“Yüksəliş” müsabiqəsinin qalibləri DİM-də olublar

post-img

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib. Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, həmçinin gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev iştirak ediblər.

Müsabiqənin işçi qrupundan XQ-yə bildirilib ki, görüşdə qaliblərin peşəkar inkişafı, idarəetmə bacarıqlarının gücləndirilməsi və onların dövlət və özəl sektorda daha effektiv fəaliyyət imkanlarının genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində iştirakçıların indiyədək qazandıqları təcrübə, müsabiqənin yaratdığı imkanlar və gələcək inkişaf perspektivləri müzakirə edilib.

Məleykə Abbaszadənin sözlərinə görə, müsabiqə çərçivəsində tətbiq olunan mərhələlər və qiymətləndirmə mexanizmləri iştirakçıların analitik düşünmə, qərarvermə və idarəetmə bacarıqlarını obyektiv şəkildə üzə çıxarmağa imkan verir. Eyni zamanda, bu cür görüşlər qaliblərin potensialının düzgün istiqamətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Görüş zamanı qaliblərin karyera yolunda “Yüksəliş” müsabiqəsinin yaratdığı yeni imkanlar, onların müxtəlif sahələrdə bilik və təcrübələrini daha geniş tətbiq etməsi, həmçinin peşəkar mühitdə daha fəal iştirak etmələri ilə bağlı müzakirələr aparılıb. Qaliblərin gələcək fəaliyyətində strateji düşüncə, məsuliyyətli qərarvermə və çevik idarəetmə yanaşmalarının əhəmiyyəti qeyd olunub.

Daha sonra müsabiqənin qiymətləndirmə yanaşmaları və tətbiq olunan metodologiyalar müzakirə olunub. Qeyd edilib ki, çoxmərhələli və kompetensiya əsaslı qiymətləndirmə sistemi iştirakçıların nəzəri bilikləri ilə yanaşı, analitik düşüncə, problem həlletmə və real situasiyalarda qərarvermə bacarıqlarını ölçməyə imkan verir. Bu yanaşma nəticəsində seçilən qaliblərin obyektiv və şəffaf meyarlar əsasında müəyyən edildiyi vurğulanıb.

Sonda qaliblər öz təcrübələrini bölüşüb, qarşılaşdıqları çətinliklər və əldə etdikləri nailiyyətlər barədə məlumat veriblər. Eyni zamanda, iştirakçılar tərəfindən səsləndirilən təklif və fikirlər dinlənilib, onların gələcək fəaliyyət istiqamətləri ilə bağlı tövsiyələr verilib.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2025-ci il dekabrın 10-da müvafiq Sərəncam imzalanıb.





Sosial həyat