“Qoçaq” diplomatın “qorxaq” baş nazirə ittihamları

post-img

Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan baş nazir Nikol Paşinyanın ünvanına yeni ittihamlar səsləndirib. Paşinyanın Azərbaycanla bağlı siyasətini sərt tənqid edən sabiq diplomat onu təslimçilikdə və hədsiz itaətkarlıqda suçlayıb. Oskanyan deyir ki, Paşinyanın Azərbaycanla münasibətdə yol verdiyi ən böyük yanlışlıqlardan biri “tanıyıram” və “qəbul edirəm” ifadələrindən mütəmadi istifadə etməsidir. Sabiq dplomatın fikrincə, Paşinyan bu ifadələrdən o qədər çox istifadə edib ki, “ikinci təfsir” şansına yer qalmır...

Oskanyan açıqlamasında Paşinya­nın “yumşaq siyasətçi” obrazını forma­laşdırmaqla ictimai rəydə özünün “sərt diplomat” imicini yaratmağa cəhd edib. Maraqlıdır ki, sabiq xarici işlər naziri Pa­şinyanın “birdən-birə” niyə belə yumşal­masına aydınlıq gətirmir. Halbuki, Paşin­yanın Qarabağla bağlı dəfələrlə kəskin ifadələr işlətdiyi hamıya məlumdur. “Qa­rabağ Ermənistandır və nöqtə” ifadəsinin məhz Paşinyan tərəfindən səsləndiyi, onun dəfələrlə ölkəmizi müharibə və yeni işğallarla hədələdiyi yaxın tarixi keçmişin inkaredilməz faktlarındandır.

Əslində, 44 günlük Vətən müharibəsinin başlanmasının ən böyük səbəbkarı Paşinyan, onun işğal siyasətindən imtina etməmə­si oldu. Paşinyanın sərt ritorikasına məhz Vətən müharibəsi – 8 Noyabr Zəfəri son qoydu.

10 noyabr 2020-ci il tarixində imzalan­mış üçtərəfli Bəyanatla Ermənistan sülhə hazır olduğunu, işğal etdiyi torpaqlardan çıxacağını, Azərbaycan tərəfinin bütün şərt­lərini qəbul etdiyini bildirdi. Məhz bu tarixi andan sonra Paşinyanın dilinə “tanıyıram” və “qəbul edirəm” ifadələri yol tapdı. Başqa sözlə desək, Paşinyanın “yumşaq siyasətçi” obrazını onun xarakteri deyil, Azərbaycan Ordusunun “dəmir yumruğu” formalaşdırıb. Bu isə o deməkdir ki, Paşinyanın yerinə Os­kanyan da olsaydı, 44 günlük müharibədəki rüsvayçı məğlubiyyətdən sonra eyni ifadələri işlətmək məcburiyyətində qalacaqdı. 

Oskanyanın Paşinyanın ünvanına səslən­dirdiyi digər ittiham onun Qarabağdakı er­mənilərin muxtariyyət məsələsini gündəmə gətirməməsi ilə bağlıdır. Keçmiş xarici işlər naziri bu nöqtədə də səmimi deyil və erməni ictimaiyyətini gözgörəti aldadır. Məsələ bun­dadır ki, Paşinyanın ermənilərin muxtariyyət məsələsini gündəmə gətirməsi, bunu müza­kirə etməsi mümkün deyil və bunun üçün heç bir əsas yoxdur. Çünki Azərbaycanla Ermənistan arasında post-müharibə dönəmi­ni tənzimləyən ən mühüm sənəd 10 noyabr bəyanatında muxtariyyətlə bağlı heç bir bənd yoxdur. 

Xatırladaq ki, dövlət başçısı İlham Əli­yev 10 noyabr 2020-ci il tarixində xalqa etdiyi müraciətdə bu fakta xüsusi olaraq diqqət çəkmiş, Dağlıq Qarabağın statusu ilə bağlı məsələsinin “gorbagor olduğunu” bəyan etmişdir: “Yəqin siz fikir vermisiniz ki, bu bəyanatda Dağlıq Qarabağın statu­su haqqında bir kəlmə də yoxdur! Bəs hanı Ermənistan tərəfinin tələbləri ki, Dağlıq Qa­rabağa müstəqillik verilməlidir? Mən onlara muxtariyyat təklif edəndə buna razı olmadı­lar, dedilər ki, yox, bu, “müstəqil dövlətdir”. Bunlar uzun illərdir “müstəqil dövlət” kimi yaşayır və onlar Azərbaycandan müstəqillik almalıdırlar. Bir kəlmə də yoxdur, Paşin­yan. Nə oldu bəs? Bu nə oldu, Paşinyan? Deyəsən, bu söz çox illər dillərdə qalacaq”. 

Muxtariyyət məsələsini yenidən gün­dəmə gətirmək, bu istiqamətdə süni ajiotaj yaratmaq Oskanyanın ölü xəyallarına həyat vermək cəhdindən başqa bir şey deyil.

Vardan Oskanyanın Paşinyana yönə­lik ittihamlarından biri də onun Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması, bunu açıq şəkildə etiraf etməsidir. Oskanyan bundan əvvəlki məsələlərdə olduğu kimi, bu məsələdə də siyasi riyakarlığa yol verir və ic­timai şüuru aldatmağa çalışır. Əslində, Ermə­nistanın Qarabağı Azərbaycanın tərkib hissə­si kimi tanıması faktı 10 noyabr 2020-ci il Bəyanatına söykənir. Rəsmi İrəvan bu bəya­natı imzalamaqla işğal faktını da, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu reallığını da təsdiqləmiş, bu gerçəkliyi etiraf etməyə məcbur olmuşdur. Müharibədən sonrakı dönəmdə təmas xəttində baş verən toqquş­malarda erməni diversantlaırının qətiyyətlə məhv edilməsi, Qarabağdakı terrorçu qrupla­rın önəmli bir hissəsinin zərərsizləşdirilmə­si də İrəvanı Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaq məcburiyyəti ilə üz-üzə qoymuşdur. Ermənistanın hazırkı ümidsiz vəziyyəti də bu tarixi-hüquqi reallığı təkzib etməyə imkan vermir. Bu isə o deməkdir ki, Ermənistan hakimiyyətində kimin təm­sil olunmasından asılı olmayaraq, bu siyasi postda yer alan istənilən şəxsin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaqdan başqa yolu yoxdur. Şübhəsiz, Ermənistanın bu etirafa məcbur edilməsi Azərbaycan Or­dusunun və diplomatiyasının uğurudur.

Bütün bu faktlar göstərir ki, “qoçaq” diplomat donunda zühur edən Oskanyanın Paşinyana qarşı bu cür ucuz ittihamlar səs­ləndirməsi absurddur və bu cəhdin hansı­sa konkret nəticəsi olmayacaqdır. Bundan başqa, Oskanyanın Paşinyanı “qorxaq” kimi dəyərləndirməsi xalqın gözündə sabiq xari­ci işlər nazirini cəsarətli etmir. Paşinyanın xalq tərəfindən seçildiyini nəzərə alsaq, söy­ləmək olar ki, erməni toplumu layiq olduğu hakimiyyətlə qovuşub və Oskanyan Nikolu “qorxaq” adlandırmaqla eyni ittihamı həm də erməni cəmiyyətinə ünvanlamış olur. Əs­lində, Oskanyan özü də bu cəmiyyətin üzvü kimi çətin ki, Paşinyandan cəsarətli olsun.

Seymur ƏLİYEV

Siyasət