Qarabağda daralan çənbər: Paşinyanın Putinə zəngi və Arayikin küskün yalvarışı

post-img

Ermənistanın baş naziri Nikol Paşinyan hər dəfə Rusiya Prezidenti Vladimir Putinə zəng edəndə, Nikolun 44 günlük müharibə müddətində Kreml rəhbərinin, belə demək mümkünsə, telefon qəbuluna düşmək üçün dəstəkdən asılı qaldığı günlər yada düşür. O vaxt vəziyyət elə dramatik şəkil almışdı ki, hətta, Rusiya liderinin gündəlik iş qrafikindən sujet yayımlayan yerli telekanallardan biri Prezidentin telefon zənglərinə cavabları kontekstində “yenə Nikol Paşinyandır zəng edən” məzmunlu ifadə işlədərək, erməni baş naziri məsxərə predmetinə çevirmişdi.

Paşinyan yenə V.Putinə zəng edib. Əlbəttə, ölkə rəhbərləri arasındakı başlıca müzakirə mövzusu Ermənis­tan-Azərbaycan münasibətləri olub. Sual yaranır: Nikol hansı üzlə Rusiya rəhbərinə zəng edir? Əlbəttə, siyasətin min sifəti var və Qərbpərəst Paşinyan hakimiyyətdə olduğu ötən beş ildə hə­min sifətləri kifayət qədər yaxşı əxz edib. Bu mənada, ola bilər, onun hər dəfə çətinə düşəndə telefonun dəstə­yini qaldırıb Putini aramasında elə də fövqəladə bir şey yoxdur. Onu da nəzərə alaq ki, Ermənistan baş naziri Moskvanın bitib-tükənmək bilməyən erməni sevdasından xəbərdardır və həmin sevdanın üzərində oyun oyna­maqdan çəkinməyəcək qədər sırtıq­dır...

***

Əlqərəz, Paşinyan-Putin telefon zəngi ilə bağlı iki məlumat yayıldı. Biri­ni Ermənistan hökuməti, digərini Kreml tirajladı. Birinci ikincidən fərqli olaraq daha yığcam idi. İrəvan bildirdi ki, te­lefon təması zamanı Qarabağda La­çın yolunun “bağlanması” ilə əlaqədar yaranmış humanitar böhran müzakirə olunub. Moskva isə əvvəla danışığın Ermənistan tərəfinin təşəbbüsü ilə ger­çəkləşdirildiyini açıqladı. Yəni, minnət ritorikasını işə saldı. 

Kremlin məlumatında, həmçinin ölkə liderlərinin Qarabağ ətrafındakı vəziyyəti, o cümlədən Laçın dəhlizi boyunca maneəsiz nəqliyyat əlaqələri­nin təmin edilməsi məsələlərini müza­kirəyə çıxardıqları vurğulandı. Habelə, Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illərdə imzalanmış bütün sazişlər kompleksi­nin ardıcıl şəkildə həyata keçirilməsinin prinsipial əhəmiyyəti önə çəkildi. 

Moskva tərəfindən yayılmış mə­lumatdakı ən vacib məqam isə bu idi: “Rusiya Prezidenti Rusiyanın Ermənis­tan-Azərbaycan sülh müqaviləsinin iş­lənib hazırlanmasında əməli yardımın davamına hazır olduğunu təsdiqləyib. Müxtəlif səviyyələrdə təmasların da­vam etdirilməsi razılaşdırılıb”.

***

Göründüyü kimi, hansı tərəfə han­sı məqam sərfəlidirsə, onu qabardıb. Deməli, Paşinyan üçün üçtərəfli bə­yanatların icrası məsələləri vacib de­yil. O, Putinə nə barədə şikayətlənib­sə, ölkənin Nazirlər Kabineti də məhz həmin mətləbi məlumatına daxil edib. Moskvanın cavabı isə təxminən belə­dir: bizim üçün vacib olan hər şeyi et­məlisən. 

Bəs, Nikol Rusiyanın istədiyini ger­çəkləşdirəcəkmi? Çətin! Çünki ötən müddətdə onun işi-gücü Rusiyanı gözdən salmaqdan ibarət olub. Bunun üçün ən müxtəlif variantlara baş vurub. Məqsədimiz mövcud istiqamətdəki ay­rı-ayrı konkret məqamları yada salmaq deyil. Onsuz da Nikolun Ermənistanın üzvü olduğu və Rusiyanın hakim rol oynadığı Kollektiv Təhlükəsizlik Müqa­viləsi Təşkilatı çərçivəsində Moskvanı gözdən salmaq istiqamətindəki fikir və düşüncələrindən tutmuş, Kremlin Azər­baycan-Ermənistan vasitəçiliyini poz­mağa yönəlmiş gedişlərinədək bir çox məsələlər aşkar mahiyyət daşıyır. 

***

Vasitəçilikdən söz düşmüşkən, Er­mənistan tərəfinin Putin-Paşinyan te­lefon təması ilə bağlı məlumatından bu qənaətə də gəlmək mümkündür ki, ikincinin birinciyə telefon zəngi heç də nizamlama prosesi ilə bağlı olma­yıb. Sadəcə, Paşinyan Rusiya liderinə Cənubi Qafqazdakı vəziyyətin onun ölkəsinin, yəni Moskvanın xeyrinə ol­madığını xatırladıb və böyük ehtimalla durumun səbəbkarı kimi Azərbaycanı hədəfə gətirmək niyyəti güdüb. Əslin­də, Qarabağdakı separatçı rejimin rəh­bəri Arayik Arutyunyanın söylədikləri də gəldiyimiz qənaətin təsdiqidir. 

A.Arutyunyan hərbi-siyasi və huma­nitar vəziyyətlə bağlı digər separatçıları başına yığarkən deyib ki, Paşinyandan Putinə telefon açmasını xahiş edib. Nə üçün? Bunu haqqında söz açdığımız müzakirənin məzmununa diqqət yetir­dikdə görmək mümkündür. Məsələn, Arutyunyan deyib ki, Azərbaycandan artan təhlükələr və humanitar yüklərin daşınmasının, guya, tam dayandırıl­ması şəraitində təhlükəsizlik vəziyyəti və gündən-günə kəskinləşən mövcud humanitar problemlər “Qarabağ xalqı”­nın (?) mövcudluğu üçün ciddi prob­lemlər yaradır. “Artsax”ın hakimiyyət orqanları mövcud vəziyyəti, təhlükələri və gözləntiləri hər cür şəkildə Ermənis­tan və Rusiya hakimiyyətlərinin, eləcə də beynəlxalq ictimaiyyətin digər aktor­larının diqqətinə təqdim edib və təqdim etməkdədir. Bütün məsul subyektlərin öz öhdəlikləri çərçivəsində təcili və effektiv fəaliyyət göstərmələrinə təcili ehtiyac var. 

“Bizim qaldırdığımız ekzistensial narahatlıq kontekstində “Artsax xalqı” (?) və hakimiyyəti təhlükəsizlik və hu­manitar məsələlərin həllində və bloka­danın aradan qaldırılmasında ən qısa müddətdə nəzərəçarpacaq nəticələr gözləyir”, – deyən baş separatçı bir sıra ssenarilər əsasında, habelə məh­dud imkanlar daxilində vəziyyətə nə­zarət üçün əllərindən gələni etdiklərini vurğulayıb. 

Bəli, buradan da aydın görünür ki, Ermənistan baş nazirinin Rusiya Prezidentinə zəngi birincinin ikinciyə Qarabağın, belə demək mümkünsə, əldən getdiyini xatırlatmaq məqsədi daşımaqdadır. Görünür, Nikol Mosk­vanın Qarabağ müstəvisində Cənubi Qafqazda mövcudiyyət amili üzərinə oyun oynamaq istəyinə baş vurmaq­dadır. Ermənistan hökumətinin telefon zənginə dair qısa məzmunlu açıqlama­sından, habelə A.Arutyunyanın tele­fon təmasının onun xahişi ilə gerçək­ləşdiyini bildirməsindən belə qənaətə gəlmək mümkündür ki, sanki İrəvan Qarabağdan əlini üzüb, onu Rusiyanın ixtiyarına buraxıb. Əslində isə, Nikol bölgədəki erməni avantürizminin dava­mında maraqlıdır, sadəcə olaraq, bunu Moskvaya, bir növ, minnət kimi ortaya atır. Əlbəttə, Putini qıcıqlandırmağı dü­şünməsi də ağlabatandır.

Hər bir halda Paşinyanın Putinə te­lefon zənginə ehtiyac duyduğunu vur­ğulamalıyıq. Bu ehtiyac isə Qarabağda separatizm çənbərinin hər ötən gün bir qədər də daralması ilə bağlıdır. Bunu Paşinyan da yaxşı anlayır, A.Arutyun­yan da. Elə Putinin özü də. 

Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

Siyasət