Azərbaycanın uğurlu xarici siyasəti, 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra regionda yaratdığı yeni geosiyasi reallıqlar, habelə müharibənin başa çatmasından ötən 2 il 8 aya yaxın müddətdə əldə etdiyi yeni hərbi-siyasi qələbələr Ermənistan rəhbərliyini hərəkətə keçməyə vadar edib. Üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT), onun aparıcı dövləti olan Rusiyadan umduğu hərbi dəstəyi ala bilməyən rəsmi İrəvan yeni müttəfiqlər axtarışına çıxıb. Maraqlıdır ki, rəsmi İrəvan yeni müttəfiqlər axtarışı zamanı “düşmənimin düşməni mənim dostumdur” prinsipi ilə hərəkət etməyə üstünlük verir. Hayların Azərbaycanla münasibətləri sərin olan Hindistan, İran, Yunanıstan və Kiprlə hərbi əməkdaşlığı inkişaf etdirmək səylərini başqa cür izah etmək mümkün deyil.
Bir müddət bundan öncə, daha doğrusu, aprelin 20-də İrəvanda Ermənistan, İran və Hindistan xarici işlər nazirlikləri arasında üçtərəfli formatda ilk siyasi məsləhətləşmələr baş tutmuşdu. İyulun 5-də isə Kiprdə Ermənistan–Yunanıstan–Kipr üçtərəfli müdafiə məsləhətləşmələri keçirilib. Hayastan müdafiə nazirliyi bildirib ki, tərəflər üç ölkənin müdafiə qabiliyyətinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsi üçün birgə addımlar atmağa hazır olduqlarını təsdiqləyiblər.
Müzakirələr nəticəsində Ermənistan, Yunanıstan və Kiprdə bir sıra tədbirlərin keçirilməsini özündə əks etdirən üçtərəfli hərbi əməkdaşlığa dair illik proqram imzalanıb.
***
Ermənistan hakimiyyətinin bu yanaşması onun vurnuxma içində olduğunun göstəricisidir. Haylar gah Qərbdə, gah Rusiyada, gah da Şərqdə özlərinə müttəfiq axtarırlar. Ancaq hər yerdə əlləri boşa çıxır. Baş nazir Nikol Paşinyan İkinci Qarabağ müharibəsinin başlanmasına rəvac verən təxribatçı addımlar atsa da, Vətən müharibəsinin elə ilk günlərində Azərbaycanın gücünü gördükdən sonra Rusiya Prezidentinə zəng edərək müharibəni dayandırması üçün, sözün həqiqi mənasında, ona yalvarırdı. Ancaq onun bu təşəbbüsləri uğursuz oldu.
Müharibə başa çatandan sonra Paşinyan Azərbaycanı onun ərazisinə “hərbi təcavüz” etməkdə suçladı. Bu məqsədlə hər zaman güvəndiyi KTMT-dən dəfələrlə dəstək istədi. Amma bütün cəhdləri səmərəsiz oldu.
Şimaldan bir şey çıxmadığını görən Paşinyan bundan sonra üzünü Qərbə çevirdi. Parisin timsalında özünə dəstəkçi aradı. Fransa parlamenti müharibənin başa çatmasından az sonra – 2020-ci ilin dekabr ayında separatçı rejimin tör-töküntülərini “müstəqil dövlət” kimi tanımaqla bağlı qətnamə qəbul etdi. Ancaq Fransa hökuməti parlamentin bu avantürist qərarını dəstəkləmədi. Fransa bu gün də Azərbaycanı olmayan şeylərdə ittiham etməyə çalışır. Qarabağ ermənilərinin reinteqrasiyası kimi Azərbaycanın daxili işinə qarışır.
İyunun 27-də isə Prezident Emmanuel Makron hayların çoxluq təşkil etdiyi Marsel şəhərində erməni icması ilə görüşdə növbəti dəfə Azərbaycan əleyhinə, Ermənistanı birtərəfli qaydada müdafiə edən və həqiqəti əks etdirməyən fikirlər səsləndirdi. Yeri gəlmişkən, onun görüşdüyü ermənilər Erməni İnqilabi Federasiyası – “Daşnaksütyun”un büro üzvləridir ki, N.Paşinyan onların Ermənistana girişini qadağan edib. Ancaq Azərbaycan Fransa Prezidentinin ittihamlarının birini də cavabsız buraxmır. Hamısına adekvat cavab verir. Elə iyulun 5-6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşünün keçirilməsi və burada Fransanın dənizaşırı icma və ərazilərindən olan nümayəndələrin iştirakı, çıxışlar zamanı Parisin neokolonializm siyasətinin tənqid olunması diqqəti cəlb edir. Bundan əlavə, iyulun 6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşəbbüsü ilə “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılması” mövzusunda “dəyirmi masa” keçirilib. İlk dəfə məhz Bakıda rəsmi Parisin müstəmləkəçi və irqi ayrı-seçkilik siyasəti sərt tənqidlərə tuş gəlib – Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun yaradılması barədə razılıq əldə olunub. Bu mənada Fransanın Azərbaycana qarşı açdığı cəbhə onun özünə qarşı çevrilib. Ermənistanın Azərbaycana qarşı Fransadan istifadə etmək cəhdləri uğursuzluğa düçar olub.
***
Son zamanlar İranla Azərbaycan arasında münasibətlərdə müsbət dinamikanın müşahidə olunması, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Bakıda keçirilən tədbirdə iştirakı, Azərbaycan Prezidenti tərəfindən qəbul olunması, nazirin Tehrandakı səfirliyimizə hücumun müqəssirlərinin ən sərt şəkildə cəzalandırılacağını bəyan etməsi iki ölkə arasında münasibətlərin tədricən qaydaya salınacağına inam yaradır. Beləliklə, Ermənistanın əlindəki Azərbaycana qarşı “İran kartı” da aradan qalxmış olur.
Bütün bu uğursuzluqlardan sonra Ermənistanın Yunanıstan və Kipr Respublikasına üz tutması haradasa anlaşılandır. Ancaq Azərbaycanın Yunanıstanla da enerji sahəsində əməkdaşlığı mövcuddur. Yunanıstan–Bolqarıstan Qaz İnterkonnektoru Trans Adriatik Boru Xəttinə (TAP) qoşulduqdan sonra Afina Azərbaycan qazının alıcısına çevrilib. Avropada yeni çağırışlar qarşısında Azərbaycan qazına tələbat artır. Beləliklə, Afinanın da gec-tez Ermənistandan imtina edəcəyi gözləniləndir.
Bu arada Hayastanın əməkdaşlıq üçün məhz üçtərəfli format seçməsi də diqqətdən yayınmır. Məsələ ondadır ki, üçtərəfli əməkdaşlıq formatının müəllifi də rəsmi Bakıdır. Artıq neçə illərdir ki, Azərbaycan–Türkiyə–Pakistan, Azərbaycan–Türkiyə–Türkmənistan, Azərbaycan–Türkiyə–Gürcüstan, Azərbaycan–Türkiy–İran əməkdaşlıq formatları mövcuddur və uğurla fəaliyyət göstərir. Ermənistanın da üçtərəfli formatda əməkdaşlıq əlaqələri qurmağa çalışması rəsmi Bakının yürütdüyü siyasi xətti yamsılamaq cəhdidir. Ancaq, necə deyərlər, onlar bizim ayaqqabımızı geyinsələr də, yerişimizi yeriyə bilməzlər.
Zaur MƏMMƏDOV,
politoloq
– Əgər Kipr və Yunanıstan Ermənistanla hərbi əməkdaşlığı davam etdirmək və birgə hərbi təlimlər keçirmək, öz hərbi doktrinalarında İrəvana müəyyən yer vermək istəyirlərsə, o zaman ciddi sual yaranır. Bu sual əsasən Yunanıstana ünvanlanır: Afinanın İrəvandan öyrənəcəyi nə var? Müharibədə məğlub olmuş ölkənin hərb sistemi ilə bağlı nəyi öyrənə bilər? Biz Yunanıstanla Ermənstanın hərb tarixini müqayisə etsək, görərik ki, bu müqayisə olduqca qüsurludur. Yunanıstan kimi ölkələr özlərindən güclü ölkələrlə hərbi-texniki əməkdaşlıq etməli, hərbi təlimlər keçirməlidirlər. Demək, onları bir-birinə yaxınlaşdıran əsasən siyasi səbəblərdir. Onlar çox yaxşı bilirlər ki, Kiprin, Yunanıstanın və Ermənistanın ordusu birləşsə belə, böyük bir ordu etməz. Belə olan təqdirdə, bu, əlbəttə, siyasi dialoq və platformadır. Biz onları cırtdan ölkəni belə təhdid edəcək hərbi qruplaşma adlandıra bilmərik.
Ermənistanın baş naziri bir tərəfdən 86,6 min kvadratkilometrdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirir, digər tərəfdən Hindistanla silah alqı-satqısına dair müqavilə imzalayır. Kipr, Yunanıstan və digər ölkələrlə hərbi sahədə əməkdaşlığı genişləndirir. Bu dövlətlərin hər biri bilməlidir ki, Azərbaycan və Ermənistan arasında indiyədək sülh müqaviləsi bağlanmayıb və onlar hələlik münaqişə tərəfləridir. Ona görə də münaqişə tərəflərindən birinə silah satmaq digər tərəfə qarşı gələcək münaqişədə iştirak etmək deməkdir. Yəni, həm siyasi, həm də hərbi tərəfə çevrilməkdir ki, diplomatlar bu barədə ciddi düşünsələr yaxşı olar.
Fransa ATƏT-in prinsiplərinə zidd olaraq, Ermənistanın hərbi təchizatı ilə məşğul olmaq niyyətindədir. Bu, birbaşa olaraq Avropa İttifaqının da prinsiplərinə ziddir. Hindistan isə Ermənistanla əlaqələrə sırf münaqişə vəziyyətində olduğu Pakistanın Azərbaycanla yüksək səviyyəli əməkdaşlığına qarşı getmək prinsipi ilə yanaşır. Bu da Hindistan hakimiyyətinin diplomatiya sahəsində çox səthi biliklərə malik olduğunun göstəricisidir. Yunanıstan isə birbaşa Azərbaycanın enerji resurslarından asılı olan dövlətdir. Afina və Bakını təkcə ənənəvi enerji yox, bərpa olunan enerji, optik və nəqliyyat-kommunikasiya layihələri birləşdirə bilər. Bundan sonra Yunanıstan, çətin ki, Ermənistanın yanında yer alsın. Əgər İrəvanda hakimiyyət yenidən hansısa ölkələrə ümid etmək istəyirsə, bu ümid onları şamsız qoyacaq. Nəticə etibarilə Ermənistan yeni məğlubiyyətlər seriyası yaşamalı olacaq.
S.NAZİMOĞLU, “Xalq qəzeti”