İndi taksi əvəzinə qayıqmı çağıraq?

post-img

Dünən səhər Bakının mərkəzində küçənin bu üzündən o üzünə keçməkdən ötrü məhz qayığa ehtiyac duyulurdu... 

17 iyul, səhər saat 08:45. Yağışın başladığı 10-15 dəqiqə olar. Paytaxtın mərkəzinə doğru uzanan Səməd Vurğun küçəsində yolun az qala yarısı ilə əməlli-başlı çay axır. Piyadalar yolun o üzünə keçmək üçün bu “çayı” adlamalıdırlar. Amma necə? Şalvarımızın ətəyini çırmayıb, bir ay əvvəl aldığımız dəri ayaqqabıların düşəcəyi günü unudub, küçəni alpinist kimi üfüqi adlayırıq. İş yerində kompüteri qoşub xəbərləri izləyirik. Saytlar BDYPİ-nin qeyri-sabit hava şəraiti ilə əlaqədar yol subyektlərinə müraciətini tirajlayıb: “Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadalar öz növbəsində ehtiyatlı olmalı, yolu onların hərəkəti üçün nəzərdə tutulmayan hissəsindən keçməməli, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər”.

Bəli, dünən səhər paytaxtın yollarında hərəkətin “ən müdafiəsiz iştirakçıları” məhz piyadalar idi. Yağışdan daldalanmağa yer gəzən, küçəni adlamaqda çarəsiz qalan piyadalar.                                                                                                                    

Haqqında söz açdığımız durum Bakının yeni problemi deyil. On illərdir bu barədə danışılır. Bakının su və kanalizasiya sistemi dövlət büdcəsi və xarici kreditlər hesabına ən çox sərmayə yatırılan sahələrdən sayılır. Rəsmi məlumatlara görə, 1998-ci ildən etibarən bu istiqamətə Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi maliyyə institutlarından yüz milyonlarla dollar kredit cəlb olunub. Eyni zamanda, “Azərsu” ASC-yə dövlət büdcəsindən hər il külli miqdarda vəsait ayrılır. Bakı şəhərinin içməli, tullantı və yağış suları infrastrukturlarının 2035-ci ilə qədər perspektiv inkişafını nəzərdə tutan “Master Plan”ı var. On ilə yaxındır haqqında danışılan bu “Master Plan”ın icrasının hələ ki real nəticəsi görünmür. “Azərsu” rəsmiləri isə yağış sularının ötürülməsi sistemindəki çatışmazlığın nə zaman aradan qaldırılacağını, deyəsən, heç özləri də bilmirlər. Görünən budur ki, 10-15 dəqiqəlik yağış Bakının küçələrində həm nəqliyyatın, həm də piyadaların hərəkətini iflic edir. Nə vaxtadək? 

İ.HƏSƏNQALA, 
“Xalq qəzeti”  

 

Sosial həyat