XİN: Paşinyanın son çıxışı Ermənistanın sülh müqaviləsi danışıqlarına maneçilik törətmək niyyətini göstərir

post-img

Ermənistanın baş nazi­ri Nikol Paşinyanın iyulun 20-də hökumətin iclası za­manı çıxışında, Brüsseldə liderlər səviyyəsində ke­çirilmiş görüşə istinadən Laçın yolu ilə bağlı son 8 ay ərzində təkrarladıqları iddianı bir daha xüsusi vur­ğulaması Ermənistan tərə­finin bu məsələdən siyasi məqsədləri üçün istifadə etməklə yanaşı, son zaman­lar irəliləməkdə olan sülh müqaviləsi danışıqlarına maneçilik törətmək niyyəti­ni nümayiş etdirir.

Bu fikirlər Xarici İşlər Nazirliyi­nin məsələ ilə bağlı bəyanatında yer alıb.

Bildirilib ki, Vətən müharibə­sindən sonra Laçın yolunda Er­mənistan tərəfindən aparılan qey­ri-qanuni fəaliyyət sübut olunaraq, bu fəaliyyətin dayandırılmasına Azərbaycan tərəfindən çağırışlar edildiyi hər kəsə məlumdur. Bu fəaliyyətə məhəl qoyulmaması nəticəsində Azərbaycan tərəfi beynəlxalq hüququn norma və prinsipləri, eləcə də Azərbaycan qanunvericiliyi çərçivəsində La­çın sərhəd-buraxılış məntəqəsini yaradaraq son bir neçə ay ərzin­də həm yüklərin, həm də erməni sakinlərin şəffaf və tənzimlənən qaydada keçidini təmin edib. Bu xüsusda, məntəqənin mövcud­luğunun yolun bağlanması kimi təqdim edilməsi tamamilə yanlış yanaşmadır. Hətta Beynəlxalq Ədalət Məhkəməsi 6 iyul tarix­li qərarı ilə Ermənistan tərəfinin məntəqənin aradan qaldırılması ilə bağlı müraciətini yekdilliklə rədd edərək, bu iddianın əsassız olduğunu təsdiqlədiyi məlumdur. Ermənistan tərəfinin 15 iyun ta­rixində məntəqəni atəşə tutması, Azərbaycan sərhədçisini yara­laması, qaçaqmalçılıq cəhdləri etməsi Ermənistanın son 30 ildə Azərbaycan ərazilərinə qarşı tə­cavüzü və qeyri-qanuni fəaliyyəti davam etdirmək niyyətini göstə­rib, bununla Laçın məntəqəsinin labüdlüyü bir daha təsdiqlənib.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbay­can tərəfindən təklif olunan “Ağ­dam-Xankəndi” yolunun yüklərin daşınması üçün vacib olduğu fik­rinə məhəl qoymayan Ermənis­tan tərəfinin hər vəchlə bu yoldan imtina etməsi bölgədə “gərgin humanitar vəziyyət” iddiasının əsassız olduğunu və Ermənistan Azərbaycan ərazisində qeyri-qa­nuni fəaliyyəti davam etdirmək niyyətini sübuta yetirir.

Azərbaycanın bölgədə “et­nik təmizləmə” həyata keçirmək istiqamətində addımlar atdığı barədə Ermənistan tərəfinin iddi­ası olduqca yanlış və təhlükəlidir. Azərbaycanlılara qarşı kütləvi qırğınlar və deportasiyalar həya­ta keçirən Ermənistandan fərqli olaraq, Azərbaycan heç zaman erməni sakinlərə qarşı etnik tə­mizləmə siyasəti həyata keçir­məyib. Qarabağı Azərbaycan ərazisi kimi tanıyan Ermənistanın baş naziri erməni sakinlərin Azər­baycana reinteqrasiyasını təşviq etmək əvəzinə, dialoqun hansı formada həyata keçirilməsinə dair şərtlər irəli sürməsi, Azərbay­canın suverenliyi və ərazi bütöv­lüyünə qarşı addım kimi qiymət­ləndirilir və qəbuledilməzdir.

Həmçinin vurğulanıb ki, Azər­baycan və Ermənistanın sərhəd­ləri hansı çərçivədə delimitasiya etməsindən asılı olmayaraq, Ermənistanın erməni silahlı qüvvələri tam olaraq Azərbaycan ərazisindən çıxarılmaq öhdəli­yini yerinə yetirməməsi, əraziyə maliyyə dəstəyini davam etdir­məsi və ərazi iddialarını müxtəlif məktublarda, bəyanatlarda və çıxışlarda vurğulaması şəraitin­də prosesin uğursuzluğa düçar olmasına çalışdığı hər kəsə ay­dındır və bu istiqamətdə manipul­yasiyalar əsassızdır.

Azərbaycan tərəfi yuxarıda qeyd edilən istiqamətlər üzrə Ermənistan ilə sülh prosesinin təşəbbüskarı kimi bölgədə sül­hün, sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır, eyni zamanda, danışıqlar pro­sesində fəal tərəfdir. Ermənistan tərəfi sülhdə maraqlıdırsa, sülh prosesinə maneçilik törədən səy­lərdən əl çəkməlidir. 

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Siyasət