Deyəsən, haylar “dəmir yumruq” üçün darıxıblar

post-img

Ermənistan yenə öz ampluasındadır. Rəsmi İrəvan nəinki 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, həm də iki ölkənin şərti sərhədində yeni-yeni təxribatlar törədir. 

Son vaxtlarda isə Hayastanın atəşkəs rejimini şərti sərhədin az qala bütün istiqamətlərində və Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti al­tında olan ərazilərdən pozması diqqəti cəlb edir. Müdafiə Nazirliyi Mətbuat xidmətinin yaydığı mə­lumat bunun göstəricisi sayıla bilər.

Məlumatda qeyd olunur ki, iyulun 10-da saat 17:10-dan saat 20:30-dək Ermənistan silahlı qüvvələrinin böl­mələri Vedi rayonunun Arazdəyən, Qafan rayonunun Gığı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusu­nun Sədərək rayonunun Heydərabad və Ordubad rayonunun Nürgüt yaşa­yış məntəqələri istiqamətlərində yer­ləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutublar. Bundan başqa, Rusiya sülhməramlıla­rının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri ordumuzun Xoca­lı və Xocavənd rayonları istiqamətlə­rində yerləşən mövqelərinə də atıcı silahlardan bir neçə dəfə atəş açıblar. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Eyni zamanda, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri ordumuzun Xocalı, Xocavənd və Kəlbəcər rayon­ları istiqamətlərində yerləşən mövqelə­rinin qarşısında uzunmüddətli fortifi­kasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. “Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsa­lınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb”, – Müdafiə Nazirliyinin məlumatında qeyd edilib.

* * *

Qeyd edək ki, iyulun 21-də Brüssel­də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənista­nın baş naziri Nikol Paşinyan arasında növbəti görüşün keçirilməsi nəzərdə tu­tulub. Sonuncu dəfə isə iyunun 27-29-da ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində iki ölkənin xarici işlər nazir­ləri – Ceyhun Bayramov və Ararat Mir­zoyan arasında danışıqlar aparılmışdı. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunurdu ki, nazirlər və onların heyətləri arasında “Sülh və dövlətlərarası müna­sibətlərin qurulması haqqında” ikitərəfli saziş layihəsi üzrə danışıqlarda əlavə tərəqqiyə nail olunub. XİN bildirib ki, gö­rüşdə saziş layihəsinin əlavə maddələri üzrə razılıq əldə edilib və layihə üzrə qarşılıqlı anlaşmaya doğru addım atı­lıb. Eyni zamanda, bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə eh­tiyac olduğu nəzərə çatdırılıb.

Ermənistan XİN də oxşar məzmun­da açıqlama yayaraq qeyd etmişdi ki, nazirlər saziş layihəsinin daha bir neçə maddəsi üzrə razılığa gəliblər. Qarşı­lıqlı anlaşmada irəliləyiş qeydə alınıb, eyni zamanda, bir sıra əsas məsələlər üzrə mövqelərin əlavə iş tələb etdiyi qeyd olunub.

Hər iki tərəfin yaydığı bu məlumat­lar qarşıdakı Brüssel görüşündə sül­hün əldə olunması istiqamətində irəliyə doğru böyük addım atılacağına ümidlər yaradırdı. Ancaq indi – görüşə 10 gün­dən də az vaxt qaldığı bir zamanda Ermənistan tərəfinin Azərbaycan əra­zilərini bir sıra istiqamətlərdən atəşə tutması heç də etimad yaradılmasına xidmət etmir. Əksinə, danışıqların po­zulmasına yönəlib. İrəvanın “səyləri” nəticəsində yaradılan bu atmosferdə keçirilən görüş isə onun uğurlu olaca­ğına inamı azaldır. Bu mənada hayla­rın hazırkı yanaşması sülh quruculuğu yox, sülhə maneolma cəhdi adlandırıla bilər. Onlar yenə də sülh dialoquna pəl vurur, danışıqları dalana dirəyir və va­sitəçilərin səylərini heçə endirirlər.

* * *

Ermənistan hökumətinin bu cür zid­diyyətli davranışı sualların yaranması­na səbəb olur. Belə çıxır ki, ya rəsmi İrəvan danışıqlarda səmimi deyil, ölkə­nin əvvəlki hakim rejimləri kimi danışıq­lar prosesində imitasiya ilə məşğuldur, ya da baş nazir silahlı qüvvələrin ali baş komandanı kimi hərbçilər üzərində tam nəzarətə malik deyil. Bəzi ekspertlər güman edirlər ki, İrəvanla Bakı arasın­da münasibətlərin normallaşması və sülh sazişinin imzalanması istiqamətin­də əsas maneə Ermənistanda mərkəzi hakimiyyətin zəifliyidir. Çünki bəzi mari­ginal qruplar, eləcə də üçüncü tərəfdən olan oyunçular Ermənistan hakimiyyəti­nin ölkə daxilindəki zəifliyindən istifadə edirlər. Onların fikrincə, barışıq prose­sinin qarşısında ən böyük əngəl budur. Ancaq bu versiya az inandırıcı görünür. Bir neçə gün öncə “Azadlıq” radiosu­nun “İzahla” proqramının təşkil etdiyi Bakı-İrəvan debatında çıxış edən Regi­onal Araşdırmalar Mərkəzinin direktoru, siyasi ekspert Riçard Kirakosyan da Er­mənistanın mərkəzi hakimiyyətinin zəif­liyi iddiası ilə qətiyyən razı olmadığını bildirmişdi: “Ermənistan hakimiyyəti müharibəni uduzandan sonra belə çox­luq tərəfindən yenidən seçilib. Mən dü­şünmürəm ki, belə mariginal qrupların Ermənistan hakimiyyətinə təsir imkan­ları var”. Bu mənada Paşinyanın da­nışıqların imitasiya prosesi ilə məşğul olduğunu söyləmək üçün əsaslar var. Elə qeyd etdiyimiz debatda Azərbay­canı təmsil edən Beynəlxalq Münasi­bətlərin Təhlili Mərkəzinin xarici siyasət şöbəsinin müdiri Cavid Vəliyev də bu fikri səsləndirib: “Ermənistan vaxt ud­mağa, sülh prosesini uzatmağa çalışır. O mənada ki, regionda geopolitik du­rum Ermənistanın xeyrinə dəyişəndən sonra Azərbaycanla sülhün şərtlərini müzakirə etsinlər. Onlar fikirlərində qəti olduqlarına dair aydın bəyanatlar ver­məlidirlər. Biz istəyirik ki, Ermənistan Qarabağ erməniləri üçün beynəlxalq mexanizm tələb etməyi dayandırsın. Çünki Azərbaycan Prezidenti, rəsmi şəxsləri dəfələrlə bəyan ediblər ki, ölkə Konstitusiyası və qanunları Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinə təminat verir”.

Ermənistanda olmasa da, Qarabağ­dakı hayların regionda suların durulma­sını istəməyən başqa qüvvələrin əlində tarixən və indi də alət olması heç kim üçün sirr deyil. Elə Qarabağdakı yaraq­lı erməni separatçılarının növbəti dəfə Rusiya sülhməramlılarının nəzarətində olan ərazidən ordumuzun mövqelərini atəşə tutması bunun bariz nümunəsidir. Burada sülhməramlı adlanan qüvvənin öz missiyasına uyğun davranmadığını xüsusi vurğulamaq lazımdır. Onlar necə sülh yaradırlar ki, nəzarət etdikləri əra­zidən separatçılar bizim mövqelərimizi atəşə tuturlar? Bu gərginliyin Rusiya­nın qısqanclıqla yanaşdığı danışıqların Brüssel platformasının növbəti raundu ərəfəsində baş verməsi də təsadüfi sa­yılmamalıdır.

İyunun 28-də Qarabağda baş ver­miş hadisə də daxil olmaqla son dövr­lərdə baş verən insidentlər, o cümlədən iyulun 10-da mövqelərimizə atəş açıl­ması Ermənistan ordusunun tör-tökün­tülərini suveren ərazimizdən çıxarmaq niyyətində olmadığından xəbər verir. Bu isə Azərbaycan Ordusu tərəfindən anti-terror əməliyyatının keçirilməsi­ni zəruri edir. Bakıya başqa çıxış yolu qoymayan separatçıların növbəti “Qi­sas” əməliyyatı üçün darıxdığı şübhəsizdir. Bu seçimi haylar özləri bizə buraxırlar. Və bundan sonra baş verən­lərə görə yalnız özlərindən və onlara qıl verənlərdən küsməlidirlər.

Şair RAMALDANOV,
ehtiyatda olan polkovnik

– Azərbaycan dövlətinin apardığı siyasi işlər, diplomatik uğurlar, bütün dünyaya özünün haqq işini çatdırması, beynəlxalq qanunlara hörmətlə yanaş­ması ölkəmizə qarşı olan qüvvələrin də müəyyən aktivliyinə səbəb olub. Buna görə də biz son zamanlar görürük ki, atəşkəsin coğrafiyası genişlənib. Özü də əvvəllər atəşkəsin pozulmasının hansısa taktiki hədəfləri olurdu. Yəni, hansısa ərazinin, yaxud yüksəkliyin, mövqelərin ələ keçirilməsi məqsədi da­şıyırdı. İndi isə bir görürük ki, atəşkəsin pozulmasının ərazi baxımından heç bir taktiki hədəfi yoxdur. Döyüş baxımın­dan qarşıya heç bir hədəf qoyulmayıb. Hədəf, sadəcə, atəşkəsin coğrafiyası­nı genişləndirərək, burada vəziyyətin gərgin olduğuna dair fon yaratmaqdır. Bu fon isə bütün diplomatik proses­lərə təsir edir. Zaman daralır. Azərbay­can praktiki addımlar atmaq üçün bu məsələləri konkret qoyur. Ən konkret qoyulan məsələlər isə, əlbəttə, qa­nunsuz erməni silahlılarının tərk-silah edilməsi və Azərbaycan ərazilərindən qovulması, həmçinin Zəngəzur dəhli­zinin açılmasıdır. Bunlar Ermənistanın üçtərəfli Bəyanatla öz üzərinə götürdü­yü öhdəliklərdir.

Bu gün dünyada Rusiya-Ukrayna müharibəsi fonunda Moskvaya qar­şı olan qüvvələr var. Ancaq, təəssüf ki, bizim bölgəmizdə vəziyyətin gər­gin qalmasında Rusiyaya qarşı olan qüvvələrin mövqeyi ilə rəsmi Moskva­nınkı üst-üstə düşür. Rusiya, əlbəttə, sülhməramlı missiyasının müddətini uzatmaq üçün yollar axtarır. Müddəti uzatmaq üçün ona gərginlik, reinteqra­siyaya mane olmaq lazımdır. Rusiyaya qarşı olan qüvvələrə isə özlərinin bu­radakı maraqlarını təmin etmək üçün şərait lazımdır. Bu şərait isə gərginliyin olması deməkdir.

Qarabağda separatizmə son qoyul­ması və yaraqlıların tərk-silah edilməsi Azərbaycanın təhlükəsizlik məsələ­sidir. Azərbaycan BMT Nizamnamə­sinin 51-ci maddəsinə uyğun olaraq öz təhlükəzliyinin təmin edilməsi is­tiqamətində addım ata bilər. Proseslər kulminasiya nöqtəsinə gəlib çata bilər. Bu zaman ya beynəlxalq ictimaiyyət Ermənistana təzyiq etməli, ya da Azər­baycan öz hüququndan istifadə edib “dəmir yumruğ”unu işə salaraq, öz ərazi bütövlüyünü, əhalinin və yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etmək məcburiyyətində qalmalıdır.

 

Səxavət HƏMİD, “Xalq qəzeti”





Siyasət