Qlobal minatəmizləmə təşəbbüsü
Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda keçirilən nazirlərin görüşündə çıxış edən Prezident İlham Əliyev Ermənistanın Azərbaycan xalqına qarşı yol verdiyi ağır hərbi cinayətlərə, eləcə də mina terroruna diqqət çəkib, bu təhlükəyə qarşı qlobal mübarizənin zəruriliyini vurğulayıb.
Azərbaycanın dövlət başçısı görüşdə Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifini irəli sürüb. Prezident İlham Əliyev qeyd edib ki, belə bir qrupun yaradılması Qoşulmama Hərəkatına üzv dövlətlərin səsinin qlobal miqyasda daha aydın eşidilməsini təmin edə bilər: “Minalar yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışını ləngidir. Bunu nəzərə alaraq, Azərbaycan humanitar minatəmizləmə üzrə xüsusi milli Dayanıqlı İnkişaf Məqsədi müəyyənləşdirib. Bundan başqa, Azərbaycan qlobal miqyasda humanitar minatəmizləmə səylərini dəstəkləyir və minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təklifini irəli sürüb.
Əminəm ki, Qoşulmama Hərəkatının üzv dövlətləri səsimizi qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifimizi dəstəkləyəcəklər”.
Prezident İlham Əliyevin bu təklifi bir çox baxımdan ciddi əhəmiyyətə malikdir. Təklifin reallaşması, ilk növbədə, əraziləri minalarla çirklənən ölkələrdəki mövcud durum, mina təhlükəsinin doğurduğu ağır fəsadlar haqqında beynəlxalq təşkilatların, dünya dövlətlərinin ətraflı məlumatlandırılmasını təmin edəcək. Bu isə minalara qarşı birgə mübarizə, onun fəsadlarının aradan qaldırılmasında həmrəyliyin təmini baxımından çox əhəmiyyətlidir.
Təkliflə bağlı ikinci mühüm məsələ Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması bu cinayəti həyata keçirən dövlətlərə qarşı təsirli cəza mexanizminin formalaşmasını və tətbiqini şərtləndirməsidir. Bu isə hərbçilərlə yanaşı, həm də mülki insanların həyatı üçün təhdid yaradan minalardan geniş istifadənin qarşısının alınmasında mühüm rol oynaya bilər. Görünən odur ki, Azərbaycanın irəli sürdüyü təklifin gerçəkləşməsi Yer üzündə minlərlə insanın həyatını xilas edə bilər.
Mina əleyhinə mübarizədə Azərbaycan təcrübəsi
Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması mina çirkliliyinə məruz qalan dövlətlər arasında fəal əməkdaşlıq baxımından da faydalıdır. Məlumat üçün qeyd edək ki, Azərbaycan dünya miqyasında ərazisi mina çirklənməsinə məruz qalan on dövlətdən biri kimi böyük təcrübəyə malikdir. Ölkəmiz həm Birinci Qarabağ müharibəsi, həm də 44 günlük Vətən müharibəsində böyük ölçüdə mina çirkliliyinə məruz qalıb. Prezident İlham Əliyev “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusundakı görüşdəki çıxışında bu barədə deyib: “Ermənistanın işğalının digər mənfi fəsadı minalardır. Azərbaycan hazırda dünyada minalarla ən çox çirkləndirilmiş on ölkə sırasındadır. 2020-ci ilin noyabrında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlayışı nəticəsində təxminən 300 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. İşğaldan azad edilmiş ərazilərdə baş verən hər bir mina partlayışı Ermənistanın törətdiyi hərbi cinayətlərin uzun siyahısının davamıdır”.
Bu gün Azərbaycanda həm ANAMA, həm FHN, həm də Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti minaların zərərsizləşdirilməsi ilə bağlı təcrübəyə malikdir. Bu təcrübənin digər ölkələrlə bölüşülməsi bəşəriyyətin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir.
Onu da qeyd edək ki, hazırda mina çirkliliyindən ən çox əziyyət çəkən dövlətlərdən biri də Ukraynadır. Azərbaycan dövləti bir neçə dəfə Ukrayna xalqına humanitar yardımlar göndərməklə özünün dost və insani mövqeyini ortaya qoyub. Bu gün Azərbaycanın mina çirkliliyinə qarşı mübarizədə əldə etdiyi təcrübə Ukrayna üçün xüsusilə faydalı və gərəklidir.
Bugünə qədər Prezident İlham Əliyev tərəfindən irəli sürülən bütün təkliflərin beynəlxalq ictimaiyyət və dünya dövlətləri tərəfindən dəstəkləndiyini nəzərə alsaq, bu təklifin də tezliklə reallaşacağı şübhəsizdir. Bu isə o deməkdir ki, yaxın gələcəkdə Azərbaycanın bu sahədə təcrübəsinin ölkəmizdən uzaqlarda da insanların həyatını xilas etməkdə köməyi dəyəcək.
S.ƏLİYEV