İranda Azərbaycana qarşı düşmənçiliyi qızışdıran kimlərdir?

post-img

Ötən həftə İran İslam Respublikasının  fəqih vəlisinin (inqilab rəhbərinin) Şərqi Azərbaycandakı nümayəndəsi, Təbriz cümə imamı hüccətülislam Seyid Məhəmməd Əli Ale Haşım ibadət və siyasi xütbələrində deyib: “İran və Azərbaycan Respublikası arasında əlaqələrin genişlənməsinin çoxlu əleyhdarları var”.

Cümə imamı onlardan yalnız birinin – İranın  inqilabın ilk günündən  özünə düşmən elan etdiyi  İsrailin adını çəkib. O, “çoxlu əleyhdar” deyib. Halbuki, iki ölkə arasında münasibətlərin  normal məcrada davam etməsi, genişlənməsi və  inkişafına, ilk növbədə, İranın daxili əleyhdarları əngəl törədirlər.

Bu xütbədən dərhal sonra daxili əleyhdarlardan biri özünü təqdim etdi. Həmin şəxs Qafqaz məsələləri üzrə ekspert  Mehdi Seyf Təbrizidir. Onun İran–Azərbaycan münasibətlərinə baxışı “Ərdoğanın Qafqaz planı və Tehranın sayıq olmasının zəruriliyi” adlı hərdəmxəyal yazısında əksini tapmışdır.

Yazı İran İslam Respublikasının Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün ikinci dəfə Bakıya gələn İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanı Azərbaycan Prezidenti İlham Əliyev qəbul edəndən sonra qələmə alınıb. Xatırladaq ki, həmin görüş zamanı tərəflər əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduqlarını bildirmişdilər. Əgər İran tərəfinin gerçək mövqeyi belədirsə, onda Mehdi Seyf Təbrizinin yazısı öz ölkəsinin mövqeyinə ziddir və  “ikitərəfli münasibətlərin normalaşması və inkişafında maraqlı olmayan” hansısa qüvvələrin sifarişi ilə yazılıb.

Əvvəlcə qeyd edək ki, bu ekspertin imzasına ilk dəfə  rast gəlirik, ona görə onun yazısını nəzərdən keçirməyi qərara aldıq. Bu yazı İran hakimiyyətini Türkiyədə R.T.Ərdoğanın yenidən prezident seçilməsindən sonra regionda və xüsusən Cənubi Qafqazda İran üçün artacaq  problem və gərginliklərə hazır olmağa çağırış hesab edilməlidir. Uzun-uzadı təhrif və böhtanla dolu bu yazının əsas məğzini İran hakimiyyətinin Zəngəzur dəhlizinin açılışına mane olmasını əsaslandırmaq cəhdi təşkil edir.

Yazıda  Azərbaycanın 44 günlük Vətən müharibəsində parlaq qələbəsini rəsmiləşdərən Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş nazirinin imzaladıqları üçtərəfli Bəyanatda Azərbaycanın əsas ərazisinin qərb bölgəsini və ya Şərqi Zəngəzuru Naxçıvanla birləşdirən bütün növ kommunikasiyaların açılması haqqında bəndə qarşı İranın davakar dairələrinin isterikasının əsas elementləri təkrar olunur. Müəllif Zəngəzur dəhlizinin açılışına qarşı İranda gedən siyasi, ideoloji, informasiya mübarizəsinin uydurma baza elementini – guya Azərbaycanın Ermənistan–İran sərhəd zonasını  işğal etməyə hazırlaşdığı barədə uydurmanı təkrar edərək onu yaxın perspektivin gözlənilən hadisəsi kimi dəyərləndirir.

Bundan çıxış edən başabəla “təhlilçi” İran hakimiyyətinə xəbərdarlıq edir ki, guya bu dövlət Zəngəzur dəhlizinin açılışına qarşı vaxtında tədbirlər görməsə: “Yaxın gələcəkdə İran öz mənafeyini qorumaq üçün bəzi qonşu dövlətlərlə yüksək xərclərə başa gələn çətin silahlı münaqişələrə girməli olacaq”.

Yazı müəllifinin mövqeyinin obyektiv təhlili və ya Azərbaycana qarşı qərəz və düşmənçilik əsasında formalaşması sualına cavab vermək üçün onun təhrif, iftira və böhtan dolu bir-iki cümləsinə nəzər salaq. O yazır ki, guya Azərbaycan Prezidenti: “Qoşulmayan ölkələrin başçılarının (?) Bakıda keçirilən görüşündən cəmi bir həftə əvvəl  hərbi məktəbdə (?) olarkən Azərbaycan hökumətinin səbrinin sonsuz olmadığını bəyan edərək, Ermənistan hökumətinə və onun xarici havadarlarına xəbərdarlıq edib ki, onlar Zəngəzur keçidini tez bir zamanda açmağa razılaşsınlar, əks halda, bu keçidi açmaq üçün  hərbi əməliyyata başlanacaq”. 

Müəllifin Azərbaycanın, guya, Ermənistanın  ərazisinin bir hissəsini işğal etməyə hazırlaşması barədə uydurması özünün icad etdiyi iftira və böhtana əsaslanır.

Yazıda savadsızlığın aşıb-daşması qərəz və düşmənçilik ritorikası ilə daha da gücləndirilir. Yuxarıda sitat gətirilən cümlələri bir qədər diqqətlə nəzərdən keçirək:  

Əvvəla, Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının zirvə görüşü deyil, xarici işlər nazirlərinin görüşü keçirilmişdir. İkincisi, Azərbaycan Prezidenti iyun ayının 23-də Müdafiə Nazirliyinin komando hərbi hissələrindən birində olarkən Ermənistana heç bir “təzavüz planı”ndan söz açılmayıb. Müəllif yalan və riyakarlıqla yazır ki, guya, Azərbaycan Prezidenti Zəngəzur dəhlizi açılmasa, “Qisas 3” əməliyyatı başlanacağını söyləyib. Müəllif məsələnin həmin cəhətini qəsdən təhrif edərək İranın maraqlı dairələrinin hərəkətə keçməsinə çağırış edir.

Yazı müəllifinin bu dərəcədə savadsız olmasına inanmaq çətindir. Digər tərəfdən, yazı İranın bir neçə əsas mərkəzi saytlarından birində yerləşdirilib. Belə çıxır ki, redaksiya heyəti də belə yazıların yayılmasında maraqlıdır. Bu, həm də ondan görünür ki, müəllif İranda iki dövlət arasında münasibətlərin  normal məcraya qayıtması və sonrakı inkişafına tərəfdar olan şəxsləri və qüvvələri “sistemdaxili lobbi” adlandıraraq onların rəyinə və mövqeyinə əhəmiyyət verməməyi zəruri hesab edir.

Beləliklə, biz iki ölkə arasında əlaqələrin genişlənməsinin daha bir qatı əleyhdarı ilə tanış olduq. Belə şəxslərin müəyyən siyasi, siyasi-hərbi dairələrin mövqeyini ifadə etdiyini nəzərə alsaq, bir daha deyə bilərik ki, iki ölkə arasında normal münasibətlərin bərqərar olmasının ən böyük əleyhdarları İranın özündə axtarılmalıdır. İranda həmin qüvvələrin kimdən ibarət olduğu da yaxşı məlumdur.

Vidadi Mustafayev, 
AMEA Şərqşünaslıq İnstitutunun İran şöbəsinin müdiri, professor

 



Siyasət