Şuşada Vaqif ruhunun poetik təntənəsi

post-img

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilən növbəti Vaqif Poeziya Günləri uğurla başa çatıb. Bu ad altında poeziya bayramı ilk dəfə 1982-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təşkil edilib. Qarabağ ermənilər tərəfindən işğal olunana qədər söz-sənət adamlarımız 9 dəfə Şuşada Vaqif poeziyasının “çətir”i altına toplaşmışdılar. 2020-ci ildə Qarabağ, o cümlədən Şuşa işğaldan azad edildikdən sonra ənənə bərpa edilib və ötən günlərdə artıq sayca ­12-ci poeziya günləri keçirilib.  

Xarakterik cəhət bundan ibarətdir ki, bu dəfə tədbirlərə Vətən müharibəsindən əvvəlki dövrdə olduğu kimi, Molla Pənah Vaqifin  ata-baba yurdu olan Qazax rayonunun Yuxarı Salahlı kəndindən start verilib. Ədəbi cameənin nümayəndələri həmin kənddə şairin büstünə gül dəstələri düzüblər, sonra tədbir Qazax şəhərinin mərkəzindəki “Mütəfəkkirlər bağı”nda davam edib. Sonrakı iki gündə isə  tədbirlər Şuşada keçirilib. Sərgilər, təqdimatlar, konfranslar, ziyarətlər, musiqili şeir saatları bu sıradandır. Hər çıxış doğma Şuşaya özəl bir sevgi etirafı, mütəfəkkir şairimiz Vaqifin ölməz ruhuna ehtiram ifadəsi idi. 

Vaqif Poeziya Günlərindən böyük təəssüratla qayıdan iştirakçıların bir qismi “Xalq qəzeti”nə müsahibələrində bu barədə həvəslə danışdılar. Onların ürək sözlərini təqdim edirik...

Vahid Əziz, Xalq şairi: 

– Bu, mənim Şuşa azad olunandan sonra mədəniyyət paytaxtımıza 4-cü səfərim idi. Açılış mərasimindəki çıxışımda da dedim ki, Şuşanın ruhunun özünə qaytarılması fərəh doğurur. Hər dəfə bura gələndə böyük vüsətlə quruculuq işlərinin görüldüyünün şahidi olmuşam. Biz yaradıcı, qurucu xalqıq, Şuşanı 30 il əsarətdə saxlayan mənfur düşmənin acığına bu şəhəri dirçəldirik və bununla qürurlanırıq. Bu layihələri bir zaman yaradılmasının vacibliyini qeyd edənlərdən biri olduğum Heydər Əliyev Fondu böyük qayğıkeşliklə, deyərdim ki, fədakarlıqla reallaşdırır. Nankor qonşularımız tərəfindən vandalizmə məruz qoyulmuş dahi şəxsiyyətlərimizin abidələrinin, ev-muzeylərinin, məscidlərin, mədəniyyət ocaqlarının bərpası hər kəsin könlüncədir. Bir şeirimdə bu barədə belə demişəm:

Mübarək Zəfərin dəydi qədəmi,

Yanır köhləninin nalı Şuşanın. 

Yenə əzəllərdə olduğu kimi

“Su yolu olacaq” yolu Şuşanın.      

Bəli, bu gün sözün əsl mənasında Şuşa yolu bizləri su aydınlığına, Günəş şəfəqlərinə bələyir. Vaqifin ruhu şaddır, ulu öndərin ruhu şaddır ki, Prezident ­İlham Əliyevin rəhbərliyi ilə qazanılan nailiyyətlərimiz Şuşanın da mədəni həyatında sərgilənir. Bu aspektdə reallaşan təşəbbüslər, təşkilati işlər qəlbimizi  vəcdə gətirir. Arzum budur ki, hər kəs gedib Şuşanı görsün və sevinsin, fərəhlənsin.   

Seyran Səxavət, yazıçı:

– Vətən müharibəsində möhtəşəm Zəfər yürüşü sayəsində biz son iki əsrdə ilk dəfə olaraq düşməndən torpaq almaqla haqqı, ədaləti bərpa edə bildik. Buna görə müzəffər Ali Baş Komandanımız İlham Əliyevə və rəşadətli ordumuza minnətdarıq. 30 il zəbt etdikləri Şuşadan bizə sarı üzüaşağı baxanları indi aşağıdan yuxarı həsrətlə baxmağa məcbur eləmişik. Buradakı atəşfəşanlıq, gecəyarıdan keçənə kimi uzanan çal-çağır səsləri düşmənin bağrını dəlir. Mən Vaqif Poeziya Günləri çərçivəsində təşkil olunan “Vətənim Qarabağ” poeziya tədbirindəki çıxışımda da qeyd etdiyim kimi, Azərbaycanın dağlar başındakı müqəddəs şəhərində keçirilən belə bir möhtəşəm tədbir hamımızın ürəyindən xəbər verdi. Bir daha dövlətimizin qüdrətini, xalqımızın yaradıcı ruhunu dünyaya bəyan elədi. Bax, bu baxımdan Vaqif Poeziya Günlərinin əhəmiyyəti ölçüyəgəlməz dərəcədə böyükdür. Bizə bu sevinci, fərəhi bəxş edənlər min yaşasınlar!

İlqar Fəhmi, Azərbaycan Yazıçılar Birliyinin katibi:    

– Doğrudan da, Vaqif Poeziya Günləri böyük bir poeziya bayramı təsiri bağışladı. Bu il çox unikal və fərqli məqamlar oldu. Birinci məqam ondan ibarət idi ki, bu poeziya bayramı Qazaxda başladı. Şairin vətənində və sovet dövründə olduğu kimi, Qazaxda start verilən bayram şənlikləri Şuşaya ötürüldü və iki gün ərzində burada çox gözəl tədbirlər keçirildi. Bu il iki əlamətdar hadisə üst-üstə düşüb. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi və Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan olunması. Bu günlər çərçivəsində məhz hər iki əlamətdar hadisəyə toxunduq. Mehmandarovların malikanəsində Azərbaycan Yazıçılar Birliyinin ­Heydər Əliyevin yubileyinə həsr olunmuş kitabının təqdimatını keçirdik. Ondan əlavə, Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan olunması səbəbindən builki bədii hissələri də sadəcə, Vaqifin həyat və yaradıcılığı üzərindən yox, Vaqif və türk dünyası kontekstində qurduq. Elə bilirəm ki, istəyimizə nail olduq.  

Vaqif Poeziya Günlərinin sonuncu tədbiri “Vaqif dünyası” adlı poetik-musiqili tamaşa olub. Tamaşada Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Məhəmməd Füzuli, Əlişir Nəvai, Şah İsmayıl Xətai və Türk dünyasının digər şairlərinin obrazları canlandırılıb.

Səhnə əsərinin kompozisiyası Vaqiflə Vidadinin dialoqu üzərində qurulsa da, digər şairlərin şeirləri, musiqilər, muğam parçaları da araya daxil edilib. Təqdimatda istifadə olunan səhnə geyimləri də kompozisiyanın yaratdığı hissləri gücləndirərək, tamaşaçıları bir neçə əsr bundan əvvələ aparıb...

Onu da qeyd edək ki, Vaqif Poeziya Günləri keçirilən vaxt redaksiyamızın qonağı olan filologiya üzrə elmlər doktoru, professor Tərlan Quliyevdən soruşmuşduq ki, Şuşaya toplaşmış şairlərimizə müraciət etsəydiniz, nə deyərdiniz? Belə cavab vermişdi: “Deyərdim ki, Şuşanın səfasını görməklə, təmiz havasını udmaqla, təbii gözəlliyindən ilham almaqla bərabər, hər daşına, qayasına qanları çilənmiş şəhidlərimizin – şöhrət tariximizin qəhrəmanları haqqında çoxlu sanballı əsərlər yazıb yaratsınlar”. Bu zaman yadımıza gözəl şairimiz Ramiz Qusarçaylının ötən il Şuşada qələmə aldığı misralar düşdü:  

Hər daşın üstündə şəhid nəfəsi,

Hər daşın altında şəhid qanı var.

Şuşanın nəfəsi – igid nəfəsi,

Şuşanın ər sözü, hürr dastanı var.

 

Əli NƏCƏFXANLI, 
“Xalq qəzeti”

 







Mədəniyyət