Dünya beşdən böyükdür. Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda iyulun 5-də Bakı Konqres Mərkəzində keçirilmiş nazirlər görüşündəki çıxışı Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın illər əvvəl BMT tribunasından səsləndirdiyi bu deyimi yenidən aktuallaşdırdı.
Cənab İlham Əliyev BMT-də ciddi islahatların aparılmasının vacibliyini diqqətə çatdırarkən, qurumun Təhlükəsizlik Şurasının üzərində dayandı və onu keçmişin qalığı adlandırdı. Ölkəmizin başçısı, həmçinin TŞ-nin hazırkı reallıqları əks etdirmədiyini vurğulayaraq, əsas orqanda daha çox ölkənin təmsil olunmasının və coğrafi baxımdan ədalətliliyin təminatının zəruriliyindən söz açdı, mövcud xüsusda qurumun tərkibinin genişləndirilməsinin tərəfdarı olduğunu dilə gətirdi və bildirdi ki, bu ideya ilə bağlı dünyada artan konsensus var.
Dünya nə üçün “beşdən böyük” olmalıdır...
BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına bir daimi yerin verilməsi ilə bağlı əvvəllər səsləndirdiyi fikrini yenidən gündəmə gətirən Prezident İlham Əliyev bu dəfə məsələyə bir qədər də kompleks yanaşma ortaya qoydu. “Zənnimizcə, Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalıdırlar”, – deyən Azərbaycanın liderinin təklif və təşəbbüsü dünyada mövcud olan ədalətsizlik mühitinə, bir növ, etibarlı sipərdir. Bunu tam qətiyyətlə söyləmək olar.
Ümumən, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi ədalətsizliyə və ikili standartlara qarşı mübarizə amalına söykənmiş fəalliyyət kimi yadda qalmaqdadır. Azərbaycanın təşkilat çərçivəsində bəşəri dəyər və prinsiplərin qorunmasındakı fəal mövqeyinin ifadəsinə dair bir çox məqamları vurğulamaq mümkündür. Əslində, cənab İlham Əliyev də yuxarıda diqqətə çatdırdığımız fikirlərini dünyadakı qeyri-obyektivliklərin yalnız bir seqmentinə nəzər salmaq üçün bildirmişdi. Əlbəttə, o, digər məqamları da gündəmə gətirə bilərdi. Ancaq böyük ustalıqla hədəfə doğru getdi. Söhbət dünyanın ədalətsizlik təzahürünün Fransa hədəfindən gedir. O Fransadan ki, BMT-də söz sahibidir, ancaq hazırkı siyasəti və yanaşma tərzi baxımından buna əsla haqqı çatmır. Azərbaycan Prezidenti isə çıxışında ölkə hakimiyyətinin haqsızlığının müxtəlif istiqamətlərinə geniş nəzər saldı.
Qoşulmama Hərəkatı sədrinin daşdan keçən dəlilləri
Dövlətimizin başçısının üzərində dayandığı ilk məsələ neokolonializm oldu: “Azərbaycan neokolonializm meyillərinin artmasından olduqca narahatdır. Dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməlidir”.
Fransa neokolonializmin, belə demək mümkünsə, müasir örnəyidir. Deməli, Azərbaycan Prezidentinin çıxışının bu ölkə ilə bağlı hissələrini müstəmləkəçilik əleyhinə manifest kimi də dəyərləndirmək olar. Dövlətimizin başçısı Fransanın siyasətinin vandal mahiyyətini, sözün əsil mənasında, ifşa etdi. Özü də kifayət qədər sərt formada. “Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır”, – deyən cənab İlham Əliyev Fransanın Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməli olduğunu vurğuladı.
Azərbaycan Prezidenti Fransanın soyqırımları ilə dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairlinin qətlə yetirildiyini xatırladaraq, Qoşulmama Hərəkatı adından bəşəri tələb səsləndirdi: “Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Bu, utancverici və iyrənc hərəkətdir. Biz Fransa Prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik”.
Dövlətimizin başçısı bildirdi ki, özünü insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır. “Fransa qoşunlarının bu yaxınlarda Mali və Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi”, – deyən ölkəmizin liderinin gündəmə gətirdiyi məsələ son dərəcə vacibdir.
Makronun “Yeni Afrika strategiyası” və faktiki etiraf
Məlumdur ki, Fransa Prezidenti Emmanuel Makron 2023-cü ilin martında Afrika turu çərçivəsində Qabonda olarkən, ölkəsinin müstəmləkəçilik dövründən sonra Afrika ilə qurduğu əlaqələri ifadə etmək üçün istifadə olunan “Françafrique” siyasətinin sona çatdığını açıqlamış, “Yeni Afrika strategiyası” əsasında “qara qitə”nin ölkələri ilə fərqli səhifə açmaq istəklərini bildirmişdi. Makron həmin çıxışında, həmçinin Fransanın qitədəki hərbi bazalarının sayını azaldacağını və afrikalılara məxsus mədəni sərvətlərin geri qaytarılması üçün işlərə başladıqlarını dilə gətirmişdi.
Burada diqqət yetirilməli ilk məqam “Françafrique” siyasətidir. Bu siyasət müstəmləkəçilik dövründən sonranın məhsuludur. Təxminən, ötən əsrin 60-cı illərinin əvvəllərindən başlanır. Ona da diqqət yetirək ki, “Françafrique” termini ilk dəfə İkinci dünya müharibəsindən sonra Afrikada təsirini itirmiş fransız müstəmləkə sisteminin yenilənmiş versiyasına istinad məqsədilə gündəmə gətirilib. Özü də Fransa ziyalıları tərəfindən irəli sürülüb.
Təsəvvür edin ki, üzərindən səksən ilə yaxın müddət keçdikdən sonra Makron, yəni Fransa lideri deyir ki, ölkəsi Afrika ilə bağlı yeni siyasətə keçir. O, bu siyasəti qitədə hamı ilə danışan, ölkələrin daxili işlərinə qarışmaq rolunu oynamayan qərəzsiz həmsöhbət kimi xarakterizə edib. Deməli, indiyədək qarışma da olub, qərəz də. Hələ başqa vandallıqlar da öz yerində. İndi isə bu siyasətin adını dəşyişir.
“Françafrique” nə deməkdir?
Fransanın bu xarici siyasət sisteminin mahiyyətində gizlilik dayanıb. Yəni, müstəmləkəçiliyin gizli yollarla davam etdirilməsi. Mövcud siyasət Afrika ölkələrinin daxili işlərinə hərbi, iqtisadi və ya başqa şəkildə müdaxiləni rəhbər tutur, qitədəki irticaçı rejim qüvvələri ilə fransız siyasətçiləri arasında məxfi iqtisadi əlaqələrin qurulmasına şərait yaradırdı.
Bəli, “Françafrique” Afrika qitəsinin yeni üsullarla istismarına imkan verən Fransa və qitə liderləri arasında imtiyazlı və gizli əlaqələri izah etmək üçün dövriyyəyə buraxılmış anlayışdır. İndi beynəlxalq müşahidəçilər, xüsusən də afrikalı ekspertlər Yelisey sarayının “Yeni Afrika strategiyası”nı da “Françafrique”nin davamı qismində görürlər. Yəni, faktiki olaraq, Paris müstəmləkəçiliyin yalnız adını dəyişir, mahiyyətini saxlayır. Necə? Belə: Afrikaya hərbi müdaxilələrin heç bir təsirinin olmadığını görən Fransa qeyri-hökumət təşkilatları və gənclər vasitəsilə “yumşaq güc” siyasətini həyata keçirməyə çalışır. Əslində isə istismar sisteminə son qoymağı düşünmür.
Cənubi Qafqaz üçün həyəcan zəngi: Qarabağ amili
Qeyd etdiklərimizi nəzərə alsaq, Azərbaycan Prezidentinin söylədikləri Cənubi Qafqazla bağlı təbil zəngi kimi də qiymətləndirilə bilər: “Təəssüf ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır”.
Parisin Qarabağı da müstəmləkə siyasətinin tərkibində görmək iştahasının mümkünlüyünü təsdiqləyən bir çox məqamlar var ki, cənab İlham Əliyev keçmişə müraciət edərək, həmin məqamları qabartdı, eyni zamanda, belə yaramazlıqlara qarşı, bir növ, siyasi immunitet formalaşdırdı. Məsələn, dövlətimizin başçısı bildirdi ki, Fransa XX əsrin ikinci yarısı boyunca Əlcəzairdə və özünün dənizaşırı ərazilərində – Sakit okeanda, Fransa Polineziyasında bir neçə nüvə silahı sınağı keçirmiş və bununla da qlobal səviyyədə ətraf mühitin deqradasiyasına, yerli icmalarda ciddi sağlamlıq problemlərinə səbəb olmuşdur.
Üzrxahlıq... artıq təcrübə var
Nəhayət, Azərbaycan dövlət başçısının QH-nin Bakıdakı mötəbər toplantısındakı çıxışının Fransa hissəsinə damğasını vuran bir məqamın üzərinə gələk. Cənab İlham Əliyev indiyədək edilmiş vandalizm aktlarına görə məsuliyyətin müəyyənləşdirilməsinin vacibliyini önə çəkərək bildirdi ki, Fransa öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməlidir.
Yeri gəlmişkən, bununla bağlı təcrübə də var və dövlətimizin lideri çıxışında onu da yada saldı: “Bir neçə gün əvvəl Niderland Kralı ölkəsinin müstəmləkə keçmişinə və qul ticarəti ilə məşğul olduğuna görə rəsmən üzr istəyib. Biz onun fransız həmkarını da həmin hərəkəti etməyə çağırırıq. Heç vaxt olmamaqdansa, gec olması yaxşıdır. Əcdadları müstəmləkə siyasətinə məruz qalmış, qul kimi istifadə olunmuş, öldürülmüş, işgəncələr verilmiş və alçaldılmış insanlardan milyonlarla insanın qarşısında üzr istənilməsi yalnız Fransanın tarixi günahının etirafı olmayacaq, həm də Fransanın əlcəzairli yeniyetmənin vəhşicəsinə öldürülməsindən sonra qarşılaşdığı dərin siyasi, sosial və humanitar böhranın nəticələrinin aradan qaldırılmasına kömək edəcək”.
Ermənipərəstlik, Korsika və 17 yaşlı yeniyetmənin qətli
Prezident İlham Əliyev Fransanın özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışdığını vurğulayarkən, ölkədə son günlər baş verməkdə olan qorxunc hadisələrə də diqqət çəkdi. Bu baxımdan fransız mediasında və internet seqmentində müəyyən etnik azlıqlara qarşı davamlı və geniş şəkildə yayılmış irqçi, ayrı-seçkilik salan fikirlərin mövcudluğunu, rəsmi şəxslərin və parlamentin iki palatasının üzvlərinin irqi nifrət xarakterli çıxışlarının getdikcə artmaqda olduğunu vurğuladı.
“Bu yaxınlarda Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsi bu ölkədə irqçiliyin və islamofobiyanın daha bir əlamətidir. Bu baxımdan biz BMT-nin polisin atəş açmasını pisləyən və Fransanı “hüquq-mühafizə orqanlarında irqçilik və ayrı-seçkiliyin dərin problemlərini ciddi şəkildə həll etməyə” çağıran bəyanatını dəstəkləyirik”, – deyən dövlətimizin başçısı Fransanın Korsika dilinə qadağa qoyması və etnik azlıqlar konsepsiyasını qəbul etməməsi fonunda ölkənin özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışmasını riyakarlıq və ikili standartlar adlandırdı: “Fransa hakimiyyəti başqalarına mühazirə oxumağa cəhd etmək əvəzinə, öz ölkəsində bu cür narahatedici meyillərlə mübarizə aparmalıdır”.
Bəli, Fransa dünyada haqq və ədalətdən danışmağa ən az haqqı çatan məmləkətdir. Əslində, bunu ölkənin mütərəqqi kəsimi yaxşı dərk edir. Elə Makronadək olan dövlət başçıları da məsələyə həssas yanaşıblar. Çalışıblar ki, acı həqiqətlərin üzlərinə salavat küləyi kimi çırpılacağı durumu yaratmasınlar. Ancaq hazırkı dövlət başçısı keçənləri unudur. Unudur və avantürizmə meyil göstərir. Ermənipərəstlik isə istənilən avantürizm üçün baza rolunu oynamaq “potensialındadır”.
Makron həmin “potensiala” güvənərək, onu alovlandıraraq, yaşadığımız Cənubi Qafqaz bölgəsinə də imperializm maraqlarından yanaşmanı hədəf seçir, özünün müstəmləkəçi təfəkkürünü işə salır. Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin çıxışının anti-Fransa tezisləri dünya üçün, müəyyən mənada, soyuq duş effekti yaradan hadisədir. Beynəlxalq ictimaiyyət bu duşun təsirini hiss etməli və Hitlerin Makron qiyafəsindəki zühurunun qarşısını almaq üçün hərəkətə keçməlidir.
Əvəz CAHANGİROĞLU, “Xalq qəzeti”