Oxşar və fərqli cəhətlər
Müxtəlif politoloq, konfliktoloq və ya ekspertlərin qırğın, soyqırımı, qətliam, barbarlıq təzahürü, bəşər övladının törətdiyi vəhşilik, sivil dünyanın rəzaləti, XX əsrin sonuncu üzqaralıqları kimi qiymətləndirdiyi Serebrenitsa və Xocalı soyqırımlarının tarixçəsinə nəzər salanda sanki eyni müəllifin oxşar ssenarisi əsasında çəkilmiş iki filmə baxırsan.
Amerika kinematoqraflarının Yuqoslaviya hadisələri barədə çəkdiyi bədii filmlərin birində qəhrəmanın dili ilə deyilir: “Xeyirin Şər üzərindəki tam qələbəsi heç zaman mümkün olmayıb. Çünki Şər qüvvənin ölümü, məhvi də çoxsaylı günahsız insanların faciəsi ilə nəticələnir”. Hollivud təmsilçiləri bunu lokal prosesə, konkret bir şəxsə aid etsələr də, mən həmin arqumenti dünya miqyaslı proseslərlə əlaqələndirirəm. Belə ki, SSRİ adlı şər imperiyasının məhvinə sevinənlər çox olsa da, onun çökməsininin törətdiyi fəsadlardan əziyyət çəkənlər də az olmadı. Elə Azərbaycan və Bosniya kimi.
Srebrenitsa və Xocalı soyqırımlarının bir-birinə oxşadığını söyləyiriksə, onda arqumentlərimizi konkret faktlarla əsaslandırmalıyıq. Əsaslandıraq. Bu faciələrin hər ikisi keçmiş SSRİ-nin, soyqırımı törədilən illərdə isə Rusiyanın təsiri altında olan ərazilərdə törədilmişdir. Həm Srebrenitsa, həm də Xocalı qırğınları ədalətsiz müharibənin tərkib hissələri idi. Hər iki faktda müsəlmanlar qırılmışlar. Hər iki halda dünya seyrçi qalmışdır. Bu vəhşi aktların ikisində də əsas zərərdidələr qadın, uşaq, qocalar və tamamilə günahsız, heç bir hərbi əməliyyata dəxli olmayan insanlar idi. Hər iki faciə təpədən dırnağadək silahlandırılmış ordu birləşmələri tərəfindən tamamilə silahsız adamlara qarşı törədilmişdi. Hər iki faciə gecə vaxtı törədilmişdi. Hər iki faciənin bəzi zərərdidələri düşmən gülləsinə tuş gəlməsələr də, dağlarda, dərələrdə, meşələrdə həyatlarını itirərək soyqırımı qurbanlarının “sayını artırmışdılar”.
Yəni oxşarlıqlar çoxdur. Fərq isə ondadır ki, Serbiya parlamenti 2010-cu ildə qətnamə qəbul edərək, bosniyalı serblərin ordusunun 15 il əvvəl Srebneritsada törətdiyi qətliama görə bölgənin müsəlman xalqından üzr istəsə də, Xocalı soyqırımını törətmiş Ermənistanın quldur, başkəsən rəhbərləri nəinki üzr istəmir, hətta quduzluqlarını davam etdirirlər.
İkinci fərq isə ondan ibarətdir ki, Srebrenitsa faciəsi İkinci dünya müharibəsindən sonra Avropada rəsmi şəkildə təsdiq edilmiş soyqırımı kimi tanınır. Xocalı soyqırımına gəlincə isə Avropa rəsmiləri belə bir sənədləşdirmənin ərsəyə gəlməsinə tələsmirlər. Niyə? Çünki Avropanın əksər qurumları ikili standartlardan əl çəkə bilmirlər.
Rəsmi materiallarda qeyd edilir ki, birinci fakt keçmiş Yuqoslaviyada baş verən vətəndaş müharibəsi zamanı serb ordusunun 1995-ci ilin iyulunda ən azı 8300 bosniyalı müsəlmanın Srebrenitsa şəhərində qətlə yetirməsi ilə həyata keçirilən soyqırımı aktı idi.
İkinci fakt isə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Xocalının yerli əhalisi olan Azərbaycan türklərinə qarşı baş vermiş soyqırımıdır.
Bu əməllər mütəşəkkil formada həyata keçirilmişdi. Yəni hər iki fakt məhz nizami ordu tərəfindən törədilmişdi. Ancaq faşist Almaniyasının orduları hərbi əməliyyatları mülki vətəndaşlara qarşı deyil, Avropanın bəzi ölkələrinin və SSRİ-nin silahlı qüvvələrinə qarşı aparırdılar. Yəni mülki bosniyalıları və azərbaycanlıları qıran ordular faşistlərin belə törətmədiyi vəhşiliklərə əl atmışdılar.
Başqa bir fakt. Srebrenitsadakı qətliam general Ratko Mladiçin tabeliyində olan və ağır silahlarla təchiz edilmiş serb ordusu tərəfindən törədilmişdir. Soyqırımı zamanı qadın və uşaqların da qətlə yetirildiyi sənədlərlə sübuta yetirilmişdir. Xocalı soyqırımını törədən isə Mladiç kimi general olmasa da, sonradan özünü Ermənistan dövlətinin başçısı kimi qəbul etdirə bilmiş və müxtəlif tribunalardan fəxrlə demişdir ki, Xocalıda azərbaycanlıları mən qırmışam.
Başqa bir fakt, soyqırımdan əvvəl Srebrenitsanın əhalisi 24 min nəfər idi. Oraya digər bölgələrdən qaçqınlar axın etdikdən sonra şəhər əhalisinin sayı 60 minə çatmışdı. Həmin qaçqınlar da soyqırımının qurbanı oldular. Xocalıda da soyqırımından əvvəl əhali az idi. Ermənilərin öz ata-baba yurdlarından didərgin saldığı soydaşlarımızla yanaşı, Özbəkistandan qovulmuş Ahıska türkləri də burada məskunlaşmış və soyqırımının qurbanına çevrilmişdilər.
Daha bir oxşarlıq. Bosniya müsəlmanlarının əlindəki silahlar BMT sülhməramlıları tərəfindən yığılmışdı. Xocalıda və Azərbaycanın bütün ərazisindəki mülki əhalinin əlindəki silahlar isə SSRİ rəhbərliyi tərəfindən yığılmışdı.
Fikir verin, serblər bosniyalı müsəlmanları yollarda, dağlarda vəhşicəsinə qətlə yetirmiş, həlak olanların gələcəkdə şəxsiyyətlərini tanımaq mümkün olmasın deyə cəsədləri parçalayaraq hər birində 64 cəsəd olmaqla kütləvi məzarlıqlarda basdırmışdılar. Bəs biz Xocalıda və ümumiyyətlə, Qarabağda belə faktlara nə qədər rast gəlmişik? Bütün bunlar eyni müəllifin ssenarisi kimi üst-üstə düşmürmü?
Çox təəssüf ki, adını Şər qüvvələr qoyduğumuz bəzi siyasi dairələr bu gün də Azərbaycanın haqq işinə badalaq gəlməyə çalışır, Cənubi Qafqaza sülh gətirilməsini əngəlləyirlər. Ancaq əbəs yerə. Bu gün dünya da 90-cı illər dünyası deyil, Azərbaycan da artıq kiminsə diktəsinə baş əyməyəcək. Ermənilər isə yalandan hay-küy salsalar da, əslində, öz dövlətlərinin mövcudluğunu qorumağa cəhd edirlər.
Yəni indi artıq bizə qarşı olan heç bir ssenarinin reallaşdırılması mümkün deyil. Çünki bu gün dünyanın siyasət səhnəsində Böyük Türkiyə də var, qüdrətli Azərbaycan da. Bu günün söz sahibləri sırasında cənab Rəcəb Tayyib Ərdoğan da var, dünyanın əksər siyasətçilərinin alqışladığı İlham Əliyev də.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”