İrəvanın Nyu-Yorka şifrəli mesajları

post-img

Üzdə özünü müttəfiq, tərəfdaş, ədalət carçısı kimi göstərənlərin
arxada Ermənistana tərəfkeşlik etməsi aşkar sezilir

Hələ BMT Təhlükəsizlik Şurası­nın növbədənkənar toplantısında məlum müzakirəyə qədər maraqlı hadisələr baş verdi. Onlardan biri barədə dünən “armenpres” xəbər vermişdi. Saytın hayları muştuluq­layan “şad xəbəri” ondan ibarət idi ki, TŞ-də müzakirələrə bir gün qalmış ermənipərəst senatorlar Robert Menendes və Aleks Padilya ABŞ-ın BMT-dəki səfiri və TŞ-dakı debatlara sədrlik edəcək Linda Tomas-Qrinfildi “kəskin mövqe” ortaya qoymağa, Azərbaycan ha­kimiyyətinə təzyiq göstərməyə ça­ğırıblar. 

Bundan başqa, BMT-nin Nyu-Yorkda­kı mənzil-qərargahının önündə ABŞ-dakı erməni diasporunun təşkil etdiyi aksiya­da haylar yalan və böhtanla dolu şüarlar səsləndirib, hətta “Qarabağda acından ölən adamın şəkli” yazılmış foto-plakat qaldırıblar. Azərbaycanın Qarabağ iqti­sadi rayonunda yaşayan ermənilərdən bugünədək heç birinin acından ölmədiyi məlum faktdır. Onlar nəinki aclıqdan əziy­yət çəkirlər, tamamilə əksinə, Xankəndi­də, Ağdərədə hər gün toy-düyün məra­simlərini keçirir, ziyafətlər təşkil edirlər. Bu kef məclislərinin birində içib keflənən­dən sonra Laçın yoluna yürüş etmək xəyalına düşənlərin olduğu da danılmaz faktlardandır. İstər Avropada, istərsə də ABŞ-da erməni separatçı-daşnak-lobbist dairələrin təşkilatçılığı ilə keçirilən “etiraz aksiyalarının” birbaşa Vaşinqtona, daha doğrusu, onun Nyu-Yorkdakı nümayən­dəsinə ötürülən şifrəli mesajlardan başqa bir şey deyil. 

Əvvəlcədən planlaşdırılan “blokada”, “humanitar böhran”, “tır-şou” treklərindən ibarət popurri tamaşa-məzhəkəyə dirijor­luq etmək üçün Ermənistan XİN başçısı Ararat Mirzoyan Nyu Yorka gedib. 

* * *

Ermənistanın BMT-dəki daimi nü­mayəndəsi Mqer Marqaryanın gözlənilən çıxışında Qarabağdakı ermənilərin “total blokada” şəraitində yaşamasından, Azər­baycanın Laçın dəhlizini (?) 15 iyunda bağlamasından, bununla da Qarabağ ermənilərinin Ermənistana və dünyaya çıxışını kəsməsindən danışacağı şək­sizdir. Marqaryanın daha sonra TŞ-nın daimi və qeyri-daimi üzvlərinin diqqətinə bütün bunların nəticəsində bölgədə hu­manitar vəziyyətin ağırlaşdığını və yerli əhalinin gündəlik tələbat malları, dərman və yanacaq qıtlığından əziyyət çəkdiyini, hətta bir nəfərin acından öldüyünü qeyd edəcəyi şübhəsizdir. Onun beynəlxalq təşkilatları, dünya birliyini “Dağlıq Qa­rabağı humanitar təcriddən qurtarmaq üçün Azərbaycana təsir göstərməyə, La­çın dəhlizindəki sərhəd məntəqəsini ara­dan qaldırmağa məcbur etməyə, Artsax xalqını (?) məhvolma təhlükəsindən qur­tarmağa” çağıracağı da gözlənilən hay vay-şivənidir. 

Aydın məsələdir ki, rəsmi İrəvanın elçisinə cavab nitqində Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev Ermənistanın bölgədəki mövcud vəziyyətə dair BMT Təhlükəsizlik Şura­sına müraciətini yalan və dezinformasi­ya xarakterli manipulyasiya siyasətinin davamı kimi qiymətləndirəcək. Səfirimiz çıxışında Ermənistanı bölgədə vəziyyəti gərginləşdirən təxribatçı addımlardan və bəyanatlardan, ölkəmizin daxili işlərinə müdaxilədən çəkinməyə, beynəlxalq ic­timaiyyəti çaşdırmaq cəhdlərini davam etdirmək əvəzinə üzərinə götürdüyü öh­dəlikləri yerinə yetirməyə çağıracaq.

BMT TŞ-nın Ermənistanın “Qarabağ­dakı vəziyyətlə bağlı” tələbilə çağırılan növbədənkənar iclasında qurumun 5 da­imi üzvü – ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniya ilə yanaşı, 10 qeyri-daimi üzvü – Albaniya, Braziliya, Qabon, Qana, Birləşmiş Ərəb Əmirlikləri, Niger, Norveç, Sent-Vinsent və Qrenada, Tunis və Esto­niya da iştirak edirlər.

Oxucularımızın nəzərinə çatdıraq ki, adları çəkilən ölkələrdən Qabon, Qana, BƏƏ, Niger, Sent-Vinsent, Qrenada və Tunis, eyni zamanda, Qoşulmayanlar Hərəkatının üzvləridir. Yəni, bu ölkələrin Azərbaycanın yanında yer alacağına şü­bhə yoxdur.

* * *

Yeri gəlmişkən, Nyu-Yorkda müza­kirələrin başlanmasına bir neçə saat qalmış Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsə­dilə Azərbaycan ərazisinə sızmağa cəhd göstərib. Bununla bağlı Azərbaycan Mü­dafiə Nazirliyinin məlumatında deyilir: “Avqustun 16-da saat 11:15 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiy­yat-diversiya qrupu terror-təxribat əmə­liyyatları həyata keçirmək məqsədilə Or­dumuzun Kəlbəcər rayonu İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı boşluqlardan is­tifadə edərək Azərbaycan ərazisinə sız­mağa cəhd edib. Ermənistanın bu növbə­ti təxribatının qarşısı alınıb və diversiya qrupunun bir üzvü saxlanılıb”.

Ermənistan Müdafiə Nazirliyi isə Q.B. adlı əsgərin döyüş mövqeyini “özbaşına olaraq” tərk etdiyi haqda məlumat tirajla­yıb. Guya hazırda onun axtarışlarını hə­yata keçirirlər. 

Azərbaycan XİN İrəvana ünvanladığı növbəti bəyanatında Ermənistanı bölgə­də vəziyyəti gərginləşdirən təxribatçı ad­dımlardan çəkinməyə çağırıb.

 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”

Siyasət