Xankəndi sakini Karen Matevosyana cinayət işi açılıb

post-img

Azərbaycan Respublikasının Xankəndi şəhərində yaşayan və özünü Karen Matevosyan kimi təqdim edən hərbi geyimdə olan şəxsin avqustun 21-də teleqram və digər internet informasiya resurslarında rus dilində yayımlanmış videomüraciəti üzrə Baş Prokurorluğun İstintaq idarəsində araşdırma aparılıb.

Baş Prokurorluğun mətbuat xidmə­tindən “XQ”-yə bildirilib ki, araşdırma zamanı qeyd olunan şəxsin videomüra­ciətində ölkəmizin ayrılmaz tərkib his­səsi olan Qarabağ bölgəsində yaşayan erməniəsilli şəxslərə səslənərək həmin ərazini qanunsuz olaraq dövlət təsisatları olan müstəqil “Artsax Respublikası” kimi adlandırması, ərazimizdə qanunvericiliyi­miz ilə nəzərdə tutulmayan və Azərbay­can Respublikasının Silahlı Qüvvələrinin tərkibində mövcud olmayan “Yerli özünü müdafiə qüvvələri” adlı qanunsuz yaratdı­ğı silahlı birləşmənin komandiri olduğunu açıq şəkildə bəyan etməsi, azərbaycan­lıları düşmən adlandırmaqla Azərbaycan xalqına qarşı nifrət məzmunlu çıxışlar etməsi, habelə aşkar surətdə internet in­formasiya resurslarından istifadə etməklə milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməsi müəyyən edi­lib.

Qeyd olunanlara əsasən avqustun 22-də Baş Prokurorluq tərəfindən fakta görə Cinayət Məcəlləsinin 279.1 (qanun­vericiliklə nəzərdə tutulmayan silahlı bir­ləşmələr və qruplar yaratma) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınması) maddələri ilə cinayət işi başlanaraq ibti­dai istintaqın aparılması İstintaq idarə­sinə həvalə edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

Q.QASIMOV, “Xalq qəzeti”

Siyasət