Azərbaycan yalnız İsrailin deyil, həm də Qərbin böyük dostudur

post-img

Bu barədə İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti, tanınmış siyasətçi və politoloq Ayub Karanın ölkəsinin geniş oxucu kütləsinə malik “İsrael Hayom” nəşrində dərc olunmuş məqaləsində yazıb.

“Nə üçün İsrail İran təhlükəsi qarşısında Azərbaycana kömək etməlidir?” sərlövhəli məqalədə qeyd olunub ki, İsrail kimi Azər­baycan da ona qarşı birmənalı sayılmayan ya­naşmalar səbəbindən İran təhlükəsi qarşısın­da Qərb paytaxtlarında çox ehtiyac duyulan dəstəyi əldə etmək üçün çətin mübarizə aparır. İrandan qaynaqlanan ekzistensial təhlükə ilə üzləşən İsrailə qarşı fələstinlilərin yürütdüyü boykot və sanksiya hərəkatı Qərbdə İsrailə qarşı sanksiyaların tətbiq edilməsini hədəf­lədiyi kimi, erməni lobbisi də Kapitoli təpə­sində analoji təhdid altında olan Azərbaycan əleyhinə fəaliyyət aparır və bu vəziyyət Teh­randakı mollaların həm Azərbaycana, həm də İsrailə qarşı düşmənçiliyini körükləyir. Sabiq nazir bu mənada ölkəsinin dost Azərbaycanı bütün vasitələrlə müdafiə etməsini alternativ­siz seçim adlandırıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan təkcə İsrailin deyil, həm də Qərbin etibarlı dostudur. NATO-nun baş katibi Yens Stoltenberq Azər­baycanı “dəyərli tərəfdaş” adlandırıb və bu, ölkəmizin Əfqanıstandakı NATO missiyasına verdiyi töhfə ilə bağlı olub. Belə ki, Azərbay­can Türkiyə ilə birlikdə Kabildə həyata keçi­rilən təxliyə prosesləri zamanı Həmid Kərzai adına hava limanının təhlükəsizliyini təmin edib və nəticədə talibanlar tərəfindən ələ keçi­rilmiş ölkədən QHT və hökumət işçilərinin təh­lükəsiz təxliyəsinə imkan yaradıb. Məqalədə Ceymstaun İnstitutuna istinadən bildirilib ki, Azərbaycanın NATO səylərinə töhfəsi 2002-ci ildə 22 sülhməramlı ilə başlayıb və missiyaları­nı bitirəndə onların sayı 120-yə çatıb. Azərbay­can sülhməramlıları NATO missiyasına quruda dəstək verməklə yanaşı, zəruri hərbi təchizatın təxminən 40 faizini tranzit marşrutları ilə təmin etməklə Əfqanıstandakı müttəfiq qüvvələrin maddi-texniki təminatını asanlaşdırıb.

Eyni zamanda qeyd olunub ki, Stolten­berq Ukraynadakı müharibədən sonra kəskin qaz və neft çatışmazlığı ilə üzləşmiş bir sıra NATO üzvü ölkələrinə Azərbaycanın qaz tə­darükünü də yüksək qiymətləndirib. İsrailli politoloqun fikrincə, Azərbaycan Rusiyanın Avropaya qaz tədarükünü tam əvəzləməsə də, Avropanın Rusiya qazı və neftindən asılılığını azaltmaqda mühüm rol oynayır.

Sonda sabiq nazir belə qənaətə gəlib ki, Qərb İsrailin İranla bağlı narahatlığını nəzərə almalı olduğu kimi, Azərbaycanın da eyni qəbildən olan narahatlığını nəzərə almalıdır. Çünki İsrail və Azərbaycanın İran təhlükəsi ilə bağlı narahatlığı Ukraynanın Rusiya ilə əlaqədar narahatlığından heç də az əhəmiyyət kəsb etmir. Buna görə də Qərb İranın nüvə təhlükəsinə necə cavab verəcəyini düşünərkən İsrail və Azərbaycan da mollalarla danışıqlar masası arxasında söz sahibi olmalıdır.

“Xalq qəzeti”

Siyasət