Azərbaycan Macarıstana 100 milyon kubmetr qaz ixrac edəcək

post-img

Energetika naziri Pərviz Şahbazov ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında görüşdə Azərbaycan ilə bu ölkə arasında ikitərəfli və çoxtərəfli əsasda enerji tərəfdaşlığının inkişafından ətraflı danışılıb, təbii qaz və “yaşıl enerji”nin tədarükü üzrə fikir mübadiləsi aparılıb. 

Görüşdə “Azərbaycan, Gürcüstan, Rumıniya və Maca­rıstan arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahə­sində strateji tərəfdaşlıq sazişi, “Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında əməkdaşlığa dair Anlaşma Memorandu­mu”, həmçinin “SOCAR” ilə “MVM CEEnergy Zrt.” arasın­da 100 milyon kubmetr həcmində təbii qazın satışına dair müqavilə”nin icra vəziyyəti nəzərdən keçirilib.

Müzakirə zamanı Macarıstana qaz təchizatının ilin so­nuna kimi başlanacağı bildirilib. Azərbaycandan Avropaya qaz tədarükünün artırılması üçün infrastrukturun inkişafı ilə bağlı proseslərin sürətləndirilməsinin vacibliyi vurğula­nıb. Söhbət zamanı Xəzər dənizində “yaşıl enerji”nin isteh­salını, bu enerjinin ötürülməsi üçün müxtəlif xətlərin, Qara dənizin dibi ilə kabelin çəkilməsini, bazarlara çatdırılmasını əhatə edən “yaşıl enerji” dəhlizi layihəsinin texniki-iqtisadi əsaslandırması və digər zəruri tədbirlərlə bağlı geniş fikir mübadiləsi edilib.

“Xalq qəzeti”

 

 

İqtisadiyyat