Azərbaycanın yunan-Roma güləşçiləri Budapeştdə keçirilmiş reytinq turnirində uğurla çıxış ediblər. Yarışda 3 qızıl, 2 gümüş və 1 bürünc medal əldə etməklə 140 xal toplayan yığmamız komanda hesabında yarışın qalibi olub. Bu nəticənin dünya çempionatı ərəfəsində əldə edilməsi onun əhəmiyyətliliyini daha da artırır.
Turnirdə qızıl medal qazanan Həsrət Cəfərov (67 kq) “Xalq qəzeti”nə müsahibəsində fəxri kürsünün ən yüksək pilləsinə aparan yolda ilk rəqibi qazaxıstanlı Din Qoşqara (12:3) böyük hesabla qalib gəldikdən sonra rumıniyalı Mihay Mihutanı (3:1) da məğlub etdiyini bildirdi. Qeyd etdi ki, finala çıxış uğrunda əsas rəqiblərindən biri olan koreyalı Hansu Ryu ilə (5:1) ilə görüş çox gərgin olub: “Yarımfinalda Koreya idmançısı, ikiqat dünya çempionu Hansu Ryu ilə mübarizə apardım. Qarşılaşma gərgin keçsə də sonda qalib oldum (5:1). Həlledici görüşdə Avropa çempionatının finalında məğlub etdiyim gürcüstanlı Coni Xetsuriani üzərində 6:1 hesablı qələbə qazandım. Əsas hədəf dünya çempionatında uğurla çıxış etməkdir. Yaxşı formadayıq. Düşünürəm ki, nəticə yüksək olacaq.
Xatırladaq ki, Həsrət Cəfərov bu il Xorvatiyada keçirilən Avropa çempionatının qalibi olub.
Yarışda 77 kiloqram çəki dərəcəsində qalib adını qazanan Sənan Süleymanov demək olar ki, bütün qarşılaşmalarının çətin keçdiyini dedi: “Ümumiyyətlə, yunan-Roma güləşində 77 kiloqram çəki dərəcəsində rəqabət çox güclü olur. İlk görüşümdə amerikalı Riçard Perkinsi 3:1, sonrakı qarşılaşmada finlandiyalı Conni Sarkkineni 5:1, nəhayət final uğrunda mübarizədə gürcüstanlı Yuri Lomadzeni 10:0 hesabı ilə məğlub etdim. Həlledici mərhələdə isə ABŞ-ın digər təmsilçisi Kamal Beyə 4:1 hesabıyla qalib gələrək qızıl medal qazandım”.
Dörddəbir finalda başından zədə alsa da, onun o qədər də ciddi olmadığını deyən güləşçi qeyd edib ki, yarışda güclü heyətlər iştirak edib: “Budəfəki yarış dünya çempionatından əvvəl son reytinq turniri olduğu üçün ölkələr güclü heyətlə iştirak edirdilər. Bu, bizim üçün bir növ sınaq idi. Burada rəqiblərimizin güclü və zəif tərəflərini öyrənməyə çalışırdıq. Bundan əvvəl Göygöl, Bakıda təlim-məşqlər keçmişik. Macarıstanda qalıb dünya çempionatına hazırlıqla bağlı təlim-məşqlərdə iştirak edəcəyik. Ümid edirəm ki, dünya çempionatında da yüksək nəticə qazanacağıq.
Reytinq turnirində Murad Məmmədov da fəxri kürsünün ən yüksək pilləsində yer almağı bacarıb. Onun rəqibləri arasında ilk startda görüşdüyü moldovalı dünya və Avropa çempionu Viktor Çiobanu ilə qarşılaşması xüsusilə prinsipial xarakter daşıyıb: “Viktor Çiobanu ilə qarşılaşma mənim üçün xüsusilə vacib idi. Əsas rəqiblərimdən biridir. Bilirdim ki, bu güclü güləşçi ilə nə vaxtsa qarşılaşacağam. Onun işlətdiyi fəndlərə baxır, güləşini izləyirdim. Onu 9:0 hesabı ilə məğlub etdim. Sevinirəm ki, istədiyim güləşi göstərə bildim. Digər rəqiblərlə görüşlərim nisbətən rahat keçdi”.
Güləşçi onu da bildirdi ki, 63 kiloqram yeni çəkisidir: “Bu çəki dərəcəsində rəqiblərimə daha yaxşı bələd olmağa çalışıram. Onu bilirəm ki, hazırda çıxış etdiyim çəki dərəcəsində İran, gürcüstanlı və digər ölkələrdən güclü pəhləvanlar var. Dünya çempionatına qızıl medal üçün gedəcəyik”.
Qeyd edək ki, güləş yığmamız yarışdan sonra Macarıstanda təlim-məşqlərə qatılacaq. Bu toplanışda əsas məqsəd güləşçilərimizin Belqradda keçiriləcək dünya çempionatına hazırlığını yüksək səviyyədə təmin etməkdir. Dünya çempionatı sentyabrın 16-24-də keçiriləcək.
Leyla QURBANOVA, “Xalq qəzeti”