BAYRAQDAR

post-img

Ümummilli lider Heydər Əliyev 1974-cü ilin yanvar ayında Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsinin sakini, mexanizator Barat Məhərrəmovun ailəsində qonaq olmuşdur

Xəzərdən xəfif meh əsirdi. Əsdikcə də sanki Lənkəran barədə, onun vətənpərvər, işgüzar övladları haqqında həzin, xoş nəğmələr oxuyurdu. Evləri Xəzərdən çox da uzaqda deyildi. Uşaqlıq illəri bu yerlərdə keçib. Bu gün arxada qalan o günlər göz işlədikcə uzanan barlı-bərəkətli sahələrdə, yamaclarda yaz dumanı kimi əriyib. Yadındadır, o da yaşıdları ilə sahilə gələr, Xəzərin mavi sularına baş vurardı. Sonra müharibə başladı. Əli silah tutanlar faşizmə qarşı mübarizəyə qalxdılar. Atası Əziz Məhərrəmov müharibəyə gedəndə Barat 9 yaşında idi. Az sonra əmiləri cəbhəyə yola düşdülər. Barat onda kənd məktəbində oxuyurdu. Müharibədən sonra qonşu Gərmətük qəsəbə tam orta məktəbini bitirdi.

Doğulub boya-başa çatdığı Aşağı Nü­vədi qəsəbəsi Lənkəran rayonunun ən yaraşıqlı və sosial-iqtisadi cəhətdən inki­şaf etmiş iri yaşayış məntəqələrindəndir. Burada yaşayanlar çox işgüzar, təbiətcə sakit, səmimi, xeyirxah və olduqca qo­naqpərvərdirlər.

Barat danışdıqca xəyalı qanadlanır. Maraqlı, qibtə ediləsi həyat yolundan, mexanizator işlədiyi illərdən söz açır. Ürəyinin hərarətini, qəlbinin odunu torpa­ğa səpələyə-səpələyə sınaqlardan keçib. 13 yaşından ağır zəhmətə qatlaşıb, bara­ma saxlayıb, çəltikçilərlə çiyin-çiyinə ça­lışıb. 1951-ci ildə Lənkəran Maşın-Trak­tor Stansiyasında traktorçular kursunu bitirib. Əvvəl Lənkəran Maşın-Meliorasi­ya Stansiyasında, 1973-1995-ci illərdə doğma təsərrüfatda işləyib. Bəzən səhəri tarlada açıb. “Dəmir at”ı ilə torpağı şum­ladıqca rahatlıq tapıb. Tərəvəzçilər də onun işindən razılıq ediblər. İllər keçsə də yaşıdları, onunla birgə çalışmış həm­yerliləri bu gün də Baratın işindən böyük həvəslə, razılıq hissi ilə danışırlar. Deyir­lər ki, Sovetlər dövründə respublikanın heç yerində, bəlkə də daha geniş məkan­da Barat kimi öz işini mükəmməl bilən, sənətinə məsuliyyətlə yanaşan, təsərrü­fata can yandıran ikinci belə mexanizator olmayıb. O, əsl qəhrəman idi, sənətinin, peşəsinin vurğunu olan adlı-sanlı mexa­nizator…

Mexanizator işlədiyi Baloğlan Abba­sov adına sovxoz o illərdə Ümu­mittifaq miqyasında irəlidə gedən ən iri və qabaqcıl təsərrüfatlardan idi. Sahələri əkinə hazırlanmasında Barat Məhərrəmov və onun kimi mexanizator­lardan asılı idi. Ustası qocaman mexa­nizator Həsən Əliyevdən öyrəndiklərini işində bacarıqla tətbiq edirdi. İdarə etdiyi “S-100” markalı traktoru ilə ildə 80 min kubmetr əvəzinə 145 min kubmetr torpaq işi görürdü. O, hami-tərbiyəçi idi, Lənkə­ran 113 nömrəli texniki peşə məktəbində oxuyan mexanizator qrupunun şagirdləri onun yanında təcrübə keçirdilər. Sonra­lar onların hər biri tanınmış mexanizator oldu, ustalarının adını iş və əməlləri ilə ucalara qaldırdı.

Barat Məhərrəmov sovxozun bayraq­darı idi. Onu rayonun hər yerində belə ta­nıyırdılar. Məhsul bayramlarında, müxtə­lif mədəni-kütləvi tədbirlərdə sovxozun keçici Qırmızı bayrağını qabaqcılların önündə aparmaq, adətən, Barat Məhər­rəmova etibar edilirdi. O, bayrağı inamla, qürurla aparır və bununla fəxr edirdi. Hə­min bayrağı mexanizator olduğu təsərrü­fata Azərbaycanın rəhbəri Heydər Əliyev təqdim etmişdi.

Bu da qəsəbənin mərkəzi meydanı. Uca sərv ağacları, gözəl ağ akasi­yalar qəsəbənin dörd tərəfini üzük qaşı kimi dövrəyə alıb. Lənkəran çiçək­lərinin ətri ətrafa yayılıb. Birdən- birə qəl­bində kövrək hisslər baş qaldırır. Meydan Heydər Əliyevin qəsəbəyə gəlişi müna­sibətilə salınmışdı. 1974-cü ilin yanvar ayı idi. Heydər Əliyev başda olmaqla Lənkəran fəallar yığıncağının iştirakçı­larından bir qrupu Baloğlan Abbasov adına sovxozun tərəvəzçiləri ilə görüşə gəlmişdi. Qabaqcıl mexanizator Barat Məhərrəmov iştirakçılar arasında idi. Bö­yük rəhbərin dahiyanə nitqi onda zəngin, xoş təəssürat oyatdı. Respublika rəhbəri Heydər Əliyev Baloğlan Abbasov adına sovxozu tərəvəzçiliyin flaqmanı adlandır­dı. Əməklərinə verilən bu qiymət salonu ayağa qaldırdı. Barat da alqışlara qoşul­du. Həmin il sovxozda 22 min tondan çox tərəvəz yığılmış, hər hektarın məhsuldar­lığı 445 sentnerə çatdırılmışdı. Sovxoz o dövrdə öz məhsullarını SSRİ-nin 200-dən çox şəhərinə göndərirdi. Respublika­da ildə iki dəfə məhsul yetişdirmək təcrü­bəsi bu təsərrüfatda sınaqdan çıxarılmış və yaxşı nəticə əldə edilmişdi. Yüksək təsərrüfat göstəricilərinə görə sovxozdan 2 nəfər Sosialist Əməyi Qəhrəmanı adı­na layiq görülmüşdü, neçə-neçə əməkçi müxtəlif orden və medallarla təltif olun­muşdu. Baratın sinəsini bəzəyən “Şərəf Nişanı”, İkinci dərəcəli “Şöhrət” ordenləri, “Əmək igidliyinə görə”, “Rəşadətli əməyə görə”, “Əmək veteranı” medalları o illər­dən yadigardır. O, SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin iştirakçısı idi. O illərdə “QAZ-24” markalı minik maşını ilə mükafatlandırılmışdı. 

Barat bütün ömrünü, bilik və bacarı­ğını təsərrüfatın yüksəlişinə həsr etmişdi. Rəhbərlikdə də əməyini yüksək qiymət­ləndirirdilər. 

Barat hələ də respublika rəhbəri Heydər Əliyevin nitqinin təsiri altın­da idi. Təəssüratını ailə üzvləri ilə bölüşürdü. Elə bu vaxt maşınların siqnal səsi ətrafı diksindirdi. Böyük bir maşın karvanı həyətlərinə üz tutmuşdu. O, ilk andaca heç nə anlaya bilmədi. Qabaqda Heydər Əliyevi, onun ardınca Sov.İKP MK katibi F.D. Kulakovu, Lənkəran Şəhər Partiya Komitəsinin katibi İsa Məmmədo­vu, rayon XDS İcraiyyə Komitəsinin sədri Sərhad Məmmədovu və digər rəsmi qo­naqları görəndə qanad alıb uçmaq istədi. Belə mötəbər qonaqların gəlişi hər ailəyə nəsib olmayan bir xoşbəxtlik idi. Evin xa­nımı Yusra Məhərrəmova təndirə çörək yapırdı. Yusra xanım qonaqları ətri ətrafa yayılmış isti təndir çörəyinə qonaq etdi. Qonaqlar çörəkdən kəsib razılıqlarını bil­dirdilər. İsa Məmmədov Baratı qonaqlara təqdim etdi:

– Rayonumuzun ən qabaqcıl mexani­zatorlarındandır. – dedi. – Onun şərəfinə Lənkəranın mərkəzi meydanında bayraq qaldırılıb.

Heydər Əliyev İsa Məmmədovun dediklərini tərcümə edəndə F.D.Kulakov Baratın əlini sıxdı. İstək və arzularını so­ruşdu.

Barat həyəcanlı idi, özünü toplayıb dedi:

– Ən böyük arzumuz sülh və əmin-amanlıqdır. Qoy hər yerdə sülh, təmiz səma və Günəş olsun!..

Baratın dediklərini MK katibinə tər­cümə etdilər. F.D.Kulakov təzədən Bara­tın əllərini sıxdı və minnətdarlıq etdi. 

Heydər Əliyev və digər rəsmi qonaq­lar ailənin ev şəraiti və yaşayış tərzi ilə maraqlandılar. Barat fürsətdən istifadə edib qonaqları evə – çay süfrəsinə dəvət etdi.

Evin yuxarı başında atası Əziz Məhərrəmovun çərçivəyə alınmış şəkli­nin yanında Heydər Əliyevin portreti asıl­mışdı. Moskvalı qonaq Heydər Əliyevin portretini görüb, Baratdan soruşdu:

– Rəhbərinizi çoxmu sevirsiniz?

– Belə rəhbəri sevməməkmi olar?! – deyə Barat sevincək bildirdi. – Onu hər ailədə, respublikanın hər yerində sevirlər. Heydər Əliyev hər birimizin əzizi, sevim­limizdir.

Sovxoz təsərrüfatında onda köh­nə markalı traktorlardan istifadə edilir­di. Heydər Əliyev bunu biləndə tapşırdı ki, sovxoza yeni traktor verilsin. Barat Məhərrəmov həmin traktoru 20 ilə yaxın idarə etdi. Sonra oğlu Təvəkkül Məhərrə­mov atasının yolunu davam etdirdi. Çox keçmədi ki, Təvəkkül də rayonda qabaq­cıl mexanizatorlardan biri oldu.

Barat böyük ailə başçısıdır. Ömür yoldaşı Yusra xanımla 7 uşaq böyüdüb, hamısını yerbəyer edib. Nəvələrindən Baratəli və Amal sərhədlərimizin keşiyin­də ayıq-sayıq dayanmışlar. 

Həyat beləcə davam edir. Ümum­milli lider Heydər Əliyevin vəfatı xəbərini, o, çox ağır kədər hissi ilə yaşadı. 12 dekabr 2003-cü il idi. Barat bu xəbəri eşidəndə dərhal Aşağı Nüvədi qəsəbə icra nümayəndəliyinə gəldi. Ge­cədən xeyli keçmişdi. İcra nümayəndə­si Rza Rzayev iş otağında idi. Az sonra qəsəbə fəalları da yığışdılar. Baratın iş­tirakı ilə hüzn günü ilə əlaqədar qəsəbə­nin bir neçə yerində çadırlar quruldu və ümummilli liderin işıqlı xatirəsinə ehsan­lar verildi. Ehsanda şəhər icra hakimiyyə­tinin başçısı və digər rəsmi qonaqlar da iştirak etdilər. 

Evin yuxarı başında Heydər Əliyevin mərmərdən hazırlanmış büstü qoyulub. Onu Barat Məhərrəmova həmin dövr­də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı işləmiş Zeynal Nağdəliyev təq­dim edib. Onun önündən tər çiçəklər əskik olmur. Hər ilin anım günündə isə Barat Məhərrəmov Heydər Əliyevin ru­huna ehsan verir. Sonra ailəliklə şəhərin mərkəzi meydanına gələrək, ulu öndərin burada ucaldılmış abidəsi önünə güllər düzür və sanki qarşısında hesabat verir. Bu zaman qəlbindəkilər pıçıltıya dönür: “Sən Azərbaycan dövlətçiliyinin əbədili­yini və dönməzliyini təmin etdin, ölkənin hərtərəfli və sürətli inkişafı üçün möhkəm təməl yaratdın. Əsl vətəndaş, böyük şəx­siyyət və qüdrətli lider kimi Azərbaycanı bütün dünyaya tanıtdın. Bu gün Azərbay­can dinamik inkişaf edən, dünya birliyin­də layiqli yer tutan, müstəqil siyasət yeri­dən bir dövlətdir. Bu gün Azərbaycanda ümummilli lider Heydər Əliyev siyasətinin alternativi yoxdur. Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, ümummilli lide­rimiz kimi alternativi olmayan siyasətiniz və ideyalarınız daim yaşayacaq, müstəqil Azərbaycan dövləti əbədi olacaqdır!..”

Göydə ulduzların sayı-hesabı yox­dur. Deyirlər, hərənin öz ulduzu var. Bunu babalardan eşidib Ba­rat. Ulduzlara baxa-baxa xatirələr cığırı ilə yenə öz aləminə qapılmışdı. Bir anlığa ona elə gəldi ki, qarşıdakı təpəyə çıxıb əlini uzatsa göydə bərq vuran ulduzlar­dan birini ovcuna ala bilər. Uşaq sadə­lövhlüyünə özü də gülümsündü. Baratə­linin səsi bayaqdan onu ağuşuna almış yaxın keçmişindən ayırdı.

– Baba. deyirlər ulduzlar sönmür…

– Düzdür, övladım, –Barat baba nəvə Baratəlinin başını oxşadı. – Arzu edirəm ki, göydəki ulduzlar sənin həyat yoluna beləcə parlaq, gur işıq saçsın.

“Heydər Əliyev parlaq bir ulduz idi”, – deyə Barat öz-özünə fikirləşirdi. O, Rusiyanın “Kosmos-Yer” Elmi-Texniki Mərkəzinin 1998-ci ildə kəşf edilmiş ul­duzlardan birinə Heydər Əliyev adının verilməsini mətbuatdan oxumuşdu. Barat gözlərini göylərə dikərək, Bürc adlanan həmin ulduzu axtarırdı. Ona elə gəldi ki, Ayın ətrafında işıq saçan axtardığı Bürc ulduzudur. Birdən-birə gözlərində parıltı­lar alışıb yandı. Bu parıltı qəlbindən çöh­rəsinə axır, axdıqca da üz-gözünə qey­ri-adi işıltılar yayılırdı. Sanki ümummilli lider Heydər Əliyev adını daşıyan Bürc ulduzundan boylanaraq deyirdi:

– Müstəqilliyimiz əbədidir!

 

Etibar ƏHƏDOV,
Lənkəranda çıxan “Aşkarlıq” qəzetinin baş redaktoru,
Prezident mükafatçısı



Sosial həyat