“Meşəlidə qətliam törədən cinayətkarlar qanun qarşısında cavab verməlidir”. Bunu “Srebrenitsa Anaları” Assosiasiyasının sədri, tanınmış hüquq müdafiəçisi Munira Subaşiç deyib.
O, müharibə cinayətkarı Vaqif Xaçatryanın ələ keçirilməsi münasibətilə Meşəli kəndinin analarına üz tutaraq bildirib ki, onlar məhkəmələrə gedib cinayətkarın üzünə baxsınlar və ona desinlər ki, törətdiklərinə görə mühakimə olunmaq, cavab vermək anı yetişib.
Munira Subaşiç sonra bildirib: “Hörmətli qurban ailələri, sizə sevgi və salamımı çatdırır, həmçinin, sizi müharibə cinayətkarını ələ keçirdiyiniz və onu ədalətə təslim etdiyiniz üçün təbrik edirəm. Oğullarınızı öldürən, sizdən alan, onlara işgəncə verən cinayətkarların qanun qarşısında cavab verməsi çox vacibdir. Yalnız haqq və ədalət uğrunda mübarizənizi davam etdirsəniz, bu, baş verəcək. Cinayətkarların oğullarınıza qarşı törətdikləri cinayətlər barədə məhkəmədə ifadə verməlisiniz. Əziz analar, siz mübarizə aparmalısınız, haqq-ədalət uğrunda mübarizədən əl çəkməməlisiniz. Məhkəməyə gedin, cinayətkarın gözünə baxın və ifadə verin. Ona deyin ki, törətdiklərinə görə cavab verməyin vaxtı çatıb”.
“Xalq qəzeti”