Güneydə Harayın “Yandırılan sazlar” harayı

post-img

Rza şah Pəhləvinin dövründə Güney Azərbaycanda davamlı şəkildə yasaqlara məruz qalan Azərbaycan milli musiqi alətləri – saz və tar İran İslam İnqilabından sonra daha qəti qadağalara məruz qalıb. 1987-ci ildə isə yeni İran hökumətinin səlahiyyətli din xadimlərinin əsrlərdən bəri xalqın çalğı alətləri olmuş saz və tarın “Şeytan əməlidir, müsəlmana haram buyrulub!” bəhanəsilə toplanmasına və tonqallarda yandırılmasına fitva verilib. 

Bütün bunların canlı şahidi olan güneyli şair Manuçöhr Əzizi Haray atəşlərdə yandırılıb külü göyə sovrulan saz və tarlarla bağlı “milli-mədəni soyqırımı”nı şəxsləndirərək, “Yandırılan sazlar” adlı alleqorik poema yazıb. O, Güney Azərbaycan türklərinin yeni milli dərdini-müsibətini, qədim mədəniyyətinə qarşı amansız terror əməlini ədəbi müstəviyə gətirərək ictimailəşdirib. “Yandırılan sazlar” poemasında rəmzi obrazların – 9 tar və sazın dili ilə şair həm xalqın onunla bir yaranıb qoşa yol gələn milli musiqi alətlərini küfr sayaraq məhv edənlərin cahilliyini, çürük fəlsəfəsini, həm də bir xalqın digərinə qarşı haqsız davranışını, ən adi insanlıq haqqını belə tapdalayıb keçməsini, milli hüquqlarını pozmasını, kədərini yeni, modern üslublu əsərində kəskin bir dillə tənqid edir.

Böyük Səməd Vurğun İran irticaçılarının hələ 1930-cu illərdə Güney Azərbaycanda türkcə kitabları yandırdıqlarından hiddətlənərək 20 yanvar 1947-ci ildə “Yandırılan kitablar” adlı bir şeir yazıb və vətəndaş şair bu hökmü imzalayanları da, hökmün icraçılarını da cəllad adlandırıb. Qoca Təbrizin baş meydanında qurulmuş tonqallarda qalaq-qalaq yandırılan, min kamalın şöhrəti, min ürəyin arzusu tək göyərən və gələcək nəsillərə yadigar qalan, yandıqca alovlarının şölə çəkib zülmətə şəfəq salan türkün abidə kitablarını məhv edənlərin cəzasını bir gün bu xalqın qəhrəman övladlarının verəcəyini bəyan edib:

 

Cəllad! Mənim dilimdədir
bayatılar, qoşmalar, 

De! Onları heç duydumu
sənin o daş ürəyin?

Sənmi “Türk-e xər”
deyirsən ulusuma, elimə? 

Dahilərə süd vermişdir 
Azərbaycan gözəli...

 

“Yandırılan kitablar” əsərində S.Vurğun  Vətən tarixinin alt qatlarına varır və bu torpağın qəhrəmanlar diyarı olduğunu bildirir, hətta anamız Tomrisi də xatırlayır”. 

İnsana elə gəlir ki, Mənuçöhr ­Əzizi Haray “Yandırılan sazlar” poemasını 30–40 il sonra, 1980-ci illərdə Səməd Vurğunun məhz bu şeirindən və ölməz Müşfiqin “Sındırılan saz” poemasından iqtibas edərək qələmə almışdır. Şübhəsiz, bu addımın atılmasının dərin kökləri var. Axı, “Tarım mənim”, “Səbanın tarı”, “Unudulmuş saz”, “Suzi-saz”, “Qəmli ney”, “Saz və yanğı”, “Tacbəxşin kamanı”, “Yanıqlı saz” və s. qəzəllərində ustadı Şəhriyar da tar, saz və ney kimi musiqi alətlərini xalq mənəviyyatının, milli xüsusiyyətlərin daşıyıcısı sayırdı. “Çaldığın sazda ötən mən yazığın naləsidir” deyən şair saz və tara insanın ürək yanğısının, dərdlərinin tərcümanı, məlhəmi kimi dəyər verir, dədə-babalarımızın günümüzədək qoruyub saxladığı bu qədim alətləri Azərbaycan milli mentalitetinin, milli varlığının təzahürü sayırdı.

Əlbəttə, tarix geri qayıtmır, sadəcə, zaman-zaman təkrar olunur. Tarixi həqiqətlər yaşayır, zaman keçdikcə yarandığı dövrün tərcümanına çevrilir. Mənuçöhr Əzizi Harayın İslam inqilabından bir neçə il sonra “Yandırılan sazlar” və “Tarçı Şulan” poemalarını yazması da 1980-ci illərdə İranın mürtəce din xadimləri tərəfindən Güney Azərbaycanda milli musiqi alətlərinin qadağan olunmasına, musiqi alətlərinin, xalqın qədim mədəniyyət nişanələrinin məhv edilməsinə, təbiətin, ana qəlbinin qul doğmadığı insanın başqa, yaranışdan bərabər, lakin mövqecə fərqli olan insan tərəfindən hüquqlarını əlindən almasına, haqqını tapdalamasına, onu qula, köləyə çevirməsinə, bu da azmış kimi, mənən və cismən məhv etməsinə qarşı kəskin etirazı, harayı, fəryadı, Səməd Vurğunun, Mikayıl Müşfiqin, Şəhriyarın səsinə səs verməsi idi. 

Haray qələmdaşı Hüseyn Cavid kimi düşünür (İştə çirkinlik öylə bir illət; Ki, dəmadəm qazandırır nifrət), qaranlığa məhkum olan köhnə beyinli, cahil adamları minbir illət məhsulu sayır, əməllərini isə faciə kimi dəyərləndirirdi:

 

Qaranlığa məhkum olan

Köhnəbeyin adamlardan,

Nə ummuşam, nə küsmüşəm!.

Qaranlığa məhkum olan,

Köhnəbeyin adamlar da 

Minbir illət məhsuludur.

Lakin bu bir faciədir.

 

Şair yalançı mədəniyyət dəllallarını qınayır. Onların mənfur əməllərini pisləyir, mövcud duruma ironiya edərək bildirir ki, sanki, insanın–Güney xalqının tarixən bəstələdiyi minlərlə oyun havaları, onlarla muğam guşələri-dəsgahlar, xalq mahnıları, aşıq musiqiləri bu dünyada heç bir vaxt çalınmayıb, oxunmayıb da. Haqlı suallar qarşısında iddiaçıların məhkəmə salonunda susması, bu susma nəticəsində yaranmış dərin, lal sükut düşündürücüdür:

 

Bu mənalı dərin sükut, 

sanki, xəbər verir bizə,

bundan sonra illər boy,

 mürtəcenin zil qaranlıq,

gecəsindən gündüzündən.

İllər boyu, səs-sədasız,

musiqisiz, hərəkətsiz bir aləmi,

duyuram mən bu sükutda.

Nə dəhşətli, nə vəhşətli bir aləmdir.

Hərəkətsiz, musiqisiz bir yaşayış.

İstəyirəm haray salam,

ay mədəniyyət daşını döşlərin

 döyəcləyən, hardasınız?  

 

Ancaq soydaşlarının cəhalət yuxusundan ayılaraq əkdiyi azadlıq ağacının çiçək açdığını görəcəyinə, sabit, əbədi günəşin doğmasına nail olacağına, bütün qaranlıqların aydınlanacağına əminliyini gizlətməyən Haray inanır ki, yandırılıb şəhid olmuş sazların xalqın gələcək davamçıları, uşaqlar mütləq “Zəfər marşı”, “Sülhü Zəfər” çalacaqlar:

 

Yavaş-yavaş azadlığın

 ağacları qönçələnir.

Təbiəti gözəllənir,

Şəhid olan sazlarımın

 uşaqları, çalır bizə.

“Sülh-ü Zəfər” mahnıları!

 

Qeyd olunduğu kimi, Güney şairlərinin əsərlərində incə lirizmlə yoğrulmuş bir qəribəlik müşahidə olunur, həyat həqiqətləri, gerçəkliklər estetika ilə təzad yaradır, qeyri-adiliklər adi, bəzən də çox mürəkkəb və psixoloji hal kimi səciyyələnir. Bu meyar Manuçöhr Əzizi Haray yaradıcılığından da yan keçmir və şair zaman-məkan prinsipiallığının fərqli xüsusiyyətlərini dərvişsayağı deyil, dünya görmüş aqil bir insan qismində - qiyafəsində ehtizaza gətirir. Harayın tapındığı müqəddəslik həqiqətdir. Əsrlərdən bəri uğrunda minlərlə igidin, elm fədaisi alimin, ictimai-siyasi xadimin canından keçdiyi gerçək, ali bir həqiqət!

 

Esmira FUAD, 
filologiya elmləri doktoru

 



Sosial həyat