Dünən Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, xarici ölkələrlə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və beynəlxalq parlament təşkilatlarında nümayəndə heyətlərinin başçıları Ermənistan tərəfindən beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq məqsədi güdən cəhdlərlə əlaqədar beynəlxalq parlament təşkilatlarının rəhbərlərinə və xarici ölkələrin parlamentlərinə müraciət ünvanlayıblar.
Müraciətdə Azərbaycanın beynəlxalq humanitar hüquqa və insan hüquqları üzrə normalara sadiq olduğu bir daha vurğulanır, Ermənistanın “blokada” və ya “humanitar böhranlar”la bağlı səsləndirdiyi əsassız iddialar qəti şəkildə rədd edilir, bunun Ermənistanın Azərbaycana qarşı apardığı geniş təbliğat kampaniyasının bariz təzahürü olduğu diqqətə çatdırılır.
Sənəddə bildirilir ki, Qarabağ bölgəsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir, orada yaşayan etnik ermənilər isə Azərbaycan sakinləridir. Bu regionun “Dağlıq Qarabağ” adlandırılması Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, milli qanunvericiliyinə və coğrafi adların istifadəsi ilə bağlı BMT-nin normativ bazasına ziddir.
Azərbaycanın suveren ərazisində yerləşən, eksterritorial statusu olmayan “Laçın dəhlizi” adlanan yola gəlincə, Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla bağlı öhdəliklərinə sadiq qalaraq, bu yol boyunca hərəkətə icazə verib.
Lakin Ermənistan yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş bu marşrutdan Azərbaycan ərazisində qanunsuz olaraq mövcud olan 10 minə yaxın silahlı qrupun rotasiyası, oraya silah, döyüş sursatı və minaların gətirilməsi, habelə bu ərazidən təbii sərvətlərin qanunsuz çıxarılması və ixracı kimi qeyri-qanuni hərbi və digər fəaliyyətlər üçün ardıcıl və açıq şəkildə sui-istifadə edib. Sərhəd keçid məntəqəsi yaradıldıqdan sonra isə Azərbaycanın Qarabağ regionundan Ermənistana mülki əhalinin hərəkəti xeyli artmış, cari il iyunun 15-dək bu məntəqədən 2 mindən çox şəxs keçib.
Müraciətin davamında deyilir ki, 2023-cü il aprelin 23-də Azərbaycan öz suverenliyini və təhlükəsizliyini qorumaq üçün legitim hüququnu həyata keçirərək, Ermənistan–Azərbaycan dövlət sərhədində Laçın yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsi qurmuşdur ki, buna da bu yoldan yuxarıda qeyd olunduğu kimi, Ermənistan tərəfindən geniş şəkildə sui-istifadə edilməsi səbəb olub.
Xüsusilə qeyd olunur ki, Ermənistanın Azərbaycanın Laçın sərhəd keçid məntəqəsini qanunsuz kimi qələmə vermək cəhdlərinin əksinə olaraq, Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) 2023-cü il 6 iyul tarixli Qərarı ilə Azərbaycanın şəxsi heyətinin Laçın yolundan çıxarılması ilə bağlı Ermənistanın müraciətini yekdilliklə və qəti şəkildə rədd edib.
Bir sıra intensiv məsləhətləşmələrdən sonra, nəhayət, humanitar yüklərin müxtəlif marşrutlar vasitəsilə Qarabağ bölgəsinə çatdırılması, eləcə də Azərbaycanın xüsusi nümayəndəsi ilə yerli erməni sakinlərinin nümayəndələri arasında görüşün təşkili ilə bağlı razılıq əldə olunub. Təəssüf ki, revanşist əhval-ruhiyyə ilə idarə olunan və normallaşma prosesi çərçivəsində öhdəliklərdən yayınan Ermənistan son anda razılaşmadan geri çəkilib, siyasi motivli və qanunsuz ilkin şərtlər, həmçinin müxtəlif bəhanələr irəli sürüb.
Müraciətin sonunda bildirilir ki, bu kritik mərhələdə beynəlxalq ictimaiyyət Ermənistanın manipulyasiya və dezinformasiya cəhdlərini rədd etməklə bağlı yüksək məsuliyyət daşıyır.
Sənəddə azərbaycanlı parlamentarilər tərəfindən xarici həmkarlarının qərəzsiz və ədalətli mövqe nümayiş etdirəcəklərinə, Ermənistanın təbliğatını rədd edəcəklərinə, obyektivliyə, həqiqətə, beynəlxalq hüquqa söykənən davranış sərgiləyəcəklərinə ümid ifadə olunur.
“Xalq qəzeti”

