Laçın yolu bağlandı... BQXK-ya cinayət işi açıldı

post-img

Separatçı rejimin yaratdığı dözülməz şəraitdən əziyyət çəkən Qarabağın erməni əhalisinin siqaret və benzin qaçaqmalçılığına kefdən əl atmadığını söyləməyin yeri var. Bəs Xankəndidəki qondarma rejimin başbilənlərinin, eləcə də Hayastan rəhbərliyinin Azərbaycanın Laçın yolunu bağladığı, “blokadaya salınmış ermənilərin etnik təmizləməyə” məruz qalacaqları ilə bağlı dünyanın dörd tərəfinə car çəkmələrinə nə ad verək? 

Əgər elə idisə onda bu qədər mal-məhsul sərhəd postumuzda necə və hara­dan peyda olur? Hayların Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) kimi dünyanın ən xeyirxah təsisatının maşınlarında qaçaq malları aşkar ediləndən sonra Dövlət Sərhəd Xidmətinin buraxılış məntəqəsini bağlamasını da vay-şivənlə qarşılayıblar. Erməni mediası Azərbaycan DSX-ya istinadla “Azərbaycan BQXK-nı günahlandı­raraq Laçın dəhlizini tamamilə bağladı” başlıqlı xəbərlər yayırlar.

İyulun 11-də Dövlət Sərhəd Xid­mətinin (DSX) məlumatı yayılıb. Qeyd olunur ki, Ermənistanla dövlət sərhə­dində, Laçından Qarabağa gedən yo­lun başlanğıcında buraxılış məntəqəsi qurulandan Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrinin hərəkətinə lazımi şərait yaradılıb: “Lakin DSX-nın əməkdaşları BQXK-ya aid nəqliyyat vasitələrində qanunsuz yolla müxtəlif növ qaçaqma­lın keçirilməsi cəhdlərini aşkarlayıb. İyulun 1-də “Reno” markalı nəqliyyat vasitəsinin salonunda əl yüklərinin arasında gizlədilmiş 15 ədəd mobil telefon; iyulun 3-də “UAZ” marka­lı nəqliyyat vasitəsinin salonunda əl yüklərinin arasında gizlədilmiş 115 ədəd mobil telefon ekranları, 10 ədəd mobil telefon platası, 120 ədəd mobil telefon üçün qida bloku, 1 ədəd ekran yapışqanı; iyulun 5-də “İveco” markalı yük nəqliyyat vasitəsinin salonunda 17 adda 848 qutu siqaret və ehtiyat yana­caq çənində gizlədilmiş 320 litr benzin, “DAF” markalı yük nəqliyyat vasitəsi­nin salonunda 5 adda 125 qutu siqaret və ehtiyat yanacaq çənində gizlədilmiş 1000 litr benzin aşkar olunaraq saxla­nıb. Bu barədə əvvəllər də BQXK-ya xəbərdarlıq edilməsinə baxmayaraq qanunazidd əməllər təkrar olunub və onların aradan qaldırılması üçün zəru­ri addımlar atılmayıb.

DSX-nın məlumatında qeyd olu­nur ki, xəstələrin təxliyəsini həyata keçirən təcili tibbi yardım maşınların­dan qaçaqmalçılıq məqsədilə istifadə edilməsi Azərbaycan qanunlarının ko­bud şəkildə pozulması faktları olmaq­la yanaşı, həm də BQXK-ya olan eti­maddan sui-istifadə cəhdidir. Yuxarıda göstərilən faktlarla əlaqədar cinayət işi açılıb və zəruri istintaq tədbirləri həya­ta keçirilənə qədər Laçın dövlət sərhə­dindən buraxılış məntəqəsindən keçid müvəqqəti dayandırılıb”. Məlumatda, həmçinin bildirilir ki, Ermənistan Res­publikası ilə dövlət sərhədində Laçın nəzarət-buraxılış məntəqəsi fəaliyyətə başladığı tarixdən BQXK-ya məxsus nəqliyyat vasitələrinin dövlət sərhə­dindən hərəkətinə lazımi şərait yaradı­lıb. Onlar müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçməklə dövlət sərhədindən buraxılıb. Bu zaman heç bir problem yaşanmayıb. Həmin vaxt karantin qaydalarına uyğun olaraq, respublikanın digər sərhəd qapıları vətəndaşlarımızın, eləcə də turistlərin üzünə bağlı qalıb və bu rejim hələ də qüvvədədir. Rəsmi Bakı humanistlik nümayiş etdirərək Qarabağ ermənilə­rinin hər iki istiqamətə hərəkətinə im­kan yaratdı. BQXK-nın isə bölgədən İrəvana xəstələri daşımasına, özünün humanitar yüklərinin gətirilməsinə hər cür şərait yaratmışdı. İndi nə baş ver­di?

* * *

Bəli, indi Bakı rəsmi şəkildə bəyan etdi ki, Laçın yolu bağlıdır! Səbəbi Azərbaycan DSX-nın beynəlxalq hu­manitar təşkilatın fırıldaqçı əməllə­rini, cinayətkar fəaliyyətini faktlarla, foto-video dəlillərlə sübuta yetirməsi­dir. Yuxarıdakı qaçaqmalçılıq faktları cəmi bir həftəlik müddəti əhatə edir. Həmin faktlarla əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsi­nin müvafiq maddələri üzrə cinayət işi açılmış və zəruri istintaq tədbirləri hə­yata keçirilənə qədər Laçın buraxılış məntəqəsindən keçid müvəqqəti ola­raq dayandırılır. Məlumatda o da qeyd olunur ki, bütün qaçaqmalçılıq faktları yerində əməliyyat çəkilişləri ilə sənəd­ləşdirilib. BQXK Bakının rəsmi icazəsi olmadan suveren Azərbaycanın Qa­rabağ İqtisadi rayonunda – Xankəndi şəhərində özünə dəbdəbəli ofis açıb. Komitəçilərin həmin ofisdə hansı qey­ri-qanuni “humanitar” fəaliyyətlə məş­ğul olduğunu, başqa nə kimi cinayət əməllərinə baş vurduğunu özlərindən və hay şəriklərindən savayı heç kim bilmir. BQXK-nın qaçaqmalçılıqla, o cümlədən korrupsiya ilə məşğul olma­sı ilk dəfə deyil. Buna əmin olmaqdan ötrü bu beynəlxalq təsisatın yaxın ta­rixinə nəzər salmaq kifayətdir. 

ARAYIŞ: Beynəlxalq Qızıl Xaç Komitəsinin üzqarası sayılan dos­yesindən – 2016-cı ildə Ukraynada BQXK-nın rəhbər şəxslərinin huma­nitar yardımları satması, qanunsuz yollarla pul qazanması, mənimsəmə halları ortaya çıxarılıb. 2017-ci ildə aparılan istintaq sübut edib ki, 10 min­dən çox insanın həyatına son qoyan Ebola epidemiyası ilə mübarizəyə ay­rılan vəsaitin 5 milyon dollarını BQXK əməkdaşları mənimsəyib. Komitəçilə­rin Syerra-Leonedə yerli bankirlərlə əlbir olub 2 milyon dollarlıq “sövdələş­mə”yə getdikləri, Qvineyada isə saxta gömrük sənədləri ilə 1 milyon dolları mənimsədilkləri aşkarlanıb.

BQXK-nın təcili və humanitar yar­dım maşınlarının Ermənistan vətən­daşları üçün reys avtobusu funksi­yasını yerinə yetirməsi o qədər də təəccüblü deyil. Heyrət doğuran odur ki, əsas fəaliyyəti planetin humanitar böhran, təbii fəlakətlər, digər fövqə­ladə halların yaşandığı nöqtələrində ehtiyacı olanlara yardım etməkdən ibarət bu beynəlxalq təşkilat öz missi­yasının tamamilə əksi ilə məşğul imiş. Özünün “humanitar qaçaqmalçılıq fəa­liyyətini” Azərbaycanın Laçın yolunun üstündəki sərhəd-buraxılış məntəqə­sində bütün çılpaqlığı ilə nümayiş et­dirən BQXK bununla həm də bölgədə əsas niyyətinin haylara qucaq açaraq, onların cinayətlərinə şərik olduğunu isbatladı. Axı özünün əsasnaməsində göstərildiyi kimi, fəaliyyəti yeddi prin­sipə – insanlıq, qərəzsizlik, neytrallıq, müstəqillik, könüllü xidmət, birlik və universallığa söykənən planetar təsi­satın qanunazidd əməllərini indi hansı mizan- tərəzinin gözünə qoymaq la­zımdır? Aca, xəstəyə, şikəstə, malın­dan-mülkündən məhrum olana qucaq açmalı olan komitənin cinayətləri han­sı məhkəmədə və hansı qanunlarla cəzalandırılmalıdır? Beynəlxalq Femi­danın, yoxsa bəşəriyyətin yazılmamış qanunları ilə? 

Rasim MUSABƏYOV,
Milli Məclisin üzvü, politoloq

Azərbaycan suveren ərazi­sini, şərti sərhədi tam nəzarət altına aldıqdan sonra hayların Ermənistandan Qarabağa bütün da­şımaları, təbii olaraq, qanunsuz sa­yıldı. Ona qədər, yəni Laçın yoluna Rusiya sülhməramlılarının nəzarət etdiyi dövrdə həmin daşımalar on­ların müşayiəti ilə həyata keçirilirdi. Həmin vaxt heç bir sərhəd və göm­rük nəzarətindən danışmağa dəy­məzdi. O yolda əvvəllər bizim eko­loqlar dururdular və onların daşınan yüklərə nəzarəti həyata keçirməyə həm səlahiyyətləri, həm də imkan­ları vardı. Əlbəttə, ilk növbədə, si­lah-sursatın daşınmasının qarşısını alırdılar. Amma indi, sadəcə olaraq, yeni şəraitdə Bakı konkret tələb or­taya qoyur ki, təkcə Qarabağ iqti­sadi rayonunda deyil, ümumiyyətlə, reapublikanın bütün ərazisində yük daşımaları Azərbaycanın gömrük, sərhəd norma və qaydalarına uy­ğun şəkildə həyata keçirilsin. Yəni elektrik enerjisi və qaz təminatı ilə bağlı əməliyyatlar, o cümlədən Ru­siya sülhməramlıları üçün yük daşı­maları Azərbaycanın rəsmi razılığı və nəzarəti altında reallaşmalıdır. Beynəlxalq Qızıl Xaç Komitəsinin qaçaqmalçılara şərait yaratması ciddi araşdırılacaq. Düşünürük ki, bu məsələlərdə Azərbaycanın daxili qayda-qanunlarına riayət edilməsi vacibdir. Əslində, qaçaqmalçılığın qarşısını sərhədçilər yox, gömrük­çülər almalıdırlar.

İmran BƏDİRXANLI, “Xalq qəzeti”





Siyasət