BMT-dəki “erməni tamaşası” və vasitəçilik üçün təhdid

post-img

ABŞ, Rusiya və Avropa İttifaqı riyakarlığı, yoxsa səmimiyyəti seçir?

Hazırda tam qətiyyətlə demək mümkündür ki, Ermənistan rəhbərliyi, xüsusən də, xaricdəki ermənipərəst dairələr var gücləri ilə dünya ictimaiyyəti rəyinin Azərbaycan əleyhinə çevrilməsinə, bununla da beynəlxalq hüquq prinsiplərinin arxa plana keçməsinə, Qarabağın müstəqil quruluş kimi düşüncələrdə möhkəmlənməsinə çalışırlar. Bu, ikili standartlardan çıxış edən dünyanın köhnəki “metod”udur – əvvəlcə rəy yaratmaq, sonra qanunların həmin rəyə uğunlaşdırılmasına çalışmaq. Elə bu səbəbdəndir ki, beynəlxalq aləmdə qanunlar və hüquq normaları əxlaqın, indiki halda siyasi əxlaqın dalınca sürünməkdədirlər.

Əslində, BMT Təhlükəsizlik Şurasında dünən Qarabağdakı humanitar vəziyyətə dair keçirilmiş müzakirə təşəbbüsü də qeyd etdiyimiz “metodun” leqallıq qazan­masına hesablanmışdı. Əsas o götürül­müşdü ki, Azərbaycana təzyiq göstərilsin və ölkəmiz mövqeyindən geri çəkilsin. Bəs, diqqətə çatdırdığımız “prosesdə” iş­tirak edən kimlərdir? 

Ermənistan rəhbərliyi və xaricdəki ermənipərəst qüvvələrlə bağlı hər şey aydındır. Bu sıraya ənənəvi anti-Azərbay­can mövqeyi ilə seçilənləri də aid etmək mümkündür. Vasitəçi kimi üzərinə öhdə­lik götürmüş tərəflər necə? Onların möv­cud dolaşıq labirintdəki mövqeyi nədən ibarətdir? Nəhayət, onlar deyə bilirlərmi ki, BMT-də belə bir mənasız təşəbbüsü müzakirə etmək yersizdir. Bildirirlərmi ki, kənar meyillər vasitəçilik missiyalarına xələl gətirir? Xeyr, bildirmirlər.

Azərbaycan–Ermənistan münasi­bətlərinin tənzimlənməsinə, sülhün əldə edilməsinə ABŞ-dakı, Rusiyadakı və ya Avropadakı ədalətsizliyə həssas yanaşı­rıq. Yəni, məsələn, düşünmək istəmirik ki, Rusiyada kimsə ermənipərəst mövqe tutub əsl reallıqları təhrif edirsə, bu, hə­min adamın öz işidir, dövlətin məsələyə qarışacağı yoxdur. Qısaca desək, hər kəsin sərbəst fikir bildirmək azadlığının indiki halda keçərsizliyi qənaətindəyik. Eyni yanaşmanı ABŞ-a və Avropa İtti­faqına aid etməkdə də haqlıyıq. 

Birincisi, ona görə ki, qəbuledilməz, Cənubi Qafqazda sülh ritorikasına zidd fikirlərə vurğuladığımız qütblərdən re­aksiyalar ya gəlmir, ya da çox zəifdir. Onlar həmişə susurlar. Susqunluq isə razılıq əlaməti kimi qəbul edilir. Ən əsa­sı isə susqunluq erməni illüziyalarına qol-qanad verir. İkincisi, biz onu da gö­rürük ki, kimlərinsə ortaya atdığı məsu­liyyətsiz ritorikanın danışıqlar prosesinə daxil edilməsi yönümlü səylər var. Yəni, Bakı – İrəvan münasibətlərinin axarı­na əks hansısa fikir əvvəl ortaya atılır, sanki buna reaksiyalar öyrənilir, eyni zamanda, həmin fikir ictimai rəyə sırınır, ardınca aram-aram onun əsas müzakirə masasına çıxarılmasına cəhd göstərilir. BMT-də dünən keçirilmiş müzakirənin də məqsədi elə bu idi. 

***

Məsələyə qeyd etdiyimiz prizmadan yanaşaraq, ilk növbədə Rusiyanın üzə­rində dayanaq. Ölkənin ictimai rəyinin böyük əksəriyyətinin ermənipərəst oldu­ğu məlumdur. Yəni, bu kəsim üçün Qa­rabağı ayrıca erməni cəmiyyəti olaraq təqdim etmək su içimi kimi bir şeydir. Əl­bəttə, belə bir yanaşmaya rəsmi Mosk­vanın da zaman-zaman, xüsusən İkinci Qarabağ müharibəsindən sonra ortaya qoyduğu mövqe təsir göstərməkdədir. 

Ümumən, Rusiyanın ictimai rəyinin dövlətin mövqeyindən uzaqlığını demək mümkünsüzdür. Ola bilər, ölkədə han­sısa ekspertin, deputatın və kiminsə indiki məqamda söylədiyi hazırda rəsmi Moskvanın prioritetində deyil. Amma bu, bir siqnaldır. Nə zamansa Kreml onun üzərinə gələcək… 

Rusiyanın siyasi industriyasındakı vəziyyətə nəzər salaq. Söhbət BMT-nin Təhküləsizlik Şurasının Qarabağda hu­manitar vəziyyətə dair müzakirəsindən əvvəlki durumdan gedir. Bu platforma­da ermənipərəst ritorikanın incəliklərinə diqqət yetirəndə gördük ki, ölkənin icti­mai rəyi mövzu ilə bağlı sakitdir. Buna gözləmə mövqeyi demək daha məqbul­dur. Axı rəsmi Moskvanın özü də gözlə­yir. Gözləyir ki, xaricdəki ermənipərəst­lər öz “işlərini” görsünlər. Onsuz da Azərbaycana qarşı böyük dalğa var. İndi sakit qalmaq və Bakı ilə münasibətləri korlamamaq daha məqbuldur. 

Digər tərəfdən, ermənipərəstlərin hay-küyü – Qarabağın müstəqil quru­luş, oranın əhalisinin xüsusi imtiyazlı qrup kimi təqdimatları bəhrəsini versə, Rusiya həmin bəhrədən faydalanmağa girişəcək. Ölkə yaxşı bilir ki, Qarabağ, Azərbaycan–Ermənistan münasibətləri müstəvisində ermənipərəst ritorikanın güclənməsi yekun nəticədə onun xey­rinədir. Münaqişəli durum həllini tapma­mış qalacaq, vaxt uzanacaq və sair. 

***

Keçək ABŞ-a. Diqqət yetirək, nə vaxt ki, Azərbaycan – Ermənistan münasi­bət tənzimləməsinin Rusiyanın inhisa­rından çıxarılması məsələsi aktual idi, Birləşmiş Ştatlar Administrasiyası aktiv görünürdü. Dövlət Departamentinin elə bir rəsmisi qalmamışdı ki, bəyanat ver­məsin. Bəs, indi niyə susublar? Nəzərə alaq ki, hazırda BMT Təhlükəsizlik Şu­rasına sədrliyi edən ABŞ-dır. Vaşinqton Azərbaycan –Ermənistan münasibətlə­rində vasitəçidirsə, üstəlik o vasitəçilik­də ölkəmizin ərazi bütövlüyünün Ermə­nistan tərəfindən tanınması, ən əsası isə sülh müqaviləsinin imzalanması ak­tual əhəmiyyət daşıyırsa, bəs, BMT-dəki bu erməni oyunbazlığı nə üçündür? 

Vaşinqtonda bu oyunbazlığın onun vasitəçilik missiyasına zidd anlam da­şıdığını bilmirlərmi? Çox yaxşı bilir və dərk edirlər, sadəcə susurlar. Ağ ev Ad­ministrasiyasının susqunluğu təxminən bu deməkdir: Azərbaycan özü mübarizə aparsın, qalib gəlsin, sonra biz danı­şıqlar prosesinə vasitəçilik edərik. Sual olunur: Bakı özü mübarizə aparacaqdı­sa, bəs siz nə üçünsünüz? 44 günlük müharibə də prinsip etibarilə eyni ma­hiyyətə söykənmişdi. Azərbaycan öz torpaqlarını işğaldan qurtardı, yəni işin ağırlığının öhdəsindən gəldi, sonra va­sitəçilik missiyası işə salındı…

Ancaq ictimai rəyə təsir, beynəlxalq hüququn ermənipərəst ritorikaya qur­ban verilməsindən danışırıqsa, Birləş­miş Ştatlardakı çərənçi ekspert, sena­tor, konqresmen kəsim də kifayət qədər aktivdir. Biz onların da “müstəqil fikirlə­rinə” münasibətdə Ağ evin susqunluğu­nu görürük. Bəli, nəzərə alırıq ki, Rusi­yadan fərqli olaraq, ABŞ-da ictimai rəyə təsir instrumentlərinin idarə olunması mürəkkəbdir. 

Məsələn, BMT-də dünənki müza­kirədən əvvəl Senatın Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendez və Kaliforniya senatoru Aleks Padil­la ölkənin qurumdakı səfiri Linda To­mas-Qrinfildə Qarabağın blokadasının dərhal aradan qaldırılması tələbi ilə qət­namənin Təhlükəsizlik Şurasına təqdim edilməsi xahişi ilə məktub göndəriblər. Yəni, onlara başa salına bilməz ki, sizin bu məktubunuz ABŞ-ın sülh vasitəçili­yi missiyasına ziddir. Hələ beynəlxalq hüququ bir kənara qoyuruq. 

Rusiyada isə bu mənada idarəo­lunan mexanizm var. Rəsmi Moskva, əgər ona lazımdırsa, belə “təşəbbüslə­ri” özü təşkil edir, Birləşmiş Ştatlar isə durumu sərbəst buraxır və vəziyyəti formalaşdıranların qoyduqları ağırlı­ğa adekvat mövqe seçir. Əlbəttə, eyni zamanda, indiki halda Azərbaycan tərəfinin öz mövqeyini necə müdafiə edəcəyinə diqqət yetirərək qərar verir. Ölkəmiz qətiyyətlidirsə, menendezlər və padillalar keçir arxa plana. Yeri gəl­mişkən, onlar yenə də arxa plandadır­lar və bir müddət sonra ABŞ Administ­rasiyası heç nə olmamış kimi, özünün ənənəvi vasitəçilik xəttinə davam edə­cəkdir. Halbuki olan oldu. Vaşinqton er­məni avantürasının BMT-yə çıxmasına maneçilik törətmədi.

***

Avropa İttifaqı xətti. Ümumən, Av­ropa siyasi spektrində vəziyyətin daha mürəkkəb olduğunu söyləməliyik. “Köh­nə qitə” ermənipərəstliklə sanki nəfəs alır. Burada erməni avantürası naminə beynəlxalq hüquq normalarını tapdala­mağa hazır vəziyyətdə olan qatı siyasi konqlomerat mövcuddur. Diqqət yetirək, Ermənistan Azərbaycanla münasibətlər kontekstində din amilini ortaya heç də əbəs yerə atmır. İrəvan haqqında söz açdığımız kəsimin baxışlarına yaxşı bələddir. Bilir ki, onlar XII əsrin “Səlib yürüşləri” ab-havasındadırlar. Ermənis­tanın destruktivizmi həmin ab-havaya, bir növ, “ahəng” gətirir. 

Fikir verin, hazırda Avropa İttifaqı yoxa çıxıb. Qurumun Bakı – İrəvan münasibətlərinin nizamlanmasındakı missiyasından əsər-əlamət qalmayıb. Ermənipərəstlərin yaratdıqları ədalət­sizlik dünyası onu, obrazlı desək, Roma imperiyasının, Bizansın xarabalıqları arasında basdırıb. Aİ Şurasının prezi­denti Şarl Mişeldə də görünmür. Yəqin evdə oturub ermənipərəstlərin və an­ti-Azərbaycançı qüvvələrin BMT-də qur­duqları tamaşanı seyr edib. Çox güman, prosesləri izləyərək öz vasitəçiliyi üçün yeni libas toxuyub. O da sonra heç nə olmamış kimi, öz missiyasına davam edəcək… 

***

Ümumiləşdirmə apararaq, bir məqa­mı vurğulayaq. Azərbaycan onsuz da ikili standartlara öyrəşiklidir. Bakı otuz ilə yaxın müddətdə İrəvanla münasi­bətlər, danışıqlar müstəvisində onun ən müxtəlif təzahür formalalarını görüb və işini buna uyğun formada quraraq, diplomatiya meydanında uğur qazanıb və qazanmaqdadır. Ölkəmiz proseslərə səbr və təmkinlə yanaşır. Düşünülə bilər ki, vasitəçi tərəflər də səbr və təmkin nü­mayiş etdirirlər. Ancaq, bu, lazımsızdır, ən əsası isə sərfəli deyil. 

Məsələn, Azərbaycan Avropanın enerji təchizatında mühüm rola malik­dir. Avropa İttifaqı ilə əməkdaşlığımızın vacib seqmentini təşkil edən də budur. Mövcud durumda qurum Fransanı əsas götürərək, erməni avantürizminə müna­sibətdə səssiz qalırsa və nəticə etibarilə özünün vasitəçilik missiyasının həmin avantüristlər tərəfindən təhqirinə im­kan yaradırsa və üstəlik, kənar cəbhə­də tərəflərdən hansınınsa qazanacağı üstünlüyə fokuslanıb vasitəçilik etmək istəyirsə, deməli, öz missiyasına müna­sibətdə səmimi deyil. 

Eyni sözü ABŞ və Rusiya barədə də söyləmək mümkündür. Dünyanın iki super gücü xəstə erməni təfəkküründən irəli gələn məsələlərin girovundadır, oyuncağa çevrilib. Erməni xəstəliyi onlar arasındakı rəqabət mühitinə köklənib, tərəfləri ədalət hissindən yayındırırsa, şübhələrə salırsa, yeni metod və üsullar fikirləşməyə vadar edirsə, deməli, bu iki cinah da səmimiyyətdən uzaqdır. 

Bəs, ümumən ortada olan səmimiy­yətsizlik mühiti Azərbaycanın vasitəçi təşkilatla – Avropa İttifaqı və ölkələrlə – ABŞ və Rusiya ilə gələcək münasi­bətlərinə təsir göstərməyəcək? Əlbəttə, göstərəcək. Kim ki, hansı qüvvələr ki, Azərbaycanın haqq səsinin eşidilmə­sinə, ədalətli mövqeyinin təmin olun­masına loyallıq göstərirlərsə, əslində, beynəlxalq hüququn prinsiplərinin po­zulmasına, ali dəyərlərlə manipulya­siyaya yol verilməsinə seyrçi yanaşır­larsa, onların Bakı ilə əməkdaşlığının gələcək konturlarına baxmaq şərtdir. Yəni ikili standartlar da bir yerə qədər­dir. O, siyasət prizmasından çıxıb ikiüz­lülüklə əvəzlənirsə, buna bəraət əsla olmamalıdır və olmayacaq da. 

***

Sonda ən vacib məqama keçid alaq. Əvvəldə bir sual ünvanlamışdıq – va­sitəçilər özlərinə hörmət qoyurlarmı? Sual ritorikdir. Baxın, vasitəçilər Azər­baycan-Ermənistan danışıqlar prose­sini bir yerə qədər gətirirlər. Deyək ki, səy göstərirlər, əziyyət çəkirlər. Anidən Ermənistan rəhbərliyi və ermənipərəst­lərin ağlına nə isə gəlir və onlar tamam başqa xülyalara düşürlər. BMT-də dünən keçirilmiş müzakirə də həmin xül­yanın təzahür formasıdır. Belə çıxır ki, erməni avantürizmi hər an nə isə ortaya atıb əldə edilmiş pozitiv meyilləri sıra­dan çıxarmaq potensialındadır. Elə isə vasitəçilik lazımdırmı? Özlərinə hörmət qoymayanların gördükləri işə ehtiyac varmı? 

Əvəz CAHANGİROĞLU, “Xalq qəzeti”

Siyasət