Madam Luyonun erməni sevgisi qıcqırıb

post-img

Fransa “bacısı” adlandırdığı Ermənistanla Azərbaycanın münasibətlərinin normallaşmasına hər vəchlə mane olan, Cənubi Qafqazda destruktiv rol oynayan dövlətdir. Rəsmi Paris vaxtilə mövcud olmuş ATƏT-in Minsk qrupunun həmsədr dövləti olsa da, əslində, hər zaman indikinə bənzər siyasət yürüdüb. Xatırlatmaq yerinə düşər ki, “Beşinci Respublika” qondarma “erməni soyqırımı”nı düz 3 dəfə (1998, 2000 və 2001-ci illərdə) tanıyıb. Müqayisə üçün deyək ki, Ermənistan özü də qondarma “soyqırımı” ilə bağlı 3 dəfə qanunvericilik aktı qəbul edib. Bunların hər üçü Ermənistanın SSRİ-nin tərkibində olduğu 1964, 1988 və 1990-cı illərdə qəbul olunub. Zənnimizcə, bu müqayisə Fransanın nə dərəcədə ermənipərəst olduğunu göstərmək baxımından əhəmiyyətlidir.

2006-cı ildə isə “demokratiyanın be­şiyi” adlandırılan bu ölkədə söz və fikir azadlığının buxovlanması istiqamətində addım atılıb: parlamentin aşağı palatası – Milli Assambleya “erməni soyqırımı”­nın inkar edilməsinin cinayət məsuliyyəti yaratdığına dair qanun qəbul edib. Ha­zırda qüvvədə olan bu qanun qondarma “soyqırımı”nın inkarına görə bir il müd­dətinə azadlıqdan məhrumetməni və 45 min avro cərimə cəzasını nəzərdə tutur.

Fransanın ermənipərəstliyi multikul­turalizmin hökm sürəcəyi inklüziv, açıq və mükəmməl cəmiyyətin qurulacağı vədi ilə 2017-ci ildə prezident seçilən və 2022-ci ildə vəzifəsini qoruyub saxlayan Emmanuel Makronun dövründə daha kəskin xarakter alıb. Ölkənin hələ heç bir prezidenti bu qədər ermənipərəstlik et­məmişdi. Bu məqamda Prezident İlham Əliyevin fikirlərindən iqtibas gətirmək, zənnimizcə, yerinə düşər. 2023-cü ilin yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verən Azərbaycan Prezidenti Fransanın açıq ermənipərəstliyi ilə bağlı deyib: “Ona görə mən hesab edirəm ki, mövcud vəziyyət indiki Fransa hökuməti­nin əməlidir. Mən ümid edirəm, Fransada gələcəkdə elə bir hökumət formalaşacaq ki, Azərbaycanla olan əlaqələri qiymət­ləndirəcək. Çünki biz həmişə öz siyasə­timizdə ancaq dostluq niyyəti ilə onlarla əməkdaşlıq etmişik. Əvvəlki dövrdə, mən deyə bilərəm ki, 10-dan çox şəhərimiz qardaşlaşmışdır, gediş-gəliş var idi, bir çox nümayəndələr gəlmişdilər, Prezident Sarkozi, Prezident Olland Azərbaycana səfərlərə gəlmişdilər. İndi isə vəziyyət tam fərqlidir. Mən bu yaxınlarda qapalı bir görüşdə demişəm ki, Fransa bizsiz yaşaya bilər, biz də Fransasız yaşaya bilərik, heç onlar da hiss etməzlər, biz də hiss etmərik. Amma budur yol, bu, onların seçimidir və biz yenə də onlara qarşı heç nə etməmişik. Sadəcə olaraq, müharibə dövründə cavab vermişik. Mən indi müharibə dövründə olan yüksək sə­viyyəli təmaslar haqqında bir şey demək istəmirəm, bu, qapalı söhbətlər əsnasın­da olmuşdur. Amma müharibə dövründə, necə deyərlər, çox gərgin münasibətləri­miz olmuşdur. Müharibə dövründə Fran­sa bizi açıq-aydın ittiham edirdi, bizə şər atırdı, böhtan atırdı. İndi mən onlardan üzrxahlıq tələb edirəm. Onlar bizi şərlə­mişdilər, demişdilər ki, guya, biz cihadçı­lar gətirmişik. Bir dənə də sübut yoxdur. Üzr istəyiblərmi bizdən? Yox!”.

Beləliklə, necə deyərlər, ermənilər yalan olub, Makron gerçək. Fransa hö­kumətinin bir neçə ay öncə Ermənis­tandakı səfirliyində müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmək məqsədi da­şıyan müdafiə missiyasının yaradılması isə rəsmi Parisin ermənipərəstliyinin zir­və nöqtəsidir. Məlumdur ki, 1961-ci ildə imzalanmış Diplomatik əlaqələr haqqın­da Vyana Konvensiyasına əsasən, bütün səfirliklərdə müxtəlif attaşelər, o cümlə­dən hərbi attaşelər fəaliyyət göstərir. An­caq regiondakı gərginlik fonunda Fransa­nın Ermənistandakı səfirliyində müdafiə missiyasının yaradılması, təbii ki, qey­ri-adi haldır. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, Fransanın da üzvü olduğu NATO 1990-cı illərdən etibarən öz üzvlərinə Ermənistan və Azərbaycana hərbi münaqişə vəziyyətində olduqları üçün silah və hərbi texnika satışına qa­dağa qoyub. Belə görünür ki, Paris alyan­sın qərarını da saymır.

***

Fransanın ermənipərəstliyi istiqamə­tində son hadisələrdən biri də Ermənis­tanı vaxtından əvvəl tərk etmək üzrə olan səfiri Ann Luyonun (onun səlahiyyət müddətinin bitməsinə bir il qalırdı-S.H.) “Armenpress”ə verdiyi müsahibədir. Səfir müsahibə zamanı Ermənistanı və ermə­niləri mümkün qədər tərifləyib. Əmin edib ki, 2020-ci il müharibəsinin ağır nəticələ­rinə baxmayaraq, özünün möhkəmliyi və gələcək üçün planlar qurmaq bacarığı ilə onu heyran qoyan bu ölkəni və xalqı heç vaxt unutmayacaq. Səfir vurğulayıb ki, 10 noyabr tarixli üçtərəfli bəyanatının pozul­masına son qoymaq, “Dağlıq Qarabağ əhalisi”nin hüquq və təhlükəsizliyini tə­min etmək üçün siyasi həll yolu tapılma­lıdır: “Fransa Aİ və ABŞ-la razılaşaraq, danışıqlar prosesində irəliləyişi təmin et­mək üçün mümkün olan hər şeyi etməyə davam edəcək”.

Bundan sonra isə diplomat qeyd edib ki, onlar dekabr ayından etibarən Laçın yolunun “blokada”ya alınmasını, Qara­bağ əhalisinə “ciddi ziyan vurulmasını” pisləyir, yolda hərəkətin bərpası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin qəra­rının icrasına çağırırlar: “Biz Beynəlxalq Qırmızı Xaç Komitəsinin “blokada”nın yaratdığı humanitar böhranı aradan qaldırmaq səylərini alqışlayırıq. Lakin “blokada”ya, 2020-ci ilin 10 noyabr ta­rixli üçtərəfli bəyanatın pozulmasına son qoymaq və “Dağlıq Qarabağ xalqı”nın (?) hüquq və təhlükəsizliyini təmin etmək üçün siyasi həll yolu lazımdır”.

Səfir BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransanın təşəbbüsü ilə 2022-ci ilin sentyabr və dekabr ayla­rında şuranın iclaslarının keçirilməsini göstərib. Bundan sonra deyib: “2022-ci ilin sentyabrında mən Azərbaycanın atəşə tutmasından zərər çəkmiş Göyçə, Dərələyəz və Zəngəzurun (təbii ki, səfir tarixi Azərbaycan torpaqlarının adları­nın erməni variantını səsləndirir – S.H.) kəndlərində oldum, dinc əhalinin iztirab­larının şahidi oldum, onlara həmrəy oldu­ğumu bildirmək istəyirəm”.

Beləliklə, səfir diplomatik etiket qay­dasına zidd tərzdə, birtərəfli qaydada Azərbaycanı suçlayır, ölkəmizi əsassız olaraq ittiham edir. Bu ittihamlar səfirin diplomatik statusuna uyğun gəlmir. Səfir­lər, bir qayda olaraq, öz ölkələri ilə təyin olunduqları ölkələr arasında münasibət­lərin inkişafı üçün çalışmalıdırlar. Fransa səfirinin müsahibəsi isə onun səlahiyyət həddindən kənara çıxdığını göstərir.

Qeyd etdiyimiz kimi, səfir vaxtından əvvəl Ermənistanı tərk edir. Onun səla­hiyyət müddəti 2024-cü ilin avqustunda bitəcəkdi. Ancaq ermənipərəst səfirin diplomatik karyerası vaxtından əvvəl sonlandırıldı. Bu, ilahi ədalətin təntənəsi kimi də qiymətləndirilə bilər.

İlyas HÜSEYNOV,
politoloq

– Fransanın Ermənistandan ayrıl­maq üzrə olan səfiri Ann Luyo fəaliy­yəti dövründə İrəvanı çox ciddi şəkildə müdafiə etmişdi. Ermənistan-Fransa münasibətlərinin ən yüksək səviyyəyə çatdırılmasında və Makron iqtidarının İrəvana güclü siyasi dəstək verməsin­də səfir əlindən gələni edib.

Maraqlıdır ki, diplomatik prakti­kada səfirlər regional proseslərə bu qədər dərin şəkildə cəlb olunmurlar. Fransanın Ermənistanda maraqla­rını qorumalı olan bu şəxs isə daha çox erməni maraqlarına xidmət edən addımlar atıb. Xüsusilə vurğulamaq lazımdır ki, səfir çıxışlarında, müsa­hibələrində, çağırışlarında hər zaman Azərbaycanı tənqid edib və reallıqdan uzaq fikirlər söyləyib. Əksər hallarda onda erməni arqumentləri əsasında mülahizələr formalaşırdı.

Fransanın Ermənistandakı səfir­liyində müdafiə missiyasının yaradıl­ması birbaşa Fransanın İrəvanı hərbi baxımdan gücləndirmək niyyətindən xəbər verir. Rəsmi Paris burada re­gional güc balansını dəyişmək üçün fəaliyyət göstərib. Səfir bunu böyük uğur kimi təqdim edir. Eyni zamanda, hamıya məlumdur ki, Avropa İttifaqı­nın Ermənistanda yerləşən missiya­sının arxasında da Fransa və onun satellitləri dayanır. Fransa çıxardığı siyasi qərarların özünün təsir dairəsin­də olan dövlətlər tərəfindən məcburi, qeyd-şərtsiz qəbul olunmasına çalı­şır. Biz Benilüks (Qərbi Avropada üç monarxiyanın – Belçika, Niderland və Lüksemburqun daxil olduğu siyasi, iq­tisadi və gömrük birliyi olan hökumət­lərarası təşkilat-S.H.) ölkələrinin Azər­baycan əleyhinə müxtəlif qondarma qərarlarının məhz Fransanın siyasi sifarişi ilə qəbul edildiyini bilirik. Eyni zamanda, Azərbaycanın regional təh­lükəsizliyə təhlükə törətməsi, aqressiv siyasət yürütməsi, Qarabağ ermənilə­rini “blokada”ya salması kimi saxta narrativlər də məhz Fransa-Ermənis­tan işbirliyinin nəticəsidir.

Bundan əlavə, Paris üstün olduğu mövqelərdən ölkəmizə qarşı istifadə edir. Fransa Avropa İttifaqındakı domi­nant mövqeyini ölkəmizə qarşı çevirir. Paris BMT Təhlükəsizlik Şurasının ötən ilin sentyabr – dekabr ayların­da xüsusi iclaslarının çağrılmasına da nail olub. Bu iclasları çağırsa da, uğursuzluqla üzləşib. Çünki BMT Təh­lükəsizlik Şurasında da Azərbaycanın maraqlarını qoruyan dövlətlər olub və onlar əslində, haqq-ədaləti qoruyub­lar. Fransa humanitar əsaslı Fran­kofoniya Təşkilatında belə, ölkəmizə qarşı müxtəlif çağırışlar edilməsinin təşəbbüskarıdır. Lakin Albaniya kimi Azərbaycana dost ölkə burada da bi­zim mövqeyimizi müdafiə edib.

Xüsusi vurğulamaq lazımdır ki, Fransa, hazırda həm də, Cənubi Qafqazda gedən proseslərdə maraq­larını təmin etməyə çalışır. Fransa ATƏT-in Minsk qrupu siyasi dövriy­yədən çıxdıqdan sonra Avropa İttifaqı vasitəsilə buna cəhd edir. Yeni təyin olunan səfirin dosyesinə baxdıqda da biz görürük ki, o, sələfinin siyasi xət­tini davam etdirməklə yanaşı, həm də hərbi sahədə İrəvanın daha da güclənməsinə xidmət edəcək. Ümid edirəm ki, səfir Ann Luyonun geri çağı­rılmasının səbəblərini biz yaxın müd­dətdə biləcəyik. Düşünürəm ki, bu, sıradan hal deyil. Görünür, səfirin geri çağırılmasında müəyyən siyasi sə­bəblər var. Hətta, hüquq pozuntuları­nın olması da ehtimal edilir. Bütövlük­də, səfir Ann Luyo fəaliyyəti dövründə regional əməkdaşlığı gücləndirmək əvəzinə, pozuculuqla məşğul olub. Eyni zamanda, onun Qərbi Azərbay­can bölgəsinə – Qərbi Zəngəzura, Göyçəyə, Dilicana səfərləri zamanı verdiyi bəyanatlar və çəkdiyi fotolar da ölkəmizə qarşı mənfi fon yaratmağa xidmət edirdi.

Səxavət HƏMİD, “Xalq qəzeti”



Siyasət