İcma: Avropa Parlamentinin Cənubi Qafqazla əlaqələr üzrə nümayəndə heyəti üzvlərinin anti-Azərbaycan bəyanatını qınayırıq

post-img

Qərbi Azərbaycan İcması Avropa Parlamentinin Cənubi Qafqaz ilə əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri M. Kalyurdandın, Ermənistan üzrə daimi məruzəçi A.Kovaçevin və Azərbaycan üzrə daimi məruzəçi Z.Zovkonun Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər ilə bağlı guya “humanitar vəziyyətin” olduğunu iddia etdikləri anti-Azərbaycan bəyanatını qınayıb.

İcmanın mətbuat xidmətindən bildirilib ki, Avropa Parlamentində Azərbaycana və azərbaycanlılara qarşı qərəz sistemli xarakter daşıyır və hətta nifrət elementlərini ehtiva edir. Avropa Parlamenti, xüsusilə adları keçən üç deputat Azərbaycan ilə Ermənistan arasında fikir ayrılığı doğuran bütün məsələlərdə Ermənistanın mövqeyini müdafiə edib, bəzi hallarda onların tutduğu mövqe Ermənistanın mövqeyindən də radikal olub.

Vurğulanıb ki, Avropa Parlamentinin Ermənistanın yoxlanmamış iddialarını dərhal dəstəkləməsi fonunda onun Ermənistan ərazisində aparılmış etnik təmizləmə nəticəsində orada bir nəfər də olsun azərbaycanlının qalmaması, Azərbaycanın mədəni irsinin yer üzündən silinməsi, yer adlarının kütləvi şəkildə dəyişdirilməsi kimi insanlıq əleyhinə cinayətlərə susması açıq-aşkar qərəzdir.

Bütün bunlar onu göstərir ki, Avropa Parlamentinin məqsədi insan haqları, beynəlxalq hüquq və Ermənistan ilə Azərbaycan arasında sülhü təşviq etmək deyil, regionda gərginliyi körükləməkdir.

“Biz Avropa Parlamentini qərəzli yanaşmasından əl çəkməyə, Ermənistandan qovulmuş azərbaycanlıların verifikasiya və zəmanət mexanizmləri, hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma çərçivəsində sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmalarına dəstək verməyə çağırırıq”, - deyə məlumatda qeyd olunub.

Siyasət