Baş qatildən baş prokurora təxribatçı sorğu

post-img

Qətliam müəllifi Azərbaycanı indi də soyqırımında suçlayır...

Qarabağ separatçılarının lideri Arayik Arutyunyan Beynəlxalq Cinayət Məhkəməsinin sabiq baş prokuroru Luis Moreno Ocampoya açıq məktub ünvanlayıb. Yalan və riyakarlıq üzərində qurulan məktubda Qarabağ ermənilərinin blokadada qalması ilə bağlı cəfəng fikirlər səsləndirilir, mövcud olmayan “humanitar fəlakət”dən bəhs olunur. İşin ən gülməli tərəfi isə Arayikin “mövcud blokadanı” “soyqırımı” kimi qiymətləndirməyin mümkün olub-olmaması ilə bağlı ünvanladığı sualdır. Baş separatçı Luis Moreno Ocampodan soruşur: “2022-ci il dekabrın 12-dən xalqımızın Azərbaycan tərəfindən blokadaya alınması, xüsusən də 2023-cü il iyunun 15-dən Dağlıq Qarabağa bütün növ humanitar yardımların çatdırılmasının qarşısının alınması soyqırımı cinayəti sayıla bilərmi?” Növbəti sətirlərdə Arayik Azərbaycan rəhbərliyini bilavasitə hədəfə çevirmək məqsədilə daha bir dəqiqləşdirməyə ehtiyac duyur: “Bu cinayətə görə şəxsən kim məsuliyyət daşıya bilər?” Göründüyü kimi, Arayik sabiq baş prokurordan sadəcə nəsə soruşmur, daha çox sual şəklində ifadə etdiyi “əminliyi” təsdiq etdirməyə çalışır.

Hərbi cinayətkar avam kəndli rolunda

Qeyd etdiyimiz kimi, Arayikin məlum məktubunda ikrah və təbəssüm doğu­ran ən mühüm məqamlardan biri siyasi oyunbaz və hərbi cinayətkar olan baş qatilin avam kəndli obrazına girərək keçmiş baş prokurora istiqamətveri­ci suallar ünvanlamasıdır. Məktubda özünü hüquqi baxımdan məlumatsız, siyasi baxımdan səbatsız kimi təqdim edən Arayik küt bir sadəlövlüklə blo­kadanı soyqırımı kimi təqdim etməyin mümkünlüyünü soruşur, daha doğrusu, yanlış məlumat və təqdimatla onu bu sualı təsdiq etməyə sövq edir. Maraq­lıdır ki, Azərbaycan xalqına qarşı ağır hərbi cinayətlər, soyqırımları törədən, bu səbəbdən də İnterpol xətti ilə axta­rışda olan Arayik heç bir fakt və sübut təqdim etmədən Azərbaycanın özünü soyqırımında ittiham edir. Bunun üçün isə beynəlxalq aləmdə nüfuz sahibi olan sanballı bir şəxsin sözünə istinad et­məyə ehtiyac duyur. Baş separatçı bey­nəlxalq birliyi Azərbaycana qarşı qaldır­maq, onu siyasi şantaj və hədə-qorxuya məruz qoymağa cəhd edir. Təbii ki, Arayikin məqsədi bu yolla erməni se­paratizminin Qarabağdakı cinayətləri­ni pərdələmək, eləcə də Azərbaycanı beynəlxalq miqyaslı hücuma məruz qoymaqla özünümüdafiəyə keçməyə məcbur etməkdir. Görünür, Arayik və əlaltıları hesab edirlər ki, separatçıların düşdüyü indiki ümidsiz vəziyyətdə yalan və şantaj onların yeganə xilası ola bilər. Məhz buna görə də Arayik ermənilərin ənənəvi silahı olan yalandan bu dəfə də faydalanmağa, öz məkirli niyyətlərinə yalan vasitəsilə nail olmağa cəhd edir.

Arayik imdad dilədiyi şəxsi də aldadır

Arayikin məktubunda diqqətçəkən məqamlardan biri də baş separatçının imdad dilədiyi Luis Moreno Ocamponu da aldatması, ona yalan informasiya verməsidir. Belə ki, Arayik elə ilk sətir­dən Ocamponu, onun timsalında bütün beynəlxalq ictimaiyyəti aldadır, onları blokada yalanına inandırmağa çalışır. Arayik Luis Morenonu inandırmağa çalı­şır ki, guya, bu il iyulun 15-dən Xankən­di və ətraf ərazilərdəki ermənilər kənar aləmdən tam təcrid olunub, ölümə məh­kum edilib. 

Halbuki, Qarabağ ermənilərinin heç vaxt hər hansı blokadaya məruz qalma­dığı, Azərbaycanın Qarabağ erməniləri­nin Ermənistana sərbəst gediş-gəlişini təşkil etdiyi kimsəyə sirr deyil. Xankəndi ermənilərinin sosial mediada paylaşdığı foto və videolardan da Qarabağ ermə­nilərinin firavan dolu həyatı özünü aydın şəkildə əks etdirir. Belə olan halda Ara­yikin ermənilərə məxsus həyasızlıqla in­karçı mövqedə dayanması və dünyanı “blokada” yalanına inandırmağa çalış­ması baş separatçının hədsiz riyakarlı­ğından xəbər verir. 

Beynəlxalq qanun və konvensiyalar nə deyir?

“Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” 9 dekabr 1948-ci il tarixdə BMT tərəfindən qəbul edilən Konvensi­ya bu gün də beynəlxalq münasibətlər sistemində əsas meyar hesab edilir. Konvensiyaya əsasən, aşağıdakı ci­nayətlər “soyqırımı” əməli hesab edilir.

a) bu cür qrup üzvlərinin öldürülmə­si; b) bu cür qrup üzvlərinə ağır bədən xəsarətlərinin və yaxud əqli qabiliyyə­tinə ciddi zərər yetirilməsi; c) qəsdən hər hansı bir qrupun tam və ya qismən fiziki məhvini nəzərdə tutan həyat şəra­iti yaradılması; d) bu cür qrup daxilində doğumun qarşısını almağa yönəlmiş tədbirlərin həyata keçirilməsi; e) bir insan qrupuna mənsub olan uşaqların zorla başqa qrupa verilməsi.

Azərbaycanın istər Ermənistan, istəsə də Qarabağ ermənilərinə müna­sibətdə bu beş halın heç biri müşahidə edilməyib. Əksinə, Azərbaycan dövləti Qarabağ ermənilərinin sosial rifahının yaxşılaşması, onların separatçılardan müdafiəsi, zəruri ərzaq məhsulları, tibbi təchizat və s. ilə etibarlı şəkildə təmin edilməsi üçün bütün imkan və vasitələr­dən istifadə edib. 1948-ci il Konven­siyasında “soyqırımı” hesab edilən ci­nayətlərin hamısı həm Birinci Qarabağ müharibəsi, həm də Vətən müharibəsi dönəmində Azərbaycan xalqına qarşı törədilib ki, bu cinayətin müəlliflərindən biri də Arayik Arutyunyandır. Bundan başqa, ermənilər Ağdam-Xankəndi yo­lundan istifadəni qəti rədd edir ki, bu da həm rəsmi İrəvanın, həm də Qarabağ­dakı separatçıların “blokada” görüntüsü yaratmaqda maraqlı olduğunu göstə­rir. Brüsseldə əldə edilən razılaşmaya əsasən ermənilərin Ağdam-Xankəndi yolundan istifadə etmək istəməməsi onu deməyə əsas verir ki, Xankəndi və İrəvan “blokada” yalanını davam et­dirməkdə israrlıdırlar. Onların bu yalan­dan umacaqları yaşadıqları həqiqətdən daha çoxdur. Ancaq erməni separatizmi bilməlidir ki, bu cür siyasi şantajlarla Azərbaycan dövlətinin iradəsinə təsir etmək mümkün deyil. Azərbaycan böl­gədə separatizmin sonuncu müqavimət ocağını söndürməkdə qərarlıdır və bu­nun üçün bütün imkanlarından cəsarət­lə istifadə edəcək.

Seymur ƏLİYEV

 

P.S. Beynəlxalq Cinayət Məh­kəməsinin sabiq baş prokuroru Luis Moreno Ocampo da Arutyunyana cavab məktubu göndərib. Prokuror bildirib ki, o, faktları və qanunları təhlil edərək geniş hesabat hazır­layacaq. Qiymətləndirmə qərəzsiz olacaq.

L.M.Ocampo əlavə edib ki, soyqı­rımının icrası ilə bağlı düzgün nəticə çıxarmaq üçün Azərbaycan tərəfinin də mövqeyini öyrənib təhlil etməlidir.

Siyasət