İlk qolunu Minsk “Dinamo”suna vurub

post-img

Bu günlərdə azerisport.com-un əməkdaşı Ruslan Mikayıllı futbol həvəskarlarlarımızın yaddaşında “Neftçi”nin unudulmaz oyunçularından biri kimi qalmış, hazırda isə paytaxt klubunun Müşahidə Şurasının üzvü Səməd Qurbanovun 70 yaşının tamam olması münasibətilə dərc etdirdiyi müsahibədə yubilyara belə bir sualla da müraciət etmişdi: “Tezliklə Konfrans Liqası turnirinin ikinci raundunda “Neftçi”nin rəqibi müəyyənləşəcək. Bu, “Jelezniçar”(Bosniya və Herseqovina) – “Dinamo”(Minsk, Belarus) görüşlərinin qalibi olacaq. Siz kiminlə oynamaq istərdiniz?”. Cavab belə olmuşdu: “Belarus klubu ilə. Biz ona qarşı həmişə yaxşı oynamışıq. Mən “Neftçi”nin heyətində ilk qolumu 1972-ci ildə məhz Minsk komandasına vurmuşam. Həmin görüş 1:1 hesabı ilə heç-heçə başa çatmışdı.

Bu faktı sizin diqqətinizə çatdırmazdan əvvəl SSRİ çempionatının həmin oyunları haqqında bir qədər ətraflı məlumat almaq üçün statistikanın köməyindən istifadə etməyi qərara aldım. Səbuhi Səfiyarlı və Elçin Rüstəmovun müəllifliyi ilə nəşr olunmuş “Neftçi -70”. “Unudulmayan keçmiş” (1937-2007) kitabından bunları öyrəndim.

Otuz dördüncü SSRİ çempionatında “Dinamo” (Minsk) – “Neftçi” görüşü 1972- ci il sentyabrın 8-də keçirilmişdir. Minskin “Dinamo” stadionunda baş tutan və 25 000 tamaşaçının izlədiyi oyunda ­moskvalı hakim İvan Lukyanov iki qol qeydə almışdır. Əvvəlcə 29- cu dəqiqədə bakılı Qurbanov fərqlənmiş, fasilədən sonra isə 56- cı dəqiqədə dinamoçu Saxarov cavab topu vurmuşdur - 1:1.

Azərbaycan və Belarus paytaxtlarının ən yaxşı komandaları arasında həmin çempionatda aprelin 4-də Bakıda keçirilmiş görüşdə isə “Neftçi” 1:0 hesabı ilə qalib gəlmişdir. Bu oyunda isə baş hakim Moskva təmsilcisi Valentin Lipatov olmuşdu. “Dinamo”nun qapısına qələbə topunu 43- cü dəqiqədə 11 metrlik zərbə ilə Valeri Hacıyev vurmuşdur. Maraqlıdır ki,  statistika Minskdəki kimi Bakıda da görüşə 
25 000 azarkeşin şahidlik etdiyini xatırladır.

Başqa bir mənbə, mərhum həmkarım Abas Əzimovun “Neftçi - 70” kitabında isə SSRİ çempionatının  güclülər dəstəsində  əsas heyətdə çıxış etmiş “Neftçi” futbolçularının statistik göstəriciləri verilmişdir.  S. Qurbanov 1972-ci; 1977–1984-cü illər mövsümündə, yəni 9 çempionatda 230 görüşdə meydana çıxmışdır. O, həmin oyunlarda 10 qolun müəllifi olmuşdur.

Ümumilikdə isə Qurbanov 1972– 1984- cü illər ərzində SSRİ çempionatının güclülər dəstəsində və birinci dəstədə 393 oyunun iştirakçısı olub, 22 top vurmuşdur.

Həmin statistik göstəricilərə onu da əlavə edə bilərik ki, 1953- cü il iyulun 10- da Qazaxda anadan olmuş Səməd Qurbanov futbol oynamağa doğma şəhərdə başlamış, “Neftçi”də çıxışlarını başa vurduqdan sonra Daxili İşlər Nazirliyi orqanlarında çalışmışdır.

S. Qurbanov meydançada daim sürətli, texnikalı oyunu ilə fərqlənir, bir istedadlı yarımmüdafiəçi kimi bütün görüş ərzində böyük iş həcmini yerinə yetirirdi, yüksək sürəti, dəqiq ötürmələri sayəsində komandanın mühərrikinə çevrilmişdi. Təsadüfi deyildi ki, azarkeşlər sevimli futbolçularına “Jiquli” ləqəbi vermişdilər...

P.S: Biz də “Xalq qəzeti” olaraq o uzaq illərdə xalq komandası kimi çox sevilən “Neftçi”nin oyunçusu və təkrar edək ki, hazırda klubun Müşahidə Şurasının üzvü Səməd Qurbanovu 70 illik yubileyi münasibətilə təbrik edir,  yeni mövsümdə ona komandadan çoxdan gözlədiyi böyük qələbələrin sevincini yaşamağı arzu edirik.

 

Oqtay BAYRAMOV, 
Əməkdar jurnalist

 

İdman