Müəllifləri isə Nikol Paşinyan və Arayik Arutyunyandır
Əvvəla, onu xatırladaq ki, Nikol Paşinyan bu məqamda iki yalanın müəllifidir. Birinci yalanı 44 günlük İkinci Qarabağ müharibəsindən sonra demişdi. Həmin günlərdə həlak olmuş erməni əsgərlərinin sayını az göstərmək üçün demişdi ki, döyüşdən qayıtmayan iki-üç min əsgər itgin düşüb. İndi həmin “itgin düşənlər” məsələsi bugünkü Ermənistanın çoxsaylı problemlərinin üstünə daha birini əlavə edir.
İkinci yalanı isə (əslində, bu, Paşinyanın bəlkə də neçə mininci yalanıdır) ötən həftə dilə gətirmişdi. Demişdi ki, bir həftədən sonra itkin düşmüş əsgərlərin analarını qəbul edəcək. Dedi, amma etmədi. Əvvəla ona görə qəbul etmədi ki, həmin anaların sayı minlərcədir. Üstəlik, yalançılıq, riyakarlıq, sözdən qaçmaq müasir Ermənistan iqtidarının fəaliyyətinin tərkib hissəsidir. Elə keçmişdə də belə olublar.
Ermənistan mətbuatı yazır ki, itkin düşmüş əsgərlərin valideynləri baş nazirin onların müraciətinə biganəliyindən sonra İrəvanın əsas küçələrindən olan Baqramyan prospektini bağlamışdılar. İndi isə xəbərdarlıəq edirlər ki, əgər o, bizi qəbul etməyə “vaxt tapmasa” biz daha çox adam toplayacaq və daha böyük yolları bağlayacağıq. Əsgər anaları soruşurlar ki, o, şəkil çəkdirmək üçün avtobusda gəzməyə və ya maldarlarla görüşməyə vaxt tapırsa, bizi qəbul etməyə niyə vaxt tapmasın?
Başqa bir həftə söhbəti isə baş separatçı Arayik Arutyunyanı öz tərəfdarları qarşısında başıaşağı edir. Türk həmkarlarımız yazırlar ki, Arayikin Azərbaycana “bir həftə vaxt verməsi” tülkünün aslana “yolumdan çıx!” – deməsinə bənzəyir. Yəni Azərbaycanın Qarabağ deyilən ərazisindəki erməniləri dəstəkləməkdən indi İrəvan qarışıq, hamı imtina edir. Arayikin vədlərinə münasibət bildirən ermənilər isə yazırlar ki, biz sadəcə simulyasiyalara aldanaraq vaxt itiririk. “Vaxt itirməkdən” danışan erməninin də məqsədi aydın deyil. Onlar vaxt itirməyib, neyləyəcəklər ki?
Bu sualın cavabını Ermənistan mətbuatı dəfələrlə verib: “Biz indi vaxt itirmirik, vaxtı geridə qalan otuz ildə itirmişik”, “Biz Nikol Paşinyanın hakimiyyətə gəlməsini dəstəkləyəndə geridə qalan illərdə itirdiklərimizi qaytaracağımıza ümid edirdik. Ancaq əksinə, gələcəyi də itirdik”. Hətta, Ermənistanın “Siyasi iqtisad” Tədqiqat İnstitutunun siyasi icmalçısı Beniamin Matevosyan bu barədə danışarkən Nikol Paşinyanı ələ salmağı daha məqsədəuyğun sayır: “Bizim indiki baş nazirimiz Nikol köhnə rəhbərlər Robert Koçaryan və Serj Sarkisyan tərəfindən zəiflədilmiş Ermənistan dövlətini onların əlindən qəhrəmancasına alaraq, uçurumun bir addımlığına gətirdi. İndi Azərbaycanın işləri çox asandır”.
Matevosyan əmindir ki, Berlin divarlarının sökülməsi SSRİ-nin çökməsinə gətirib çıxardığı kimi, Qarabağın Bakının tabeçiliyinə keçməsi də Ermənistan dövlətçiliyinin çökməsinə səbəb olacaq: “Nikol Paşinyan milli dövlətçiliyimizin bu çökməsini sürətləndirir”.
Beniaminə xatırlatmaq istəyirik ki, Qarabağ ərazisini Berlin divarlarına bənzətməkdə tamamilə haqlıdır. Çünki Berlin divarının hər iki tərəfi Almaniya olduğu kimi, Qarabağ və Şərqi Zəngəzur da Naxçıvan, Şəki, Quba və Lənkəran kimi Azərbaycan torpağıdır. Bunu bütün dünya bilir. Ermənistan dövlətini SSRİ kimi nəhəng dövlətlə müqayisə etməyi isə məhz ermənilik xəstəliyinə tutulanlar bacararlar. Sizə Azərbaycan torpaqlarının bir küncündə dövlət yaratmaq imkanı verənlər başda olmaqla. hamı bilir ki, Ermənistan SSRİ-dən “bir az” kiçik olduğuna görə, onun dağılmasına daha bir “dəmir yumruq” kifayətdir.
Sonda onu da xatırladaq ki, Azərbaycan Mətbuat Şurasının erməni jurnalistlərin Bakıya gəlməsinə heç bir problemin olmadığı ilə bağlı yaydığı məlumat da İrəvanda maraqla qarşılanıb, Azərbaycan Xarici İşlər Nazirliyinin Bakının icazəsi olmadan Qarabağa səfər etmiş 58 əcnəbi jurnalisti “qara siyahı”dan çıxarması da. Arminfo.am xəbər portalı Rəşad Məcidin bəyanatından bir cümləni məhz olduğu kimi təqdim edir: “Bildiyimə görə, bir neçə Ermənistan jurnalisti ilə Tbilisidə görüş təşkil olunub. Hər hansı Ermənistan jurnalistinin arzusu olarsa, Azərbaycana gəlmələrində problem olmaz”.
Vəssalam! Açıq şəkildə etiraf edirlər ki, ölkə rəhbərliyi, eləcə də, separatçılar terror və təxribatlardan əl çəkməsələr də, erməni xalqı Azərbaycana inteqrasiyada maraqlıdır.
İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

