Bu dəfə İrəvana “qulaqburmasını” kim verəcək?

post-img

Ermənilər “satqın, xain” hesab etdikləri soydaşlarına qarşı dəfələrlə terror aktları törədiblər

Müasir dövrdə beynəlxalq miqyaslı terror aktlarını dəfələrlə dəstəkləmiş dövlətlər terrorçuluğun sponsoru olan dövlətlər hesab edilir. ABŞ Dövlət Departamentinin rəsmi mövqeyinə görə, 2023-cü ildə bu siyahıya Kuba, İran, Şimali Koreya və Suriya daxildir. Siyahıda əvvəllər İraq, Liviya, Cənubi Yəmən və Sudan da yer alıb. Bir sıra dövlətlər də var ki, onlar beynəlxalq birlik tərəfindən terrorçu və ya terrorçuluğa sponsorluq edən dövlət kimi tanınmasalar da, terror siyasətindən fəal şəkildə istifadə edirlər. Heç şübhəsiz ki, əgər həmin dövlətlərdən ibarət siyahı tərtib olunsaydı, Ermənistan Respublikası orada ilk yeri tutardı. Yazdığımız fikir Ermənistana qərəzli yanaşmağın göstəricisi deyil. Bu, bir həqiqətdir ki, Ermənistan dövlət səviyyəsində terroru dəstəkləyərək terrorçuluğu hər zaman təcavüzkarlıq siyasətinin əsas vasitələrindən birinə çevirib.

Dünyada erməni terror təşkilat­larının 160 ildən çox (ilk erməni cə­miyyəti 1860-cı ildə İstanbulda ya­radılan “Xeyriyyə Cəmiyyəti” olub. Onun təşkilatçıları X.Şişmakyan və M.Beşikdaşyan “Zeytun qırğınları”­nın fəal iştirakçıları olublar–S.H.) yaşı var. 1869-1870-ci illərdə İstan­bulda “Kilikiya” adlı cəmiyyət təşkil edilib, 1874-cü ildə X.Kerekçyan Qarsda “Azadlıq” adlı gizli təşkilat yaradıb. 1881-ci ildə Ərzurumda “Vətən müdafiəçiləri” təşkilatı zühur edib. 1885-ci ildə Fransanın Marsel şəhərində “Armenakan” partiyası yaradılıb. 1887-ci ildə Cenevrə­də Qafqazdan olan bir qrup erməni tələbə tərəfindən “Hnçak” (“Zəng”) partiyasının əsası qoyulub. Qurumun əsas məqsədi Türkiyənin Anadolu bölgəsini, rus və İran Ermənistanla­rı adlandırdıqları əraziləri birləşdir­məklə “böyük Ermənistan” dövləti yaratmaq idi. Partiyanın proqramı­nın 4-cü bəndində göstərilir ki, qar­şıya qoyulmuş məqsədə çatmaq üçün təbliğat-təşviqat, terrorizm və dağıdıcılıq metodu seçilməlidir. Partiyanın ilkin məqsədi Türkiyədə siyasi cəhətdən müstəqil olan Ermə­nistanın yaradılmasına nail olmaq idi. Məqsədə çatmaq üçün təbliğat, fitnəkarlıq, terrorçuluq və təşkilat­lanma əsas metod seçilib.

Ancaq bu dövrdə yaradılan daha təhlükəli və qatı millətçi partiya 1890-cı ilin yayında təsis olunan Er­məni İnqilabi Federasiyası – “Daş­naksütyun” olub. “Daşnaksütyun”un 1892-ci ilin iyununda Tiflisdə ke­çirilən ilk qurultayı ermənilərin si­lahlanması, təşkilatlanması, silahlı üsyan, dövlət idarələrinə basqınlar, dövlət adamlarına sui-qəsdlər yolu ilə müstəqil demokratik respubli­ka yaradılmasını son məqsəd ola­raq qərarlaşdırdı. Partiyanın rəsmi manifestində bəyan edilirdi ki, öz məqsədlərinə çatmaq üçün inqilabi qruplar yaradılacaq və üsyanlara rə­vac veriləcəkdir. İnqilabçı qrupların yaradılmasını vacib sayan məqamlar rəsmi manifestdə çap olunub. Bura döyüşən dəstələrin yaradılması, xalqı silahlandırmaq üçün bütün va­sitələrdən istifadə, inqilabi komitələr təşkil edilməsi və onların arasın­da sabit əlaqələr qurulması, dövlət müəssisələrinin talanması daxil idi. Milli erməni dövləti yaratmaq “Daş­naksütyun”un minimum, Qara və Aralıq dənizlərindən Xəzərə qədər uzanan “böyük Ermənistan” yarat­maq isə maksimum məqsədi idi. Partiya məqsədə nail olmaq yolunu terrorda görürdü.

“Daşnaksütyun” fəaliyyəti ərzin­də keçmiş Osmanlı imperiyası əra­zisində türklərə, Rusiya imperiyası və Qacarlar dövləti ərazisində isə azərbaycanlılara qarşı çoxsaylı terror aktları, soyqırımları törədib. Daş­nakların 1905-1906-cı illər qırğınla­rında, 1918-ci ilin martında Bakıda baş verən soyqırımının təşkilində və həyata keçirilməsində xüsusi rolu olub. 1918-ci ilin ortalarından baş­layaraq daşnak Andranik Ozanyanın başçılığı ilə Zəngəzurda azərbaycan­lılara qarşı etnik təmizləmə aparılıb. 1920-ci ilin iyunundan 1922-ci ilin iyuluna qədər “Daşnaksütyun” “Ne­mezis” adı verilən əməliyyat həyata keçirib. Bu əməliyyat müstəqil eks­pertlər tərəfindən belə silsilə terror aktları kimi qiymətləndirilib. Əmə­liyyat zamanı 1920-ci il iyunun 19-da Azərbaycan Xalq Cümhuriyyəti­nin (AXC) keçmiş Baş naziri Fətəli Xan Xoyski Tiflisdə öldürülüb. Eyni vaxtda Cümhuriyyətin keçmiş ədliy­yə naziri Xəlil bəy Xasməmmədov yaralanıb. Qətl Aram Yerkanyan tərəfindən törədilib. 1920-ci il iyulun 19-da AXC Parlamentinin sədr müa­vini Həsən bəy Ağayev Tiflisdə qətlə yetirilib. 1921-ci il martın 15-də Os­manlı dövlətinin keçmiş daxili işlər naziri, adı daşnakların “qara siyahı”­sında birinci olan Mehmet Tələt paşa Berlində qətlə yetirilib. Mühakimə olunan Soqomon Teyleryan, qətli an­laqsız vəziyyətdə törətdiyi bəhanəsi ilə Berlin məhkəməsi tərəfindən bə­raət alıb.

1921-ci il iyulun 19-da AXC-nin keçmiş daxili işlər naziri Beh­bud xan Cavanşir İstanbulda (şəhər 1930-cu ilədək Konstantinopol ad­lanırdı-S.H.) öldürülüb. Bu qətli törədənlər də cəzasız qalıb. Həmin ilin dekabrın 5-də Romada Osmanlı imperiyasının Baş naziri Səid Halim paşa qətlə yetirlib. Cinayəti törədən Arşavir Şirakyan tutulmayıb. Həm­çinin 1922-ci il aprelin 17-də Berlin­də ailəvi gəzinti zamanı Trabzonun keçmiş valisi Camal Əzmi, iyulun 25-də Tiflisdə Osmanlı imperiyası­nın keçmiş dəniz donanması naziri Camal paşa öldürülüb.

Onu da qeyd edək ki, bu il apre­lin 25-də İrəvanda “Nemezis” terror əməliyyatına həsr olunan abidənin açılışı olub. Bu abidənin qoyulması Ankara ilə münasibətləri normal­laşdırmaq istiqamətində danışıqlar aparan rəsmi İrəvanın nə dərəcədə qeyri-səmimi olduğunun göstəricisi hesab oluna bilər.

Sonrakı illərdə ermənilər tərə­findən dünyanın müxtəlif ölkələrin­də “Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu” (ASALA), “Geqan”, “Geqaron”, “Erməni azad­lıq hərəkatı” (AOD), “Erməni azad­lıq cəbhəsi”, “Orli” qrupu, “Erməni soyqırımı ədalət komandosları”, “Er­məni birliyi”, “Demokratik cəbhə”, “Apostol” kimi qayəsində terror akt­larının törədilməsi dayanan təşkilat­lar yaradılıb. Erməni terror təşkilat­larının 1973-cü ildən 1984-cü ilədək xaricdə yaşayan türklərə etdikləri sui-qəsdlər nəticəsində 31-i diplo­mat və onların ailə üzvləri olmaqla, ümumilikdə 58 Türkiyə vətəndaşı qətlə yetirilib. “Böyük Ermənistan” xülyasının arxasınca düşən bu ter­ror təşkilatlarının bəziləri hazırda da fəaliyyət göstərir.

***

Maraqlıdır ki, ermənilərin terror­çuluq əməlləri onların satqın, xain hesab etdikləri öz həmvətənlərinə münasibətdə də törədilib. Məsələn, elə “Nemezis” əməliyyatı çərçivə­sində, satqınlıq etdiklərinə görə, Mkrtıç Arutyunyan, Vahe Yesayan və Adur Yaysyan qətlə yetiriliblər. Ancaq ermənilərin daxildəki ən bö­yük qırğını 1999-cu ilin oktyabrın 27-də parlamentdə törədilən terror aktıdır. O zaman Qarabağ məsələsi üzrə danışıqlarda xeyli məsafə qət edilmişdi. İrəvan və Bakı sülhə yaxın idi. Noyabrın 18-19-da ATƏT-in İs­tanbulda keçiriləcək sammitində işti­rak üçün ABŞ Prezident Bill Klinto­nun da Türkiyəyə gəlişi gözlənilirdi. Sammitin keçirilməsinə 20 gün qal­mış parlamentdə terror aktı törədilib. Nəticədə 8 nəfər, o cümlədən Ermə­nistanın baş naziri Vazgen Sarkisyan, parlamentin spikeri Karen Demirçi­yan, vitse-spikerlər Ruben Miroyan və Yuri Baxşyan, operativ məsələlər üzrə nazir Leonard Petrosyan, depu­tatlar Armenak Armenakyan, Henrik Abramyan və Mikael Kotanyan qət­lə yetiriliblər. Beləliklə, İstanbulda hansısa razılaşma əldə etmək müm­kün olmayıb.

İndi də Ermənistanla Azərbay­can arasında danışıqlarda müəyyən irəliləyişlər var. Vaşinqtonda və Brüsseldə aparılan danışıqlar sülhün əldə olunacağına inam yaradır. Belə bir məqamda revanşistlərin fəallaş­ması onların prosesi ənənəvi üsul­larla pozmasına gətirib çıxara bilər. Ancaq indi 24 il əvvəlki dövr deyil.

Ermənistanda hansı proseslərin baş verməsindən asılı olmayaraq, Azərbaycan öz məqsədinə çatacaq. Dövlət başçımızın mayın 3-də Şuşa­da “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransda dediyi kimi, biz onların konstruktivliyinə ümid edirik: “Əgər onlar konstruktiv olmasalar, biz dip­lomatik tədbirlərdən başqa hər hansı bir digər tədbirlərə əl atmağı planlaş­dırmırıq. Bu qədəri bizə bəsdir. Buna görə, sadəcə, sülh olmayacaq, kom­munikasiyalar açılmayacaq. Onlar yenə də təcrid olunacaqlar və onlar bu yeni geosiyasi konfiqurasiyada özlərinə yer tapmalı olacaqlar. Çünki bütün geosiyasi vəziyyət, – söhbət təkcə regiondan deyil, qlobal vəziy­yətdən gedir, – dəyişib. Bizim orada öz yerimiz var. Bu yer çox sabitdir və getdikcə daha da möhkəmlənir. Lakin onlar üçün bu, böyük çağırış olacaqdır”. Bəli, Ermənistanın yeni çağırışlar qarşısında özünü necə aparacağını, necə duruş gətirəcəyini əlahəzrət zaman göstərəcək.

İlyas HÜSEYNOV,
politoloq

– Nikol Paşinyan sülh istə­diklərini dəfələrlə bəyan edib. Lakin onun bu çıxışlarına inan­maq çətindir. O, bir tərəfdən sülh çağırışları edir, digər tərəfdən isə təxribatlara rəvac verir. Məsələn, İrəvandan Xankəndiyə doğru hərəkət edən humanitar yük kar­vanı bunun göstəricilərindən bi­ridir. Yaxud, Hindistan istehsalı olan hərbi texnikalar İran vasitə­silə Ermənistana daşınır. Yəni, sülhdən danışan adam bu qədər məkrli davranaraq sülhü pozmaq üçün addımlar atmaz.

Məsələnin ikinci tərəfi Pa­şinyanın sülh müqaviləsinə imza atacağı təqdirdə, bunu daxili auditoriyanın, revanşistlərin, o cümlədən daşnakların necə qəbul edəcəyidir. Şübhəsiz ki, Hayastan baş naziri sülh müqaviləsini im­zaladıqdan sonra ona qarşı böyük müqavimət hərəkatı başlayacaq. Ona qarşı sui-qəsd cəhdləri də ola bilər. Lakin hətta Nikol Pa­şinyanın həyatı bahasına olsa da, Ermənistan sülh müqaviləsini im­zalamalıdır. Çünki sülhün alter­nativi yoxdur.

Səxavət HƏMİD, “Xalq qəzeti”



Siyasət