BQXK: Başqasına şəfqət, Bakıya kələk

post-img

Azərbaycan XİN-nin BQXK-nin bölgədə humanitar vəziyyətlə bağlı iyulun 25-də səsləndirdiyi bəyanatına dair şərhində deyilir: “Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) humanitar mandatına riayət olunması və ondan siyasi məqsədlər üçün sui-istifadə edilməməsi vacibdir”. 

2023-cü il iyunun 15-də Laçın sərhəd nəzarət-buraxılış məntəqəsinin atəşə tutulması, iyul ayında erməni əsilli sürü­cülərin BQXK-yə məxsus nəqliyyat va­sitələrində qaçaqmalçılıq məhsullarını Azərbaycana gətirmək səyləri Ermənis­tan tərəfindən ölkəmizin ərazi bütövlü­yünə və suverenliyinə qarşı növbəti qey­ri-qanuni fəaliyyət, eləcə də sərhəd-keçid məntəqəsinin fəaliyyətinə maneçilik kimi qiymətləndirildi. Azərbaycan XİN bu kimi pozucu tədbirlərə son qoyulmasını tələb etdi.

XİN-in şərhində deyilir: “Ermənistan tərəfindən aparılan qeyri-qanuni fəaliy­yət cəhdlərinin qarşısını almaqla yanaşı, Azərbaycan tərəfi BQXK ilə vacib əmək­daşlığı davam etdirib. Azərbaycan tərə­finin BQXK ilə apardığı müzakirələrdən sonra, zəruri qaydalara riayət etməklə, BQXK vasitəsilə erməni sakinlərin tibbi məqsədlər üçün sərhəd məntəqəsindən keçidinin davam etməsinə şərait yaradı­lıb və gün ərzində onlarca erməni sakin hər iki istiqamətdə sərhəd məntəqəsin­dən keçib”.

* * * 

SSRİ dağılandan, nankor qonşular tərəfindən işğala məruz qalandan sonra Azərbaycan bir çox beynəlxalq təşkilat­larla əməkdaşlıq etməyə məcbur oldu. Bir milyona yaxın qaçqın və məcburi köçkün ordusu ilə humanitar böhranın məngənəsində sıxılan, əsrin sonun­da ikinci dəfə müstəqilliyinə qovuşmuş Vətənimizin problemləri başından aşırdı. Bu səbəbdən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Qızıl Ay­para Cəmiyyəti və Beynəlxalq Qırmızı Xaç Komitəsi ölkəmizə təşrif buyurdular, müxtəlif səpkili proqramlarla insanları­mıza yardım əllərini uzatmağa başla­dılar. 1992-ci ilin martında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin müraciəti ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin respublikada nümayəndəliyi açıldı. Qar­şılıqlı fəaliyyət beynəlxalq qaydalar çər­çivəsində, yerli qanunvericilik əsasında aparılırdı. Münaqişə nəticəsində doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlərimiz üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin həyata keçirdiyi huma­nitar proqramlar Azərbaycan hökuməti tərəfindən daim yüksək qiymətləndirilib. 

* * * 

Çətin günlər arxada qaldı. Müzəffər ordumuz Qarabağımızı yağı düşməndən azad etdi. İndi artıq keçmiş köçkünlər mərhələ-mərhələ doğma yurdlarına dö­nürlər. Amma, təəssüf ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda erməni se­paratçı-daşnak tör-töküntüsü hələ də qalmaqdadır. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtinə əməl etməyən bu qeyri-qanuni silahlılar, burada hərbi xidmətlərini keçən Ermənistan vətəndaş­ları torpaqlarımızı tərk etməyə tələsmir­lər. Qarabağın erməni əhalisi isə post­müharibə dövrünün reallığı ilə barışmaq, sülhə gəlmək, Azərbaycana inteqrasiya olunmaq əvəzinə, Bakı ilə ultimativ dildə danışmağa çalışır. Onları bu cür davra­nışlara təhrik edən “özününkülərdən” savayı kənar qüvvələr də var. Azərbay­canın Laçın yolunda qurduğu sərhəd məntəqəsində baş verən son hadisələr həmin qüvvələrin içində Beynəlxalq Qır­mızı Xaç Komitəsinin olduğunu da üzə çıxardı. Məhz onların xidməti və tibbi yar­dım maşınlarında erməni separatçıları Qarabağa bəyannamədə göstərilməyən məhsulları qaçaqmal yolu ilə keçirməyə çalışdılar. İstər yerli, istərsə də bey­nəlxalq qanunvericiliyə zidd pozuntu fakt­ları ilə bağlı Bakının sorğusuna BQXK-nın nə Xankəndidəki, nə də İrəvandakı nümayəndəliyi bugünədək ağlabatan bir cavab-açıqlama verməyib. Bu, “şəfqət missiyalı” beynəlxalq təşkilatın Azərbay­cana qarşı ikili standartlarına aid birinci hadisə deyil. Onun hələ Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş soydaş­larımızın taleyi ilə bağlı məsələni axıra­dək araşdırmadığının səbəbi tam aydın deyil. Rəsmi Bakının ictimaiyyətimiz üçün bu ağrılı mövzu ilə əlaqədar çox­saylı müraciətləri hələ də cavabsız qalıb. 

* * * 

Azərbaycan XİN-in şərhində de­yilir: “Daha böyük miqdarda dərman preparatları və yüklərin daşınması və tədarükü üçün Azərbaycan tərəfindən “Ağdam-Xankəndi” yolundan istifa­də etməklə yardım təklif olunub. Lakin buna baxmayaraq, təəssüflər olsun ki, erməni tərəfi təkidlə bu yoldan imtina edir. Bununla yanaşı, erməni sakinlərin tibbi məqsədlər üçün Laçın sərhəd nə­zarət-buraxılış məntəqəsindən BQXK vasitəsilə keçidinin daha da asanlaşdı­rılması məqsədilə BQXK-nın həkiminin əraziyə getməsi ilə bağlı razılıq əldə olunmasına baxmayaraq, yerində bun­dan imtina olunması da təəssüf doğurur”. Şərhdə, həmçinin qeyd olunur ki, ermə­nilərin Azərbaycan tərəfindən atılan ad­dımlara və dəstək niyyətinə, o cümlədən BQXK tərəfindən sözügedən bəyanatda da qeyd edildiyi kimi, “Ağdam-Xankəndi” yolundan və digər alternativ yollardan is­tifadə təkliflərinə qarşı çıxması bölgədə “gərgin humanitar vəziyyət” iddialarının siyasi manipulyasiya və təzyiq vasitəsi olduğunu bir daha sübut edir.

* * *

BQXK-nın dünyanın müxtəlif qay­nar nöqtələrində fəaliyyət göstərən nümayəndəliklərinin şübhəli biznes la­yihələri, korrupsiya qalmaqalları, çirkli pulların yuyulması və sair kimi qaranlıq əməlləri barədə məlumatlar mediaya da sızmışdır. Bir faktı da qeyd edək ki Bi­rinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 54 hərbçimiz BQXK vasitəsilə ailələri ilə əlaqə saxlasalar da, sonrakı illərdə onların talelərinin necə olması ilə bağlı heç bir məlumat verilmədi. Yəni, erməni əsirliyində olmazın əzablar çəkən soydaşlarımıza qarşı erməni faşistlə­rinin hərbi cinayətlərinin araşdırılması istiqamətində BQXK nəinki konkret heç bir iş görmədi, buna səy də göstərmədi. Hansını deyəsən, belə faktlar bir deyil, beş deyil. 

Azərbaycana, problemlərimizə bi­ganəlik BQXK-nın ikili standartlara uy­ğun fəaliyyətinin əsasını təşkil edirmiş. Sonuncu faktı da oxucularımızın diqqə­tinə çatdıraq. 2014-cü ildə itkin düşən soydaşlarımızın DNT məlumat bazası yaradıldı və həmin məlumatlar BQXK-ya təqdim edildi. Üstündən az qala 10 il keç­məsinə baxmayaraq, bu istiqamətdə hər hansı irəliləyiş görünmür. Bu da BQXK-nin itkin düşən azərbaycanlıların taleyinə biganə yanaşmasının əyani göstəricisi.

1863-cü ildə İsveçrədə yaradılan Bey­nəlxalq Qırmızı Xaç Komitəsi xüsusi xey­riyyə təşkilatı kimi planetin münaqişələr­dən əziyyət çəkən nöqtələrində, dinindən və irqindən asılı olmayaraq, insanlara yar­dım edir. Amma bu “şəfqətli xeyriyyəçiliyin” altında bəd niyyətlər də gizlənibmiş. Necə deyərlər, adı bulaşmış bu beynəlxalq şə­bəkə kiməsə şəfqət göstərəndə, digərinə də kələk gəlirmiş. Biz, sadəcə onları gec tanıdıq. Eybi yoxdur, ziyanın yarısından da qayıtmaq pis deyil. 

 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”

Siyasət