyət sertifikatı da üstündə

Azərbaycan Qızıl Aypara Cəmiyyə­tinin əməkdaşları, könüllülər ötən gün ərazidə qurulan çadırlarda gecələyib və istirahət ediblər. Onların əsas məqsədi Qarabağda yaşayan erməni əsilli vətən­daşlara humanitar yardımı çatdırmaqdır. Bunun üçün içərisində 40 ton un məmu­latı olan iki yük maşını Ağdam–Xankəndi yolunun üzərində dayanıb.

Bu arada bir qrup xarici jurnalist hu­manitar yardım karvanının dayandığı Ağdam–Xankəndi yoluna gəliblər. On­lara Azərbaycan Qızıl Aypara Cəmiyyə­tinin nümayəndələri məlumat veriblər. “Bloomberg”, “BBC”, “Gettyimage” kimi aparıcı media orqanlarının ölkəmizdəki nümayəndəliklərinin əməkdaşları ərazidə vəziyyətlə tanış olublar.

Oxuculara xatırladaq ki, humani­tar yardımın Xankəndiyə çatdırılması ilə bağlı cəmiyyətin əməkdaşları Qara­bağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhmərmalıları ilə danışıqlar aparıblar. Daha sonra humanitar yükün keyfiyyət sertifikatı Azərbaycan və rus dillərində sülhməramlı kontingentin həkiminə təq­dim edilib. Bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev məlumat verib. O, əlavə olaraq bunları bildirib: “Bizim əlaqə vasitələrimiz onlarda var. Gün ərzində ola bilsin ki, bizə cavab verilsin”. Fəqət günün sonuna qə­dər sülhməramlılardan hər hansı cavab alınmayıb.

Erməni mediasının yazdığına görə, Qarabağdakı separatçı rejimin oyuncaq “parlamenti”nin “sədri” David İşxanyan dünən keçirdiyi mətbuat konfransında deyib ki, Rusiya sülhməramlılarının Azər­baycanın yük maşınlarının Qarabağ (?) ərazisinə daxil olmasına imkan yaratmaq təklifi heç bir nəticə verməyib: “Rusiya sülhməramlılarının yeni komandiri Qa­rabağa bu yaxınlarda gəlib və daxili və­ziyyətlə tam tanış olmayıb. Burada bəzi epizodlar, elementlər var ki, bunları Ru­siya tərəfi daha yaxşı bilməlidir. Amma sülhməramlıların müvafiq kontingenti bi­zim yanaşmamızı, Azərbaycan tərəfinin mövqeyini çox gözəl bilir”.

İşxanyanın bu açıqlamasının özü Qarabağ ermənilərinin “acından ölürük” hay-küyünün siyasi şou olduğunu aydın şəkildə göstərir.

“Dqr”-nın oyuncaq “parlamentində” təmsil olunan “Vahid Vətən” adlı “partiya­sının” “lideri” Samvel Babayan isə bildirib ki, onların mövqeyi problemin paket həlli çərçivəsində, yəni yüklərin eyni vaxtda Laçın yolu və Ağdam–Xankəndi marşrutu vasitəsilə Qarabağa gətirilməsini nəzərdə tutur. Babayanın fikrincə, razılaşma pa­ketində qondarma “Artsax”ın statusu (?) məsələsi də öz əksini tapmalıdır: “Yəni yüklərin hara getdiyi aydın olmalıdır”. 

Jurnalistin Azərbaycan tərəfinin bu­nunla razı olub-olmayacağı sualına isə Babayan erməni həyasızlığını işə salaraq belə cavab verib: “Düşünürəm ki, bəli, ra­zılaşacaqlar”. 

Madam merin “Qarabağ yürüşü”nə STOP!

Parisin, Marselin və Strasburqun merlərinin müşayiət etdikləri “humanitar yüklü” fransız karvanı Laçın yoluna çatıb. Verilən məlumatlara görə, karvana Fran­sa paytaxtının meri madam Ann İdalqo başçılıq edir. Fikrimizcə, bu “humanitar jesti” ermənipərəst İdalqonun dövlətlər-arası münasibətlərə müdaxilə aktı kimi dəyərləndirmək daha doğru olardı. Hələ biz onu demirik ki, cinsindən asılı olma­yaraq erməni daşnaklara “züy tutan” birisi qosqoca Parisin meri olmağa layiq deyil. Bu “xeyriyyə aksiyası” ilə İrəvandakı re­vanşist iqtidara, Xankəndidəki separat­çılara açıq-aşkar dəstək verən Fransa Ermənistan–Azərbaycan sərhədinə qə­dər gəlib çıxıb. Onlar, guya, Xankəndidə “acından qırılanlara” humanitar yardım çatdırmağa çalışırlar. Onda madam və müsyölərdən soruşmaq lazımdır ki, əgər məramın, niyyətin səmimidirsə, nə üçün bu barədə əvvəlcədən Azərbaycan tərə­finə rəsmi müraciət etməmisiniz? Axı bunu sizdən Bakı deyil, ilk növbədə bey­nəlxalq qanunlar, diplomatik qaydalar tələb edir. 

Gözlənilən məlumat ermənilərin Te­leqram kanalları vasitəsilə yayımlan­dı. Fransanın üç böyük şəhərindən və əyalətlərdən Qarabağdakı ermənilər üçün göndərilən “humanitar yardım karvanı” dünən Ermənistan və Azərbaycan arasın­dakı şərti sərhəddə saxlanılıb. “Humanitar yardım”dan ibarət 10 “tır”-ı Azərbaycan sərhədçiləri Həkəri postundan ölkəmizin suveren ərazisinə buraxmamaq barədə qərar qəbul ediblər.

Beləliklə, Fransanın adı çəkilən şəhərlərindən toplandığı iddia edilən və Paris meri Ann İdalqonun müşayiət etdi­yi deyilən “humanitar yardım” maşınları bundan əvvəl Ermənistan hökumətinin göndərdiyi və bir aydan çoxdur Laçın yo­lunun o tərəfində gözləyən 21 “tır”-ın ya­nında “lövbər salıb”. Ermənilər “karvanla­rın” dayandığı həmin ərazidə “humanitar yardım mərkəzi” yaradaraq, yükləri qəbul edəcəklərini elan ediblər. Deyəsən, yük dolu bir avtomaşının günlük saxlanma xərcini çəkmək asan olmadığından indi bu xarakterli feyk-xəbərləri yaymağa baş­layıblar. Amma belə görünür ki, Hayastan bu “humanitar böhran”, “karvan- şou”su­nu bundan sonra da davam etdirmək niy­yətindədir.

Bölgədən verilən məlumata əsasən, fransızların “humanitar yardım” “tır“-ları Gorus istiqamətində hərəkətə başlayıb.

Kənar aktorlara ötürülən siqnal

Ermənistan hakimiyyətinin sülh da­nışıqlarının vaxtını uzatmaq və ya Azər­baycanla razılaşmadan boyun qaçırmaq istiqamətində qurduğu çeşidli ssenarilə­rin hamısı ortalıqdadır. İrəvanın sülh­dənqaçma siyasətinə kənar qüvvələrin dəstəyinə bəslədiyi ümidləri də zəifləmək üzrədir. Hazırda siyasi dalana dirənmiş İrəvan-Xankəndi daşnak-revanşist-sepa­ratçı tandeminin Bakının şərtlərini qəbul etməkdən başqa çıxış yolunun qalmadı­ğını özləri də etiraf etmək mərhələsinə çatıblar. 

Cənubi Qafqaz Tədqiqatlar Mərkə­zinin rəhbəri Fərhad Məmmədov he­sab edir ki, Qarabağ ermənilərinə Ba­kıdan ərzaq göndərilməsi o deməkdir ki, birincisi, Ağdam yolu işlək vəziy­yətdədir və buradan Xankəndiyə daha tez çatmaq mümkündür: “İkincisi, bu, Qarabağda “humanitar böhrandan” nara­hat olan ölkələrə ötürülən siqnaldır. Yəni Laçın yolundan yan keçməklə də erməni sakinlərə kömək etmək olar. Sadəcə, bu kömək Azərbaycan Respublikasının qa­nunları və normaları çərçivəsində edilmə­lidir. Bu isə Xankəndiyə aparan yeganə marşrut kimi Laçın yolunu siyasiləşdirmək cəhdlərinə Bakının tutarlı zərbəsi və “ac­lıq” mifinin miqyasını şişirtmə piar-kampa­niyasının təşkilatçılarına çağırışdır”.

F.Məmmədov onu da qeyd etdi ki, Qı­zıl Aypara Cəmiyyətinin ərzaq yükü Qa­rabağ ermənilərinə Azərbaycan cəmiyyə­tinə tezliklə reinteqrasiya olunmaları üçün konkret mesajdir: “Onlar gələcəklərinin Azərbaycandan asılı olduğuna inanmalı­dırlar. Bu qaçılmaz reallığı qəbul etməli və onları düşdükləri vəziyyətə separat-xunta rejiminin və Ermənistan hakimiyyətinin saldığını anlamalıdırlar. İndi onlar həyat­larının ən vacib seçimini etməlidirlər” 

Azərbaycan 44 günlük müharibədən sonra Qarabağda qalan problemlərin həlli üzrə praktiki siyasətini davam etdirir, bu istiqamətdə konkret addımlar atır.

Rusiyalı politoloq, “Vestnik Kav­kaza” informasiya agentliyinin baş di­rektorunun müavini Andrey Petrovun qeyd etdiyi kimi, Azərbaycan tərəfindən Ağdam-Xankəndi yolunun inşası sepa­ratçıların planlarının dağılması demək idi: “Bu, birinci addım oldu. İkinci addım Bakının Xankəndi istiqamətinə ərzaq yardımı göndərməsidir. Əgər İrəvanda və Xankəndidə deyirlərsə ki, Qarabağda aclıq, ərzaq qıtlığı var, erməni sakinlər yeməyə heç nə tapmırlar, bu halda yükü qəbul edilməlidir. Buna görə onlar Azər­baycana minnətdar olmalıdırlar. Bu, baş verərsə, Cənubi Qafqazda sülh prosesi­nin davamında maraqlı olan xarici aktor­lar da rahat nəfəs alacaqlar. Çünki yaran­mış vəziyyət de-fakto Qarabağ erməniləri və Bakı arasında dialoqun başlanması demək olacaq. Həm də bu dialoq heç kəsin müdaxiləsi olmadan, vasitəçilərsiz, Azərbaycan ərazisində baş tutmalıdır”. 

Hazırda bölgədə cərəyan edən ha­disələrə bir qədər fərqli prizmadan ya­naşan Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovun fikrincə, böyük hesabla indi Xankəndidəki ermənilərə hansısa ərzaq yardımı göstərmək üçün Bakının əlində aşkar səbəb yoxdur və bu, istisnasız olaraq, xoşməramlı bir jestdir: “Məgər orada təbii fəlakət baş verib? Zəlzələ, yaxud subasması olub? Yoxsa Qarabağda müharibə gedir? Er­mənilər özləri özlərini blokadaya salıblar. Ağdam və Əsgəran arasındakı yolu nə azərbaycanlılar bağlayıb, nə də ki rusiyalı sülhməramlılar. O yolu Qarabağ ermə­niləri bağlayıblar. Bütün bu oyunu konk­ret olaraq Ruben Vardanyan təşkil edib. Onu, ümumiyyətlə, Azərbaycan ərazisin­dən çoxdan qovmaq lazım idi. Ərzaq yar­dımının göndərilməsi faktına baxsaq, bu, ilk növbədə, Qarabağ erməniləri üçün test deməkdir. Həm də BMT TŞ-da yenidən Azərbaycana qarşı təxribatçı təbliğatı, ermənilərin üzləşdiyi “humanitar böhranı” şişirtməyə çalışanlar üçün testdir. Hesab edirəm ki, bütün bunları Qarabağ ermə­niləri üçün sonsuz ərzaq yardımlarına çe­virməyə dəyməz. Yalnız ona görə ki, onlar həmin ərzağı Azərbaycan ərazisində, bi­zim mağazalardan almaq istəmirlər?”. 

Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan jurnalistlərə açıqlamasında bildirib ki, onlardan nə üçün gecikdikləri­ni soruşa bilərlər: “Biz problemi müəyyən etməliyik. Hesab etmirəm ki, Qarabağda ermənilərin yaşadığı yerlərdə fəlakət var.Bu, subyektiv mövqeyimdir. Amma tərəf­daşlarımızın müəyyən rəyləri var. Onla­ra əsasən, sülh məramımızı göstərmək üçün həmin insanlara yardım etmək qə­rarına gəlmişik”.

Artıq oyunun həlledici mərhələsi yaxınlaşıb. Uğursuz gedişlərdən son­ra “Şah!”-la üzləşən cığal rəqibin “Mat!” olmaqdan savayı çıxış yolu qalmayıb. Amma bir faktı da unutmamalıyıq ki, söh­bət lövhə arxasında təmizliyinə və səmi­miyyətinə etimadımızın xeyli zəiflədiyi oyunçudan gedir.

P.S. Rusiyanın Xarici işlər na­ziri Sergey Lavrov və türkiyəli həmkarı Hakan Fidanın bu gün Moskvada Cənubi Qafqaz və Ukraynadakı vəziyyəti müzakirə edəcəkləri gözlənilir.

İmran BƏDİRXANLI, “Xalq qəzeti”







Siyasət