Fransa öz hərbi texnikası ilə Ermənistanın müdafiə qabiliyyətini “gücləndirməyə” girişib
Özünün kasıb büdcəsi və məhdud imkanları ilə hərbi-sənaye potensialını Azərbaycana “çatdırmaq və ötüb keçmək” xəyalına düşən Hayastan rəhbərliyi səmərəsiz cəhdlərə baş vurmaqdadır. Onu bu cəhdlərə şirnikləndirən isə avropalı “böyük bacısı” Fransadır.
Ötən həftə Parisdə Ermənistan parlamentinin spikeri Alen Simonyanı qəbul edən Fransa Senatının sədri Jerar Larşe həmin görüşdən sonra özünün “Twitter” səhifəsində bunları yazmışdı: “Mən Ermənistanı Dağlıq Qarabağla (?) birləşdirən Laçın dəhlizinin təcili surətdə açılmasını tələb etdim. Bundan başqa, Ermənistana təhlükəsizliyini təmin etməkdən ötrü müdafiə silahlarının verilməsini sürətləndirməyi tapşırdım”.
Artıq sözdən işə keçiblər. Fransanın Ermənistanı silahlandırmağa başladığına dair xəbərlər Azərbaycan mediasında xeyli vaxtdır yayılmaqdadır. Bunun dolayısı ilə deyil, birbaşa təsdiqi kimi Parisin hərbi texnikanın ilk partiyasını – 50 ədəd zirehli transportyorunu İrəvana çatdırdığı təsdiqini tapmış informasiyadır.
Fransa qanunverici orqanının rəhbərinin bu davranışı bölgədə sülhün və sabitliyin əldə olunması üçün vasitəçi aktorların göstərdiyi bütün səyləri heçə endirir. İrəvan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdığını elan edəndə Paris rəsmiləri kiçik “rəfiqələrini” açıq-aşkar revanşizmə cəsarətləndirirlər. Gözləri kor, qulaqları kar olmuş müsyölərin diqqətinə bir daha çartdırırıq ki, Ermənistanla Qarabağ arasında gediş-gəlişin təmin olunduğu Laçın yolu bağlı deyil. Bu faktı BMT Beynəlxalq Ədalət Məhkəməsi bir neçə gün əvvəl qəbul etdiyi qərarı ilə də təsdiqlədi.
Həmin silahların da faydası olmayacaq
Cənubi Qafqazda sülhün, sabitliyin bərqərar olması üçün zəruri mühitin yaradılmasına nəinki faydası, əksinə ziyanı var. Ona görə də belə məsuliyyətsiz bəyanatlar verməkdən çəkinmək lazımdır. Siyasi cəhətdən bu cür avantürist bəyanatlar İrəvan və Xankəndidəki separatçılarla yanaşı, son vaxtlar Moskvadan da eşidilməkdədir. Əslində, Senatın, ümumilikdə, Fransa hakimiyyətinin bu yanaşması sülhənailolma istiqamətində gedən prosesə, Brüssel və Vaşinqton platformalarında aparılan danışıqlara arxadan zərbə endirmək mənasına gəlir.
44 günlük müharibədən sonra Rusiyadan silah ixracına marotorium qoyan rəsmi İrəvan öz ordusunu İran, Hindistan, Fransa istehsallı hərbi məhsullarla təchiz etməyə başlayıb. Bu sırada Yunanıstanın da adını çəkə bilərik. Son vaxtlar Hayastan Afina ilə də hərbi-texniki əməkdaşlığını möhkəmləndirməyə çalışır. Konkret olaraq məlumdur ki, yunanlar ermənilərə xüsusi hərbi bölmələrin hazırlanmasında yaxından kömək göstərirlər. O da bəllidir ki, bu iki ölkəni istər siyasi, istərsə də hərbi baxımdan bir-birinə birləşdirən ortaq dəyərlər və “strateji hədəflər” mövcuddur. İrəvan Avropada silah istehsalçıları ilə sövdələşmələrini başa çatdırmamış okeanın o tayına – ABŞ-a qarmaq atmağı planlaşdırır. Müdafiə nazirinin birinci müavini, baş qərargah rəisi Edvard Asryanın ABŞ-a işgüzar səfəri məhz bu yöndən maraqlı ehtimallar əmələ gətirir. Lakin heç bir faydası olmayacaq. Ermənistan ordusu iki il səkkiz ay bundan əvvəl elə günə qoyulub ki, yaxın 20-30 ildə özünə gələ bilməsi çətin məsələdir.
Revanşistlər status-kvonu dəyişəcəklərmi?
Bəli, ATƏT-in arxivə göndərilmiş Minsk qrupunun həmsədri kimi Fransa hər vasitə ilə Ermənistana yardım etmək istəyini gizlətmir. Elə Fransanın İrəvandakı səfirliyi yanında hərbi attaşenin təyin edilməsi onun öz silahlarını “bacısına” vermək məqsədini daşıyır. Həmin hərbi attaşesi silah sövdələşməsinin icrası ilə bağlı bütün proseslərə nəzarət etmək səlahiyyətlərinə malikdir.
Yuxarıda qeyd etdiyimiz kimi, Parisin Ermənistanı müasir texnika və sursatla silahlandırması regionda qüvvələr balansını qarşı tərəfin xeyrinə dəyişmək məqsədinə xidmət edir. İndi bu hərbi-siyasi eyforik atmosferdən sərməst olan revanşist qüvvələrin əhvali-ruhiyyəsi daha yuxarı qalxmışdır. Üstəlik, onlarda hazırkı status-kvonun dəyişdirilməsinə “böyük ümidlər” yaranmağa başlayıb. Yenidən işğalçılıq meyilləri güclənməkdədir.
Göründüyü kimi, Parisin son davranışları Cənubi Qafqazda vəziyyətin gərginləşməsinə rəvac verir, arzuolunmaz qarşıdurma riskini artırır. Bu isə beynəlxalq səviyyədə bölgədə təhlükəsizliyin zədələnməsi qənaətinə aparıb çıxara bilər. Fəqət hər şeydən göründüyü kimi, Fransa üçün nə bölgənin, nə də beynəlxalq aləmin təhlükəsizliyi önəmlidir.
Parisin Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyən Hayastana hərbi və siyasi dəstək verməsi, onu silahlandırması, ölkəmizə aşkar mənfi münasibət bəsləməsi Bakını qabaqlayıcı addımlar atmağa sövq edəcək. Amma Senatın sədri başqa olmaqla, Fransa hakimiyyəti unutmamalıdır ki, Azərbaycanla yeni toqquşma Ermənistana yeni və daha böyük fəlakətdən savayı heç nə vəd eləmir. Bu vəziyyətdə hakim “Vətəndaş müqaviləsi” partiyasından deputat, parlamentin müdafiə məsələləri komissiyası sədrinin müavini Armen Xaçatryan deyib ki, Ermənistan silah almaq üçün bütün ölkələrlə fəal iş aparır: “Fransa ilə prosesin hansı mərhələdə olduğu, hara yetişdiyimiz, hansı hərbi-texniki əməkdaşlıqdan söhbət getdiyi barədə fransızların dediyindən başqa heç nə deyə bilmərəm. Düşünürəm ki, bu, kifayətdir”.
Xaçaturyan onu da vurğulayıb ki, Rusiya silah məsələsində Ermənistanın əsas müttəfiqi olaraq qalır: “Rusiya Federasiyası məlum səbəblərə görə, uzun müddətdir Ermənistanın silaha olan ehtiyaclarını təmin edə bilmir. Təbiidir ki, biz də ordumuzu silahlandırmaq üçün bütün dünya boyunca partnyorlar axtarmağa məcburuq”. Burada qeyd edək ki, ötən ay Ermənistanın müdafiə naziri Suren Papikyan Fransaya səfəri zamanı aviasiya sərgisinin açılışında iştirak edib və Fransa müdafiə sənayesi şirkətlərinin rəhbərləri ilə görüşüb.
Boş vurnuxmalar...
Erməni politoloq Areq Koçinyan hesab edir ki, Fransa artıq Ermənistan–Azərbaycan münasibətlərinin normallaşdırılmasında vasitəçi kimi qəbul oluna bilməz: “Biz birmənalı şəkildə bu istiqamətdə işləməliyik ki, Fransa vasitəçi rolundan çıxıb bizim müttəfiqimizə, imkanlarımızı, müqavimətimizi gücləndirən müttəfiqə çevrilsin. Misal üçün, Azərbaycan üçün Pakistan və ya Türkiyə necədirsə, Fransa da bizim üçün elə bir dövlət olsun. Paris vasitəçi kimi indiyədək Ermənistan üçün edə biləcəyini maksimum edib. Amma indi Fransanı vasitəçi kimi görmək Ermənistanın marağında deyil. Ermənistanın marağında olan Fransanı müttəfiq kimi görməkdir”.
Koçinyan əlavə edib ki, burada bir problem var: “Qərbdə Ermənistanla hərbi-sənaye əməkdaşlığına birmənalı yanaşmırlar və buna səbəb Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olmasıdır. Başlıca problem isə Ermənistanın Moskvadan asılılıq dərəcəsidir. Digər önəmli problem Ermənistanda idarəçiliyin mərkəzində qərar tutmuş şəxslərin Rusiya Federasiyası ilə sıx bağlılığıdır. Əgər bu iki məqam olmasaydı, Ermənistanın KTMT üzvlüyü prinsipial problem olmazdı”.
Politoloq bildirib ki, hazırda Ermənistanın silah əldə etməsi üçün başqa bazarlar yoxdur. Bu fonda da belə demək olarsa, Fransa özünü ortaya atıb. Ümumiyyətlə, 44 günlük Vətən müharibəsindən sonra Fransa aşkar şəkildə Ermənistanın tərəfini tutmaqda davam edir. ATƏT-in Minsk qrupunun həmsədri kimi bəzən yalançı neytrallıq göstərirdisə, indi bundan əsər-əlamət də yoxdur. Amma Fransa da daxil olmaqla, Qərb nəzərə almalıdır ki, bu regionda sülh prosesi gedir. Ermənistanı silahlandırmaqla Fransa bu prosesə ciddi əngəl yaradır. Haylar da nəzərə almalıdır ki, Fransadan nə qədər müasir silah alsalar belə, Azərbaycan Ordusunun qarşısında tab gətirmək iqtidarında olmayacaqlar.
Atalarımızın gözəl bir zərb-məsəli var: axsaq atın kor nalbəndi olar. İndi avropalı müsyölər belə güman edirlər ki, hayları ən müasir silahlarla təchiz etməklə bölgədə hərbi balansı, qüvvələr nisbətini dəyişə biləcəklər. Amma onların unutduqları acı həqiqət ondan ibarətdir ki, savaşda əsas şərt texnika deyil, insan amilidir. Peşəkar, cəsarətli, haqq işi uğrunda ölümə gedən əsgər! Həmin əsgər isə nifrət təbliğatı ilə deyil, Vətənə məhəbbətlə tərbiyələnəndə döyüşçüyə çevrilir.
İmran BƏDİRXANLI, “Xalq qəzeti”

