Qax Olimpiya İdman Kompleksində təşkil olunan 16 yaşadək yeniyetmələr arasında Respublika Şahmat Olimpiadasının qalibləri müəyyənləşib. Olimpiadanın A qrupunda 262, B qrupunda isə 224 şahmatçı olmaqla, ümumilikdə 45 rayon (şəhər) təşkilatından 486 şahmatçı mübarizə aparıb.
Olimpiadanın baş katibi, “Təhsil” RİM-in şahmat üzrə baş məşqçisi Raul Quliyev “Xalq qəzeti”nə müsahibəsində yarışda 16 yaşadək uşaqların öz potensiallarından maksimum istifadə etmələri üçün hər bir şəraitin yaradıldığını bildirdi: “Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə 16 yaşadək yeniyetmələr arasında Respublika Şahmat Olimpiadası yüksək səviyyədə keçirildi. Qax Olimpiya İdman Kompleksində təşkil olunan yarışda idmançıların öz potensiallarından maksimum istifadə etmələri üçün hər bir şərait yaradılmışdı.
Bahar Cəfərova, Fərid Sadıqzadə (8 yaşadək), Mehriban Əhmədli, Nihad Məmmədov (10 yaşadək), Səadət Bəşirli, Murad Rzayev (12 yaşadək), Məryəm Ağaverdiyeva, Elçin Şəkərəliyev (14 yaşadək), Ayan Hüseynli və İslam Hacıəliyev (16 yaşadək) birinci yeri tutublar. A qrupunda komanda hesabında Gəncə 2№ UGİŞM, B qrupunda isə 3 nömrəli RİOEUGİŞM qalib adını qazanıblar. Onlardan İslam Hacıəliyev ötən olimpiadada da qalib adını qazanmışdı. Eyni zamanda, qızların mübarizəsində fərqlənən Ayan Hüseynlini xüsusilə vurğulamaq istəyirəm. O sübut etdi ki, potensialı var və gələcəkdə ondan da yaxşı nəticələr gözləyə bilərik”.
R.Quliyev yeniyetmə şahmatçılarımızın beynəlxalq arenalarda yarışlarda daim fərqləndiklərini bildirdi: “Olimpiadada turlar gərgin və maraqlı mübarizə şəraitində keçdi. Şahmatçılarımız bu yarışa yaxşı hazırlaşmışdılar. Ümumiyyətlə, yeniyetmə şahmatçılarımız beynəlxalq yarışlarda nəticələri ilə həmişə fərqlənirlər. Türkiyənin Çorum şəhərində 2019-cu ildə keçirilən 16 yaşadək şahmatçılar arasında Dünya Şahmat Olimpiadasında yığmamız qalib adını qazanmışdı. Naxçıvanda keçirilmiş son olimpiadada isə “Azərbaycan-1” komandası 3-cü yeri tutub. Ümid edirik ki, olimpiadada yüksək nəticə qazanmış idmançılarımızın uğurları davamlı olacaq”.
16 yaşadək oğlanlar arasında qızıl medal qazanan İslam Hacıəliyevin məşqçisi, Şəki şəhər UGİŞM-nin baş məşqçisi, Əməkdar məşqçi Sadiq Mehtiyev yetirməsinin istedadlı şahmatçı olduğunu bildirdi: “İslam 16 yaşadək şahmatçılar arasında güclülərdən hesab olunur. O, həm də olimpiada çərçivəsində keçirilən blits turnirinin qalibi olub. Ötən il Zaqatalada keçirilmiş olimpiadada da qalib olmuşdu. Eyni zamanda blits turnirində də qalib adını qazanmışdı. Azərbaycan çempionatında 2-ci yeri tutduğuna görə Rumıniyada sentyabrda keçiriləcək Avropa birinciliyinə vəsiqə qazanıb. İnanıram ki, yetirməm qitə birinciliyində də ümidləri doğruldacaq”.
“Təhsil” RİM 4 nömrəli İOEUGİŞM-in təmsilçisi 13 yaşlı Ayan Hüseynli (fərdi məşqçisi Samir Cavadzadə) 16 yaşadək qızlar arasında yüksək nəticə əldə etdiyi üçün çox sevindiyini dedi. Məşqçi Samir Cavadzadənin yetirməsi qarşıdakı yarışlarda yüksək səviyyədə çıxış etmək üçün potensialından maksimum istifadə edəcəyini bildirdi: “Bir sıra yarışlarda mükafat qazanmışam. Olimpiadada yüksək nəticə göstərdiyim üçün xoşbəxtəm. Yarışa yaxşı hazırlaşmışdım. Bu turnirdə çoxlu təcrübəli idmançılar qalib adı uğrunda mübarizə aparırdılar. Yarışda iştirakçılar üçün hər bir şərait yaradılmışdı. İnanırdım ki, qalib gələcəyəm. Qarşıdakı turnirlərdə yaxşı çıxış etmək üçün potensialımdan maksimum istifadə etməyə çalışacağam”.
Leyla SABİRQIZI,
“Xalq qəzeti”