Heydər Əliyev dərsləri

post-img

“Yoxsa, burada mənfi hallar olmur?” 

Ümummilli lider Heydər Əliyev Pa­risdə Fransanın "Mond diplomatic” qəzetinə verdiyi müsahibədə müxbi­rin Azərbaycanda keçirilmiş seçkilərə birtərəfli yanaşmasının yolverilməz olduğunu bildirmişdi. Müsahibənin bir hissəsini təqdim edirik.

H.Əliyev: Mənə dedilər ki, siz bu yaxınlarda Bakıda olubsunuz. 

M.Jeqo: Bəli, olmuşam. Seçkilər zamanı, Konstitusiya qəbul edilən za­man olmuşam. Mən belə düşünürəm ki, bu, demokratikləşdirməyə, vəziyyəti sabitləşdirməyə doğru yolda sizin üçün böyük addımdır. Amma seçkilər zama­nı biz bəzi mənfi halları da gördük. 

H.Əliyev: Yoxsa, burada mənfi hal­lar olmur?

M.Jeqo: Əlbəttə, burada da olur. 

H.Əliyev: Mənə dedilər ki, siz bizim seçkiləri o qədər də obyektiv işıqlandır­madınız. Mənə belə çatdırdılar. 

M.Jeqo: Bəli, mən bu barədə ki­fayət qədər mənfi ruhda yazdım. 

H.Əliyev: Bəs hesab etdinizmi ki, siz obyektiv yazdınız? Sizə elə gəlmir­mi ki, hansısa təsir altına düşmüşdü­nüz?

M.Jeqo: Xeyr. 

H.Əliyev: Yoxsa, siz bizə qərəzkar­lıqla yanaşırsınız? 

M.Jeqo: Xeyr.

H.Əliyev: Mən isə belə düşünürəm ki, əgər siz seçkiləri tamamilə mənfi ruhda işıqlandırmırsınızsa, bu, qeyri-obyektivlikdir. Siz ya Azərbaycana, sadəcə olaraq, qərəzkarlıqla yanaşır­sınız, ya da sadəcə olaraq, hansısa mənfi təsir altına düşmüşsünüz. Çün­ki seçkilər kimi böyük bir iş nöqsansız ola bilməz. Bu, təbiidir. Odur ki, jurna­list müsbət halları da, mənfi halları da görməlidir, nəyin çox olduğunu, nəyin isə az olduğunu götür-qoy etməlidir. Əgər adam diqqəti ancaq mənfi cəhət­lər üzərində cəmləşdirirsə və müsbət halları görmək istəmirsə, onda, təbii olaraq, onun haqqında qeyri-obyektiv müəllif kimi bir təsəvvür yaranır.

“Bir kiloqram “Mişka” konfeti aldım” 

Çıxışlarının birində Heydər Əliyev Zərifə xanımla evlənməsinin tarixçəsini həzin bir xatirə ilə dilə gətirmişdi.

– Mən bu gün bu toy mərasimində iştirak etdim. Sizə demək istəyirəm ki, belə bir mərasimi birinci dəfədir gö­rürəm. Mən belə mərasimi heç vaxt görməmişdim. Bilmirdim ki, o, necə olur. Çünki mən evlənəndə – bu, çox­dan olubdur – belə şeylər yox idi. Mən bunları sizə danışa bilərəm. Mərhum həyat yoldaşım Zərifə xanımla biz iki-üç il idi ki, evlənmək istəyirdik. Amma o vaxt şəraitimiz yox idi. Sizə deyim ki, mən evlənmək istəyirdim, Zərifə xa­nımla biz müəyyən vaxt tanış idik. An­caq mənim evim yox idi. Ona görə də biz iki il gözləməli olduq ki, mən ev alım. Mən sonra ikiotaqlı ev aldım. Demək, evlənmək mümkün idi. O vaxt bir siyasi məsələ də var idi, onu bu gün burada deməyin yeri yoxdur. O zaman – 1950-ci ilin əvvəllərində totalitar rejimin ən qatı vaxtı idi. Bir sıra dairələr bəzi siya­si səbəblərə görə bizim evlənməyimizə razılıq vermirdi. Ona görə də biz müəy­yən vaxt gözlədik. 1953-cü ildə Stalin öldü, ondan sonra ölkədə siyasi və­ziyyət dəyişdi və 1954-cü ildə mən ev­ləndim. Ancaq nə təhər evləndim? Biz Bakıda şəhəri gəzirdik. O vaxt Voroşi­lov küçəsi var idi, indi həmin küçə Yusif Məmmədəliyevin adını daşıyır. Gəlib gördük ki, orada bir ZAQS şöbəsi var. Biz həmin ZAQS-a getdik. Nə şahid, nə də başqa iştirakçı var idi. Heç kəs yox idi. ZAQS-da bir qadın oturmuşdu, ona dedik ki, biz kəbin kəsdirmək istəyirik. Bildirdi ki, yaxşı, gəlin oturun. Heç üzük də yox idi. Biz oturduq. Buradakı kimi belə təntənəli nitqlər olmadı. Həmin qadın bizdən soruşdu ki, ailə qurmağa razısınız? Dedik ki, bəli. Bildirdi ki, bu­raya imza atın, biz də imza atdıq. Bizim kəbin kağızımızı verdilər. Soruşdum ki, nə edək? O vaxt “Nizami” kinoteatrı­nın yanında bir mağaza var idi, orada yaxşı konfet satırdılar. Yadınızdadır ki, o zaman “Mişka” konfeti var idi, amma baha idi. Biz həmin mağazaya getdik, bir kiloqram “Mişka” konfeti aldım. Sonra oradan piyada dəniz kənarına gəldik. Zərifə xanımın ailəsi orada ya­şayırdı. Biz onların evinə gəldik, Zərifə xanımın anasına və qohumlarına dedik ki, artıq kəbin kəsdirmişik. Bildirdim ki, bir kiloqram “Mişka” konfeti gətirmişəm ki, ağzımızı şirin edək. Bax, o vaxt bi­zim evlənməyimiz belə olubdur.

“Bu vərdiş məndə çoxdan yaranmışdır”

Ulu öndər nadir siyasi xadim idi ki, bəzən saatlarla çıxış etsə də, heç vaxt hazır yazılı mətndən istifadə etməzdi. Bəs o, buna necə nail olurdu? Özünü dinləyək:

– Mən heç bir çıxışı, heç bir mə­ruzəni heç vaxt əvvəlcədən yazmıram. Nə yadımdadırsa, o da yadımdadır. Hər hansı əlavə materiallar, rəqəmlər göstərmək lazımdırsa, sadəcə olaraq, məlumat tələb edirəm və onu mənə verirlər. Məsələn, mən bu çıxışımda yadımda qalan çox rəqəmlər gətirdim. Mən onları bilirdim, lakin bu barədə daha dəqiq danışmaq üçün bir gün əvvəl məlumat istədim və onu mənə verdilər, mən bu rəqəmləri yaddaşım­da bərpa etdim. Allaha şükür, yadda­şım yaxşıdır, buna görə də çox şeyi yadda saxlayıram. Sonra. Hətta sovet dövründə də mən respublikamızda əsasən mətnsiz çıxış edirdim. Moskva­da isə bir dəfə belə etdikdə, mənə de­dilər ki, belə lazım deyil. Hamı çıxışını mətndən oxuyur, siz fərqlənmək istə­yirsiniz? Bu, ona görə deyildi ki, mən fərqlənmək istəyirəm. Sadəcə olaraq, hər adamın öz vərdişi var, bu vərdiş isə məndə çoxdan yaranmışdır. Əgər sən işlədiyin, çalışdığın yerdəki həyatla həqiqətən yaşayırsansa, onda belə et­mək olar. Əgər sən işi bilirsənsə, onun­la hər gün məşğulsansa, onda bunların hamısı yaddaşında yığılır, fikirlərini for­malaşdırır. Fikirlər isə bir gündə, tuta­lım, sənə haradasa çıxış etmək lazım olanda formalışmır. Onlar tədricən formalaşır, yığılıb cəmləşir və gərək olduqda, lazım gəldikdə üzə çıxır. Mən belə təsəvvür edirəm. 

“Yoqla məşğul olmamışam”

Bütün çətiliklərə, bəzən səhhətin­dəki problemlərə baxmayaraq Heydər Əliyevin iş rejimi – hər gün 14–15 saat, bəzi hallarda daha çox işləməsi – mə­lum fakt idi. Bu qədər çalışmaq üçün gücü, enerjini haradan alması hamını təəccübləndirirdi–istər daxildə, istərsə də xaricdə.("SOBESEDNİK" QƏZE­TİNƏ MÜSAHİBƏSİNDƏN)

Sual: Görüşümüzün vaxt-vədəsin­dən belə başa düşürük ki, Sizin üçün asudə vaxt olduqca şərti anlayışdır. 

Cavab: Həqiqətən belədir. Gördü­yünüz kimi, indi gecədən xeyli keçib, saat ikinin yarısıdır. Biz isə işləyirik. Özü də təkcə bu gün yox, hər gün belə­dir, gecəni gündüzə qatıb çalışırıq. İşə səhər tezdən başlayıram, onu, bir qay­da olaraq, gecə saat dörd radələrində qurtarıram. Əlbəttə, ölkədə vəziyyət elədir ki, gərək istirahət barəsində dü­şünməyəsən. Bir də ki, mən həmişə bu qayda ilə işləməyə öyrəşmişəm. Bu iş rejimi mənim üçün adi bir rejimdir.

Sual: Sirr deyilsə, Siz bu qüvvəni haradan alırsınız, axı bu yaxınlarda yetmiş yaşınız tamam oldu, yoxsa Sizə yoq kömək edir? Hər halda belə şa­yiələr gəzir. 

Cavab: Xeyr, mən yoqla məşğul olmamışam və məşğul olmuram. Gö­rünür, təbiətin özü mənə hansısa bir qüvvə verib. Xarakterim isə qüvvə və bacarığımı səfərbərliyə almağa vadar edir. Daha nə deyim? Ömrümdə heç vaxt siqaret çəkməmişəm. İçkini də rəmzi olaraq dilimə vurmuşam – sağlıq deyiləndə badəni ancaq qaldırmaqla kifayətlənmişəm. 

“Yəqin, bu da mənim günahımdır”

1999-cu İlin əvvəllərində ölkə lide­rinin xəstələnməsi xaricdə və ölkə icti­maiyyəti arasında ciddi narahatlıq ya­ratmışdı. Ulu öndər sağalandan sonra ictimaiyyət nümayəndələri ilə keçirdiyi görüşdə onun səhhəti ilə maraqlanan hər kəsə səmimi minnətdarlığını bildir­mişdi:

– Mənim xəstələnməyim ölkəmiz­də, ölkəmizin hüdudlarından kənarda da böyük narahatlıq hissi doğurmuş­dur. Bu münasibətlə gələn məktublar, teleqramlar, edilən telefon zəngləri bunu aşkar göstərir. Mən orada dü­şünürdüm: ölkələr var ki, dövlət, hö­kumət başçısı xəstələnir də, istirahətə də gedir, müalicə də olunur. Bunlar hamısı təbii haldır. Ancaq mənim bu müddətdə – mən 1993-cü ildən burada işləyirəm – cəmisi bir dəfə xəstələnmə­yim, nədənsə, dərhal böyük narahatlıq, həyəcan doğurmuşdur. Mən gördüm ki, insanlar, doğrudan da, çox böyük həyəcan hissi ilə yaşayırlar. Düşün­düm ki, nə üçün? Ola bilər, ona görə ki, mən heç vaxt xəstələnməmişəm, işdən ayrılmamışam. İnsanlar hesab edirlər ki, Heydər Əliyev belə işləməlidir və o heç vaxt xəstələnməməlidir. Təbiidir, mənim obrazımın bu cür təsvir edilmə­sindən məmnunam. Ancaq o da təbi­idir ki, insan xəstələnə də bilər, insan istirahət də etməlidir. Yenə də deyirəm, yəqin, bu da mənim günahımdır. Mən cəmiyyəti buna öyrətmişəm ki, Heydər Əliyev daim işləyir, heç vaxt xəstələn­mir. Bu, həqiqətdir ki, mən son illər – həm Naxçıvanda, həm də Bakıda olarkən daim fasiləsiz işləmişəm, bir gün də istirahət etməmişəm. Bir bazar günü tapmaq mümkün deyildir ki, mən işdə olmayım. İl ərzində işlə məşğul olan hər bir adam istirahət etməlidir. Mən özümü bu istirahət hüququndan tam məhrum etmişəm. Görünür, bu da mənim səhvimdir. Təkcə özümə görə yox, mən istirahətsiz və fasiləsiz işlə­diyimə görə mənim ətrafımda rəhbər vəzifədə işləyən şəxslərdə də – onların əksəriyyəti burada, bu salondadır – is­tirahət götürməyiblər, istirahətsiz, fa­siləsiz işləyiblər. Beləliklə, mən nəinki özümə qəsd etmişəm, hətta ətrafımda yüksək vəzifədə işləyən insanların da, sizin səhhətinizə qəsd etmişəm. Mən indi artıq bunu anlayıram, dərk edirəm və sizə söz verirəm ki, həm özümün iş, istirahət rejimimi qaydaya salacağam, istirahət hüquqlarından istifadə etməyə çalışacağam və beləliklə, sizin üçün də belə şəraitlər yaranacaqdır. Görür­sünüz, hər bir mənfi hadisənin müsbət tərəfləri də vardır.

“Qaşınmayan yerdən qan çıxarırsınız?” 

Görüşdə, həmçinin dövlət başçısı Vergilər Nazirliyinin fəaliyyətində möv­cud olan nöqsanları ciddi tənqid etmiş­di.

– Firmalar haqqında cürbəcür is­tintaqlar gedir. Bu istintaqları kəsmək lazımdır. Bizdə bu işlərə vergi xidməti nəzarət edir, Vergilər Nazirliyi var. Ver­gilər Nazirliyi hər bir firmanın, hər bir iş adamının vergini verməsini təmin etməlidir. Bizə başqa bir şey lazım de­yildir – işləsin, vergisini versin. O biri tərəfdən də bizim gömrük orqanlarımız var – onlar da təmin etməlidir ki, göm­rük rüsumları verilsin. Ondan sonra bu iş adamları ilə bizim işimiz olmamalı­dır. Ancaq siz qaşınmayan yerdən qan çıxarırsınız. Təbiidir ki, mən bunu ha­mınıza aid etmirəm, məni düzgün başa düşün. Mən “siz, siz” deyəndə belə işlə məşğul olan adamlara deyirəm – həm burada oturanlara, həm də hüquq-mü­hafizə orqanlarındakılara deyirəm. Bunlardan əl çəkin! Ümumiyyətlə, iş adamları ilə nə istintaq aparırsınız? Bi­zim Vergilər Nazirliyi də düzgün iş gör­məlidir. Yoxlayırlar, yoxlamanın nəticə­sini göndərirlər prokurorluğa. Elədir?

Fazil Məmmədov (vergilər nazi­ri): Bəli. 

Heydər Əliyev: Sən oraya niyə göndərirsən? Göndərirsən ki, orada onu soysunlar? 

Fazil Məmmədov: Nəticəsi olmur. 

Heydər Əliyev: Nəticəsi olmur, elədirmi? Sənin yoxlamanın nəticəsi odur ki, ondan vergini alasan. Vergini al. Sən onun işini dayandır, vergini al. Amma vergini verməyib, sən onu yox­lamısan, göndərirsən prokurorluğa, o da bir il bunu uzadacaqdır. Nə o, ver­gini verəcək, nə də dövlətin büdcəsinə bir şey gələcəkdir. Amma o, daha da çox əziyyət çəkəcəkdir. Ona görə bir təklif var idi ki, Vergilər Nazirliyində is­tintaq qurumu yaransın. Mən bu təklifi əvvəldən də bəyənmişəm. Fikirləşin, bu barədə təklifinizi verin

(ardı var)

 

(əvvəli

https://xalqqazeti.az/sosial-heyat/131774-heyder-eliyev-dersleri

https://xalqqazeti.az/sosial-heyat/127148-heyder-eliyev-dersleri

https://xalqqazeti.az/sosial-heyat/127829-heyder-eliyev-dersleri

https://xalqqazeti.az/sosial-heyat/127963-heyder-eliyev-dersleri

https://xalqqazeti.az/sosial-heyat/128056-heyder-eliyev-dersleri

https://xalqqazeti.az/sosial-heyat/131345-heyder-eliyev-dersleri

https://xalqqazeti.az/siyaset/131524-heyder-eliyev-dersleri

https://xalqqazeti.az/sosial-heyat/131874-heyder-eliyev-dersleri

https://xalqqazeti.az/siyaset/132081-heyder-eliyev-dersleri

https://xalqqazeti.az/sosial-heyat/132842-heyder-eliyev-dersleri)

 

Faiq SADIQOV,
Əməkdar jurnalist

Sosial həyat